EN

DOĞULMAYAN NƏSLİN HESABI... Azərbaycanı hansı demoqrafik gələcək gözləyir?

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycanda son illərin ən narahatedici sosial statistikalarından biri açıqlanıb. Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkədə 95 min 800 uşaq doğulub. Həmin il ərzində isə 95 min 117 abort qeydə alınıb. Başqa sözlə, hər 100 doğulan uşağa təxminən 99 abort düşüb.

Bu rəqəm ilk baxışdan sadəcə statistika təsiri bağışlasa da, əslində ölkənin demoqrafik gələcəyi, ailə institutunun vəziyyəti, sosial müdafiə siyasəti və iqtisadi reallıqları barədə ciddi suallar doğurur.

Dünya təcrübəsinə baxdıqda vəziyyətin nə qədər kritik olduğu daha aydın görünür. Beynəlxalq statistikalar göstərir ki, orta hesabla dünyada hər 100 doğulan uşağa 35-40 abort düşür. İnkişaf etmiş Avropa ölkələrində, Şimali Amerikada və Yaponiyada bu göstərici daha aşağı - təxminən 20-30 abort səviyyəsindədir. Bir sıra Latın Amerikası və Afrika ölkələrində isə 50-70 abort nisbəti müşahidə olunur.

Azərbaycanın faktiki olaraq 100/100 səviyyəsinə yaxınlaşması isə artıq adi sosial göstərici deyil, demoqrafik təhlükə siqnalı kimi qiymətləndirilə bilər. Rəqəmlər göstərir ki, problem birdən yaranmayıb.

2021-ci ildə ölkədə 46 min 877 abort qeydə alınmışdı. 2022-ci ildə bu rəqəm 57 min 999-a, 2023-cü ildə 73 min 816-ya, 2024-cü ildə isə 78 min 245-ə yüksəlib. 2025-ci ildə isə abortların sayı 95 min 117-yə çataraq rekord həddə yüksəlib.

Diqqət çəkən başqa məqam isə abort etdirən qadınların böyük hissəsinin ailə qurmuş və reproduktiv yaşın əsas mərhələsində olan qadınlar olmasıdır. Statistikaya görə, abortların əsas hissəsi 25-34 yaş aralığında qeydə alınıb. Bu isə problemin yalnız yeniyetmə hamiləlikləri və ya təsadüfi hallar ilə bağlı olmadığını göstərir. Əksinə, söhbət ailələrin planlı şəkildə uşaq dünyaya gətirməkdən imtina etməsindən gedir.

Ailələr niyə uşaq dünyaya gətirməkdən çəkinirlər?

Ekspertlərin fikrincə, əsas səbəblərdən biri iqtisadi amillərdir.

Son illərdə mənzil qiymətlərinin və kirayə haqlarının kəskin artması, ərzaq və xidmət bazarında bahalaşma, uşaqların təhsil və sağlamlıq xərclərinin yüksəlməsi ailələrin üzərinə ciddi maliyyə yükü qoyur.

Bu gün Azərbaycanda gənc ailələrin əhəmiyyətli hissəsi ipoteka, kirayə və gündəlik yaşayış problemləri ilə mübarizə aparır. Belə şəraitdə ikinci və ya üçüncü uşağın dünyaya gətirilməsi bir çox ailə üçün sosial risk kimi görünür.

Digər tərəfdən, ailə planlaşdırılması və kontrasepsiya sahəsində də problemlər qalır. Rəsmi məlumatlara görə, 2025-ci ildə kontraseptiv vasitələrdən istifadə edən qadınların sayı cəmi 31 min 586 nəfər olub. Abortların sayı ilə müqayisədə bu göstərici olduqca aşağı görünür.

Qız uşaqları ilə bağlı problem hələ də qalır

Azərbaycanda uzun illərdir müzakirə olunan selektiv abort problemi də tam aradan qalxmayıb. 2024-cü ildə ölkədə hər 100 qıza qarşı 113 oğlan uşağı doğulub. Halbuki təbii bioloji balans 104-106 oğlan səviyyəsində hesab olunur. 

