Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müxtəlif layihələri nəzərdən keçirərək, həm şirkətin özünün, həm də Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin həmin layihələrə hansı əlavə dəyəri qata biləcəyini təhlil edir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunan "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
Onun sözlərinə görə, SOCAR Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak imkanlarını qiymətləndirməyə davam edir və bu istiqamətdə tərəfdaş şirkətlərlə müzakirələr aparır: "Yatağın inkişaf mərhələsindən, ölçüsündən və ayrı-ayrı şirkətlər üçün əhəmiyyətindən asılı olaraq fərqli əməkdaşlıq modelləri tətbiq oluna bilər. Şirkət BP və Azərbaycanda fəaliyyət göstərən digər enerji şirkətləri ilə daimi əlaqə saxlayır. Məqsəd əməkdaşlıq, koordinasiya və sinerji hesabına mövcud yataqlardan daha çox fayda əldə etməkdir".
O bildirib ki, müxtəlif şirkətlərin fərqli üstünlükləri var və bəzi hallarda daha kiçik şirkətlər iri enerji şirkətləri ilə müqayisədə daha çevik qərarlar qəbul edə bilirlər: "Biz hər bir layihə üzrə əlavə dəyər yaratmaq imkanlarını qiymətləndirir və qərarlarımızı məhz bu əsasda qəbul edirik. Hazırda yeni potensial layihələr və əməkdaşlıq imkanları ilə bağlı müzakirələr də davam etdirilir".