EN

Koçaryan Ermənistanın xarici siyasətini “geosiyasi şpaqat” adlandırıb

Keçmiş prezident İrəvanı böyük güclər arasında ziddiyyətlərə qoşulmamağa çağırıb, Aİ ilə yaxınlaşma fonunda Rusiyadan iqtisadi asılılığın artdığını bildirib...

Poliqon xəbər verir ki, Robert Koçaryan Ermənistanın xarici siyasətini “geosiyasi şpaqat” kimi xarakterizə edib və ölkə rəhbərliyini böyük dövlətlər arasındakı ziddiyyətlərə qoşulmamağa çağırıb. Keçmiş prezidentin fikrincə, Ermənistan qarşıdurmaları dərinləşdirmək əvəzinə, onları yumşaltmağa çalışmalı və iqtisadi maraqlarını nəzərə almalıdır.

Koçaryan RBK telekanalına müsahibəsində bildirib ki, Ermənistan nə kifayət qədər güclü, nə də geosiyasi baxımdan o qədər mühüm ölkədir ki, təhlükəsizlik məsələlərində böyük dövlətləri narahat edə biləcək addımlar atsın.

“Biz o qədər güclü deyilik, o qədər geosiyasi əhəmiyyət daşımırıq. Heç vaxt tərəfdaşlarımız və böyük dövlətlər tərəfindən onların təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək addımlar atmamalıyıq”, — deyə Koçaryan bildirib.

Keçmiş prezident qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına baxmayaraq, ölkənin Rusiya bazarından iqtisadi asılılığı son illərdə əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, rəsmi ritorika Avropaya inteqrasiya istiqamətində olsa da, iqtisadiyyat və biznes əlaqələri daha çox Rusiya ilə bağlı qalır.

“Bütün ritorika Avropa istiqamətindədir, iqtisadiyyat və biznes isə Rusiya istiqamətində. Bu, siyasi, geosiyasi şpaqatdır. Hazırlıqsız insan üçün şpaqat etmək bağların qırılması ilə nəticələnə bilər”, — deyə Koçaryan vurğulayıb.

Ötən həftə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan hakimiyyətinin Aİ ilə yaxınlaşması və bunun Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə münasibətlərə təsiri fonunda məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Moskvanın bu addımı Aİİ-nin Astana sammitində Ermənistanla münasibətlər məsələsinin əsas müzakirə mövzularından birinə çevrilməsindən sonra atılıb. Məlumata görə, Qazaxıstan, Belarus və Qırğızıstan liderləri Moskvanın mövqeyini dəstəkləyərək Ermənistan hakimiyyətini qısa müddətdə Aİ və Aİİ arasında seçimlə bağlı ümumxalq referendumu keçirməyə çağırıblar.

Bu fonda iyunun 7-nə planlaşdırılan ümumi seçkilərin faktiki olaraq Ermənistanın Rusiya və Qərblə münasibətlərinin gələcəyi barədə siyasi səsverməyə çevriləcəyi bildirilir.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources