EN

Çin, Azərbaycan və Avropanı birləşdirən yol — Turizm üçün yeni imkanlar

Regionun nəqliyyat xəritəsini kökündən dəyişdirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi iyunun 2-də Gürcüstanda keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri iştirak edəcək. Qeyd edək ki, ümumi uzunluğu 827 kilometr olan və 213 kilometri Gürcüstan ərazisindən keçən magistral xətt 2017-ci ildən sınaq rejimində işləyirdi. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC tərəfindən bir il ərzində aparılan irimiqyaslı modernləşdirmə və yenidənqurma işləri uğurla yekunlaşıb. Nəticədə strateji xəttin illik yükdaşıma imkanı 5 dəfə artaraq 1 milyon tondan 5 milyon tona çatdırılıb və layihə tam gücü ilə fəaliyyətə hazırdır.

Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi turizm yönümlü layihədən daha çox iqtisadi xarakter daşıyır:

“Ölkələrin iqtisadiyyatına mühüm töhfə verəcəyi gözlənilir. Bu dəmir yolu vasitəsilə həm şərqdən qərbə, həm də qərbdən şərqə yeni və daha səmərəli nəqliyyat marşrutu formalaşır və beynəlxalq yük daşımalarının intensivləşməsi üçün geniş imkanlar yaranır. Xüsusilə bu xəttin əhəmiyyəti ondan ibarətdir ki, Çindən Avropaya daşınan yüklərin İran marşrutundan yan keçərək daha qısa müddətdə və daha birbaşa şəkildə çatdırılmasına şərait yaradır. Bu baxımdan əsas faydalanan tərəflərdən biri də Çin hesab olunur. Çünki Çin üçün Avropa bazarına daha sürətli və alternativ yollarla çıxış strateji əhəmiyyət daşıyır. Buna görə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti beynəlxalq logistika baxımından daha uyğun və rəqabətqabiliyyətli marşrut kimi qiymətləndirilə bilər”.

O deyib ki, layihənin əsas iqtisadi effekti daha çox yükdaşımalar sahəsində özünü göstərsə də, sərnişindaşıma imkanları da nəzərdə tutulduğu üçün turizm amilini də tamamilə istisna etmək olmaz:

“Qiymətlərin əlverişli olması və xidmət keyfiyyətinin yüksəkliyi bu xətt üzrə sərnişin axınının artmasına şərait yarada bilər. Bu marşrut həm Azərbaycan-Gürcüstan, həm də Azərbaycan-Türkiyə istiqamətində turizm və insan hərəkətliliyini asanlaşdıracaq. Artıq Bakı-Tbilisi istiqamətində qatar əlaqələrinin aktivləşməsi bu prosesin ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Gələcəkdə isə Türkiyə və Azərbaycan arasında daha intensiv sərnişin axınının yaranması, eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana, Azərbaycan vətəndaşlarının isə Türkiyəyə daha rahat şəkildə səfər etməsi mümkün olacaq”.

Qısası, modernləşdirilən Bakı-Tiflis-Qars dəmir yolu rəsmi açılışdan sonra Çindən Avropaya yüklərin daha sürətli daşınmasını təmin edəcək və gələcəkdə Türkiyə ilə Azərbaycan arasında sərnişin gediş-gəlişini asanlaşdıracaq.

Leyla Turan
Demokrat.az
Chosen
29
2
demokrat.az

3Sources