EN

Uşaqlar Allahın insana olan ümididir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü. Təqvimdə sadə bir tarix kimi görünsə də, əslində bu gün bəşəriyyətin ən saf, ən məsum və ən dəyərli varlıqları haqqında düşünmək üçün başı sosial qayğılara qarışan biz - böyüklərə bir fürsətdir. Bu gün bir daha xatırladır ki, gələcəyin taleyi uşaqlardan asılıdır.

Uşaq dünyaya göz açanda onun ürəyində kin olmur, nifrət olmur, hiylə olmur. O, həyata sevgi ilə baxır, insanlara inanır, sabahın daha gözəl olacağına ümid edir. Məhz buna görə də deyə bilərik ki, hər uşaq Allahın insana olan ümididir. Uşaqlar bizə bəxş edilən ən böyük möcüzələrdən biridir. Onların bir təbəssümü yorğun bir günü işıqlandırmağa, bir səmimi sözü qəlbləri yumşaltmağa qadirdir.

Biz tez-tez deyirik ki, uşaqlar gələcəyimizdir. Amma bəzən bu ifadəni o qədər təkrar edirik ki, onun dərin mənası üzərində düşünməyi unuduruq. Əgər uşaqlar gələcəyimizdirsə, deməli, onların bugünkü sevinci sabahımızın xoşbəxtliyi, bugünkü göz yaşları isə gələcəyimizin ağrısıdır. Xoşbəxt uşaqlar - xoşbəxt gələcək deməkdir.

Bəs biz uşaqları kimdən və nədən müdafiə etməliyik?

Əvvəlcə onları sevgisizlikdən qorumalıyıq. Çünki bir uşağın ən böyük ehtiyacı oyuncaqlar deyil, diqqətdir; bahalı hədiyyələr deyil, qayğıdır; dolu otaqlar deyil, sevgi dolu qəlblərdir.

Məhz bu gün böyük şair Nazim Hikmətin o kəlmələri xüsusi məna qazanır: "Dünyanı bir günlük də olsa, uşaqlara verək".

Bu sadə, lakin dərin mənalı arzu əslində bütün bəşəriyyətə bir çağırışdır: bir günlük də olsa, müharibələri, münaqişələri, nifrəti, hesabları kənara qoyub, yalnız uşaqların xoşbəxtliyini düşünək. Çünki bir günlük sülh, bir günlük sevgi, bir günlük təmiz hava onların gələcəyinə ən böyük töhfədir.

Uşaqları zorakılıqdan, müharibələrdən, nifrət nitqlərindən, laqeydlikdən müdafiə etməliyik. Dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir uşaq qorxu içində böyüməməlidir. Heç bir uşaq aclığın, mərmilərin, münaqişələrin və böyüklərin səhvlərinin qurbanına çevrilməməlidir. Nazim Hikmətin arzusu o qədər də uzaq deyil – əgər biz bu günü uşaqlara versək, bəlkə də sabah dünya tamamilə dəyişər.

Bu günün başqa bir təhlükəsi də görünməyən təhlükələrdir. Uşaqları zərərli informasiyalardan, virtual dünyanın tələlərindən, mənəvi aşınmadan və onları öz köklərindən uzaqlaşdıran təsirlərdən qorumaq lazımdır. Çünki uşağın ruhunu qorumaq, onun bədənini qorumaq qədər vacibdir.

Ancaq müdafiə yalnız qadağalar və məhdudiyyətlər demək deyil. Müdafiə etmək həm də dinləməkdir. Bir uşağın fikrini ciddiyə almaq, onun arzularına hörmət etmək, ona inandığını hiss etdirməkdir.

Bu gün küçədə oynayan, məktəbə gedən, xəyal quran hər bir uşağın gözlərinə diqqətlə baxaq. Orada gələcəyin müəllimini, həkimini, alimini, yazıçısını, jurnalistini, qəhrəmanını görəcəyik. Bəlkə də gələcəyin taleyi məhz o gözlərdə gizlənib. Hər bir uşağın gülüşündə sabahın işığı, hər bir xəyalında yeni bir dünyanın təməli var.

1 İyun bizə bir daha xatırladır ki, uşaqları qorumaq yalnız valideynlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Çünki uşaqlar bizim sabahımızdır. Onların üzündəki təbəssümü qoruya bilsək, gələcəyimizin də üzünü güldürmüş olarıq.

Unutmayaq: uşaqlarımıza sahib çıxdıqda, gələcəyimizə sahib çıxmış oluruq. Qoy onların hər birinin uşaqlığı təhlükəsiz, arzuları sərhədsiz, sabahı isə işıqlı olsun. Çünki dünyanın ən böyük sərvəti nə neftdir, nə də qızıl. Dünyanın ən böyük sərvəti uşaqların gülüşüdür. Və o gülüşdə Allahın insana olan ümidi gizlənir – saf, sonsuz və heç vaxt tükənməyən bir ümid.

Pərvanə Eyvazqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
bizimyol.info

1Sources