EN

Şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol gündəmə gəlib

Sərnişin qatarla Gürcüstana gedir, avtomobili isə ondan əvvəl və ya sonra  həmin ölkəyə çatdırılır. Quru sərhədlərin bağlı qalması fonunda şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol kimi məhz bu variant gündəmə gəlib.

Logistika üzrə ekspert Hafiz Əmiraslanov deyir ki, son günlər bu istiqamətdə müraciətlər artıb.

Onun sözlərinə görə, avtomobilin Gürcüstana göndərilməsi üçün əsasən CMR, yəni beynəlxalq yükdaşıma sənədi, invoys və ölkədən çıxışa icazə tələb olunur.

Bu isə o deməkdir ki, vətəndaş qatarla Tbilisiyə və ya Gürcüstanın digər istiqamətlərinə gedə, avtomobilini isə ayrıca daşıma vasitəsilə həmin ölkəyə göndərə bilər. Ekspert bildirir ki, prosesin əsas üstünlüyü ailəvi və uzunmüddətli səfərlərdə özünü göstərir. Çünki Gürcüstanda bir neçə şəhərə getmək, bölgələrə səfər etmək və istirahət müddətində taksi və ya kirayə avtomobil xərclərindən yayınmaq istəyənlər üçün bu daha rahat ola bilər. Amma avtomobilin geri qaytarılması zamanı qiymətlər bir qədər fərqlənir. Buna səbəb Gürcüstan üzərindən Azərbaycana gətirilən xarici avtomobillərin çoxluğu və daşıma istiqamətində tələbatın yüksək olmasıdır.

Yəni Gürcüstana aparılan şəxsi avtomobil səfər bitdikdən sonra yenidən Azərbaycana qaytarılmalı və Bakı gömrük terminalında rəsmiləşdirilməlidir. Mütəxəssislər bildirirlər ki, bu üsuldan istifadə etmək istəyənlər əvvəlcədən həm sənədləşmə qaydasını, həm də ümumi xərci dəqiqləşdirməlidirlər. Xüsusilə avtomobil başqa şəxsin adınadırsa, kreditdədirsə və ya etibarnamə ilə idarə olunursa, sənəd tələbləri əvvəlcədən yoxlanmalıdır.

Chosen
27
banker.az

1Sources