EN

ABŞ–Azərbaycan münasibətləri: yeni geosiyasi mərhələnin başlanğıcı?




Beynəlxalq münasibətlər tarixində dövlətlərin dostu və ya düşməni olmur; onların yalnız daimi maraqları olur. Məhz buna görə də ABŞ-Azərbaycan münasibətlərinə geosiyasi realizm prizmasından baxmaq lazımdır.
Azərbaycan XXI əsrdə özünü yalnız enerji ixrac edən ölkə kimi deyil, Avrasiya məkanında strateji keçid nöqtəsi kimi təsdiqləyə bilib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika xətlərinin kəsişməsində yerləşən Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyət daşıyan aktora çevrilir.
ABŞ üçün Azərbaycan bir neçə səbəbə görə vacibdir:
• Xəzər hövzəsinin enerji təhlükəsizliyi;
• Orta Dəhlizin inkişafı;
• Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi;
• Rusiya, İran və Çin təsirlərinin balanslaşdırılması;
• Cənubi Qafqazda sabitliyin qorunması.
Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərinin inkişafı Azərbaycanın beynəlxalq nüfuzunu artırır və ölkənin regional qərarvermə proseslərində çəkisini yüksəldir.
Azərbaycanın qazancı isə daha genişdir: investisiyalar, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, süni intellekt, müdafiə sənayesi, logistika və yaşıl enerji sahələrində əməkdaşlıq ölkənin yeni inkişaf mərhələsinə keçidini sürətləndirə bilər.
ABŞ–Azərbaycan münasibətləri Türkiyə, Rusiya və Türk Dünyasına qarşı deyil
Bəzən belə fikir səsləndirilir ki, ABŞ-la yaxınlaşma Türkiyə və ya Rusiya ilə münasibətləri zəiflədə bilər. Bu yanaşma müasir geosiyasətin reallıqlarını tam əks etdirmir. Bu münasibətlər Azərbaycanın Türk dünyasındakı mövqeyini zəiflətmir. Əksinə, güclü Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm də qlobal siyasətdə daha təsirli rol oynaya bilir. Güclü dövlətlərin çoxvektorlu siyasəti onların müttəfiqlərini zəiflətmir, əksinə daha dəyərli tərəfdaşa çevirir.
Türkiyə və Azərbaycan arasındakı münasibətlər etnik, tarixi, mədəni və strateji xarakter daşıyır. Bu münasibətlər hər hansı üçüncü dövlətin siyasətindən asılı deyil. ABŞ-Azərbaycan münasibətlərinin inkişafı Türkiyə-Azərbaycan əməkdaşlığını zəiflətməkdən daha çox, onu yeni iqtisadi və təhlükəsizlik imkanları ilə gücləndirə bilər.
Rusiya amilinə gəldikdə isə vəziyyət daha mürəkkəbdir. Moskva təbii olaraq postsovet məkanında təsir imkanlarını qorumağa çalışır. Buna görə də ABŞ-Azərbaycan yaxınlaşması Rusiyada müəyyən narahatlıqlar yarada bilər. Lakin Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü balans siyasətidir. Məhz bu siyasət sayəsində Azərbaycan eyni vaxtda Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə qonşu və tərəfdaş, ABŞ və Avropa ilə əməkdaş ölkə ola bilir.
Əslində Azərbaycanın gücü hansısa blokun tərkib hissəsi olmasında deyil, müxtəlif güc mərkəzləri arasında körpü rolunu oynaya bilməsindədir. Bu gün Türk Dövlətləri Təşkilatı da məhz belə dövlətlərə ehtiyac duyur. Azərbaycan həm Ankara, həm Vaşinqton, həm də Mərkəzi Asiya paytaxtları ilə danışa bilən nadir ölkələrdəndir. Bu isə təşkilat daxilində Bakının nüfuzunu artıran əsas amillərdən biridir.
ABŞ Azərbaycandan nə istəyir və Azərbaycan necə davranmalıdır?
Tarixi təcrübə göstərir ki, ABŞ müxtəlif regionlarda fərqli siyasətlər yürüdüb. Lakin Azərbaycana münasibətdə əsas maraqlar ideoloji deyil, strateji xarakter daşıyır. Vaşinqton üçün vacib olan sabitlik, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji marşrutlarının etibarlılığı və regional münaqişələrin idarə olunmasıdır. ABŞ rəsmi siyasətində demokratik institutların, hüququn aliliyinin, insan hüquqlarının və bazar iqtisadiyyatının inkişafını dəstəklədiyini bəyan edir.
ABŞ Gürcüstanı, Ermənistanı və ya Azərbaycanı daha çox dəstəkləyəcək sualının da sadə cavabı yoxdur. Böyük dövlətlər ölkələri dininə görə deyil, strateji əhəmiyyətinə görə qiymətləndirirlər. Azərbaycanın enerji resursları, nəqliyyat imkanları, geosiyasi mövqeyi və Türk dünyasına açılan qapı funksiyası onu Vaşinqton üçün xüsusi əhəmiyyətli tərəfdaşa çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın regional təsir imkanlarının artması da beynəlxalq aktorların Bakıya marağını artıran amillərdəndir. Lakin dövlətlərarası münasibətlər təkcə liderlərin şəxsi münasibətləri üzərində qurulmur; əsas müəyyənedici faktor dövlətlərin milli maraqlarıdır.
Gələcəyin əsas sualı budur:
Azərbaycan necə etməlidir ki, böyük güclərin rəqabətində obyekt deyil, subyekt olaraq qalsın?
Mənim fikrimcə, cavab sadədir:
• Güclü iqtisadiyyat;
• Güclü ordu;
• Hüququn aliliyi;
• Milli birlik;
• Çoxvektorlu diplomatiya;
• Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi;
• Qərb və Şərqlə balanslı əməkdaşlıq.
Tarix göstərir ki, böyük dövlətlərin hörmət etdiyi ölkələr onların dediyini edənlər deyil, öz milli maraqlarını aydın müəyyənləşdirib ardıcıl müdafiə edənlərdir.
Azərbaycanın gələcəyi də məhz bu siyasi fəlsəfədən keçir.

Səftər Rəhimli
Chosen
30
1
newscenter.az

2Sources