EN

Qlobal və uğurlu enerji siyasəti ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib.

Paytaxtımızda təşkil olunan Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Açılış mərasimində vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platformanın bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev bəyan etdi ki, “Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.”

Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı onlarla ölkəyə nəql edilir. Qeyd edilməlidir ki, bu ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Cənab İlham Əliyevin dediyi kimi “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır.”

Həyata keçirilən bu tədbirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.

Xüsusi vurğulanmalıdır ki, Bakı Enerji Həftəsi enerji sahəsində dialoqun genişləndirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır. ABŞ Prezidenti Donald Trampın,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin nüfuzunu və beynəlxalq əhəmiyyətini nümayiş etdirir.

Dövlət başçısının enerji sahəsində həyata keçirdiyi düşünülmüş siyasəti və uzaqgörən strategiyası Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu artırmaqla yanaşı,onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib və bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
sesqazeti.az

2Sources