EN

Pulsuzluq BMT-ni dağıdır...



"The Wall Street Journal" qəzeti yazır ki, təşkilatın büdcə gəlirlərinin 42 faizini təmin edən ABŞ və Çin ödənişləri gecikdirdiyindən BMT ciddi maliyyə böhranı ilə üzləşir. Nəşrin məlumatına görə, Vaşinqtonun borcu 4 milyard dolları keçib. Çin quruma Çinin xarici işlər naziri Vanq Yinin may ayının sonlarında BMT-nin mənzil-qərargahına səfəri zamanı təxminən 850 milyon dollar ödəsə də, hələ də 455 milyon dollar borcu var.

ABŞ əlavə maliyyə dəstəyini BMT xərclərinin azaldılması ilə əlaqələndirir. Digər əsas donorlar da maliyyələşdirməni azaltdılar. Məsələn, Böyük Britaniya və Almaniya aclıq və xəstəliklərlə mübarizə aparmaq üçün humanitar proqramlara daha az vəsait ayırır. BMT-nin baş katibi Antonio Quterreş 2025-ci ilin oktyabr ayında təşkilatın "iflasa doğru yarış" içində olduğu barədə xəbərdarlıq etmişdi. "The Wall Street Journal"ın məlumatına görə, BMT-nin vəsaiti avqustun ortalarına qədər tükənə bilər. Quterreş isə ölkələrin üzvlük haqlarını tam və vaxtında ödəmələrinin “əsas məsuliyyət” olduğunu söyləyərək, onları “şərtlər və ya gecikmələr olmadan” bu qaydaya əməl etməyə çağırıb. O əlavə edib: “UN80 paktı Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini yaxşılaşdıra bilər, lakin bu, əsas müqavilə öhdəliyinin yerinə yetirilməməsini əvəzləyə və ya kompensasiya edə bilməz”. Bu şərhlər, əsasən, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun töhfələrini ciddi şəkildə məhdudlaşdırmaq qərarı səbəbindən BMT-nin maliyyə böhranı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Mayın 7-də dərc edilən BMT hesabatında deyilir ki, üzv dövlətlər bütün üzvlük haqlarını ödəməsələr, beynəlxalq qurum avqustun ortalarına qədər ağır maliyyə böhranı ilə üzləşəcək. Ümumilikdə, BMT-nin ödənilməmiş müntəzəm büdcə kəsiri 2,798 milyard dollardır. Quterreş bildirib: “Bu an düşünülmüş və qətiyyətli islahatlar tələb edir, çünki geosiyasi qarışıqlıq qarşısında hərəkətsizlik insanların əzablarını daha da artıracaq. Üzv dövlətlər daha güclü və təsirli BMT sistemi formalaşdırmaq istəklərini ifadə edir. Buna görə də UN80 çərçivəsində təklif olunan islahatlar qlobal problemlərin həllində daha çevik, ardıcıl, səmərəli və təsirli olan bir sistem üçün aparılır”.

Tahir TAĞIYEV

Chosen
29
3
baki-xeber.com

10Sources