"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 31-ci Baku Energy Forumunda səsləndirdiyi fikirlər ölkəmizin son 30 ilə yaxın dövrdə keçdiyi inkişaf yolunun, həyata keçirilən uzaqgörən dövlət siyasətinin və əldə olunan tarixi Zəfərin əsas səbəblərini bir daha aydın şəkildə ortaya qoyur.
Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan hər zaman milli maraqlara söykənən praqmatik siyasət həyata keçirib. Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır iqtisadi və siyasi vəziyyət fonunda güclü dövlət quruculuğu, iqtisadi inkişaf və milli təhlükəsizliyin təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi. Məhz bu strategiya nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrildi.
Bu gün heç kimə sirr deyil ki, güclü iqtisadiyyat olmadan güclü ordu yaratmaq mümkün deyil. Müasir dövrdə orduların döyüş qabiliyyəti yalnız şəxsi heyətin hazırlığı ilə deyil, həm də ən son texnologiyalara əsaslanan silah sistemləri, hərbi infrastruktur, peşəkar kadr hazırlığı və davamlı maliyyə təminatı ilə ölçülür. Azərbaycan enerji layihələrindən əldə etdiyi gəlirləri məqsədyönlü şəkildə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəldilməsinə və eyni zamanda, müdafiə potensialının gücləndirilməsinə yönəltdi."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.
Ekspert qeyd edib ki, əgər ölkəmizin güclü iqtisadi imkanları formalaşmasaydı, müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, peşəkar ordunun qurulması son dərəcə çətin, bəzi hallarda isə mümkünsüz olardı. Bu baxımdan iqtisadi qüdrət ilə hərbi güc arasında birbaşa əlaqə mövcuddur. Azərbaycanın qazandığı hər bir iqtisadi uğur son nəticədə dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edib.
"Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilk növbədə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti və düzgün hərbi strategiya nəticəsində mümkün oldu. Lakin bununla yanaşı, illər ərzində yaradılmış iqtisadi baza və müasir ordu quruculuğu siyasəti də bu Zəfərin mühüm sütunlarından biri idi. Azərbaycan müharibə meydanında yalnız döyüş ruhu ilə deyil, həm də uzun illər ərzində formalaşdırdığı hərbi-texniki üstünlüklə qalib gəldi.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlətlərin taleyini təsadüfi qərarlar deyil, strateji baxış, milli maraqlara söykənən siyasət və uzunmüddətli inkişaf konsepsiyası müəyyən edir. Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi də məhz bu uzaqgörən siyasətin, iqtisadi gücün, hərbi hazırlığın və xalq-iqtidar birliyinin məntiqi nəticəsi oldu.
Bu gün Azərbaycan artıq yalnız hərbi qələbə qazanmış dövlət deyil, həm də regionda yeni reallıqlar yaradan, öz milli maraqlarını təmin etməyi bacaran, güclü iqtisadiyyata, qüdrətli orduya və müstəqil siyasi iradəyə malik suveren dövlətdir. Bu uğurların təməlində isə illər boyu ardıcıl şəkildə həyata keçirilən milli inkişaf strategiyası dayanır."-deyə, B.Quliyev əlavə edib.