EN

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

Müasir dövrdə ölkələrin kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyəsinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. e-Governance Academy (eGA) beynəlxalq səviyyədə kibertəhlükəsizliyi qiymətləndirən nüfuzlu qurumlardan biridir. Bu qurum 2002-ci ildə Estoniya Hökumətinin Açıq Cəmiyyət İnstitutu (Open Society Institute, OSI) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (The United Nations Development Programme, UNDP) birgə təşəbbüsü əsasında təsis edilib.

eGA tərəfindən hazırlanmış National Cyber Security Index (NCSI) əsasında hər il ölkələrin kibertəhlükəsizlik səviyyəsinin monitorinqi aparılır, hesabatlar hazırlanır. Qiymətləndirmə kibertəhlükəsizlik siyasəti, kibercinayətkarlıqla mübarizə, risklərin idarə olunması, kiberinsidentlərə cavabvermə, təhsil, tədqiqat, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq da daxil olmaqla 3 indikator, 12 əsas meyar üzrə həyata keçirilir. Bu il də NCSI əsasında ölkələrin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi müxtəlif indikatorlar üzrə qiymətləndirilib və beynəlxalq reytinq elan edilib.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda sözügedən reytinq və Azərbaycanın bu qlobal reytinqdə mövqeyinə dair geniş müzakirələr aparılıb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev bildirib ki, indeksin əsaslandığı 3 indikator, 12 meyar, eləcə də həmin meyarları təşkil edən alt göstəricilərin hər biri ayrı-ayrılıqda təhlil edilib. Onun sözlərinə görə, Azərbaycan bu indeks üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, son reytinq nəticələrinə əsasən, Azərbaycan 2023-cü il ilə müqayisədə 55 pillə irəliləyərək145 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Reytinq cədvəlində 30-cu yerdə ABŞ, 32-ci yerdə isə Birləşmiş Ərəb Əmirlikləri yer alır. Eyni zamanda, Koreya Respublikası 33-cü, Yaponiya 35-ci, Niderland 36-cı yerdə təmsil olunur.

Bundan əlavə, aparılan qiymətləndirmələr göstərib ki, Azərbaycan elm və təhsil, eləcə də müvafiq sahədə kadr hazırlığı ilə bağlı alt göstəricilər üzrə müəyyən edilmiş bütün tələblərə tam cavab verərək maksimal nəticə əldə edib və 100 bala layiq görülüb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, əldə olunan nəticələr Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyini, milli maraqlara xidmət edən prioritet istiqamətlərdə elmi tədqiqatların aparıldığını və əldə olunan mühüm nəticələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir: “Eyni zamanda, bu göstəricilər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasını, yüksəkixtisaslı kadrların hazırlanmasını, kibersuverenliyə dair tədqiqatların genişləndirilməsini, milli kibertəhlükəsizlik indeksinin yaradılmasını və cəmiyyətin bütün sektorlarını əhatə edən kibertəhlükəsizlik səviyyəsinin sistemli şəkildə qiymətləndirilməsini zəruri edir”.

Akademik Rasim Əliquliyev, həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya” ölkəmizdə kibertəhlükəsizlik sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə və nailiyyətlərin qazanılmasına böyük təkan verib: “Daha yüksək nəticələrin əldə olunması üçün qarşımızda duran yeni vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, bu istiqamətdə davamlı inkişafın təmin edilməsi məqsədilə elmi dəstəyi gücləndirilməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
5
azertag.az

6Sources