Bu fərq hələ də müəyyən ailələrdə oğlan övladına üstünlük verilməsi tendensiyasının davam etdiyini göstərir. Bu tendensiya gələcəkdə ailə institutuna, nikah bazarına və sosial münasibətlərə təsir göstərə biləcək ciddi demoqrafik problem hesab olunur.

Dövlət uşaqları necə dəstəkləyir?

Azərbaycanda doğulan hər bir uşaq üçün birdəfəlik doğum müavinəti ödənilir. Hazırda bu müavinətin məbləği 600 manatdır. Məqsəd yeni doğulmuş körpənin ilkin ehtiyaclarının qarşılanmasına müəyyən dəstək göstərməkdir.

Uşaqların sağlamlığının qorunması istiqamətində də təminatlar mövcuddur. Azərbaycanda 18 yaşınadək bütün uşaqlar icbari tibbi sığorta sisteminin əhatə dairəsinə daxildir. Bu çərçivədə azyaşlılar dövlət hesabına müxtəlif tibbi xidmətlərdən, müayinələrdən, müalicə və diaqnostika prosedurlarından yararlana bilirlər.

Dövlət aztəminatlı ailələrdə böyüyən uşaqlar üçün də əlavə dəstək mexanizmi tətbiq edir. Ünvanlı sosial yardım alan ailələrdə bir yaşınadək uşaqlara görə hər ay əlavə 140 manat məbləğində sosial müavinət ödənilir. Bu vəsait körpənin qidalanması və digər vacib ehtiyaclarının təmin edilməsinə yönəlib.

Əlilliyi müəyyən edilmiş uşaqlar da sosial müdafiə tədbirləri ilə əhatə olunurlar. Onlara əlillik dərəcəsindən və sağlamlıq vəziyyətindən asılı olaraq aylıq sosial müavinət verilir. Bununla yanaşı, reabilitasiya xidmətləri, xüsusi təhsil imkanları və digər sosial proqramlar da həyata keçirilir.

Çoxuşaqlı ailələrin dəstəklənməsi məqsədilə də müəyyən mexanizmlər mövcuddur. Mövcud qanunvericiliyə əsasən, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq sosial müavinət ödənilir. Son dövrlərdə isə cəmiyyətdə, eləcə də Milli Məclisdə çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu statusun üç və daha çox uşağı olan ailələrə də şamil olunması ilə bağlı təkliflər irəli sürülür.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar, qəyyumluğa və ya himayədar ailələrə verilən azyaşlılar da dövlət tərəfindən maliyyə və sosial dəstək proqramları ilə əhatə olunur. Son illərdə internat və uşaq evlərindən ailə əsaslı qayğı modelinə keçid siyasəti də məhz bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Lakin bütün bu tədbirlərə baxmayaraq, açıqlanan son statistika göstərir ki, mövcud dəstək mexanizmləri doğum səviyyəsinin yüksəlməsinə və ya abortların azalmasına hələlik ciddi təsir göstərə bilmir. Ekspertlərin fikrincə, səbəb ondadır ki, ailələrin qarşılaşdığı əsas problemlər - mənzil təminatı, uşaq bağçalarına çıxış, təhsil və səhiyyə xərcləri, eləcə də gələcək iqtisadi sabitliklə bağlı narahatlıqlar, təkcə mövcud müavinətlərlə həll olunmur.

Məhz buna görə də son illər cəmiyyətdə universal uşaq pulunun bərpası, çoxuşaqlı ailələr üçün vergi və kommunal güzəştlərin tətbiqi, gənc ailələrə mənzil dəstəyinin genişləndirilməsi kimi təkliflər daha tez-tez səsləndirilir.

E.Rüstəmli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
azpolitika.info

1Sources