EN

“Bakı Enerji Həftəsi” Azərbaycanın inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

“Bakı Enerji Həftəsi”nin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildən artıq dövrdə keçdiyi inkişaf yolunun, həyata keçirdiyi enerji strategiyasının və beynəlxalq müstəvidə qazandığı nüfuzun aydın mənzərəsini ortaya qoyur. Bu gün Azərbaycan yalnız enerji ehtiyatlarına malik ölkə kimi deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, ölkəmizin enerji siyasətinin əsasında milli maraqlar, qarşılıqlı faydalı əməkdaşlıq və uzunmüddətli strateji yanaşma dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı enerji layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, bu gün əldə olunan nailiyyətlərin miqyası daha aydın görünür. Vaxtilə iqtisadi çətinliklər şəraitində yaşayan Azərbaycan bu gün regionun ən güclü iqtisadiyyatlarından birinə sahibdir. Enerji sektorundan əldə olunan gəlirlərin düzgün idarə olunması nəticəsində mühüm infrastruktur layihələri həyata keçirilib, sosial rifah yüksəlib, ölkənin maliyyə dayanıqlığı təmin olunub.

“Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də enerji resurslarının dövlətlərin inkişafı üçün bir vasitə olması ilə bağlı idi. Həqiqətən də əsas məsələ təbii sərvətlərin mövcudluğu deyil, həmin resurslardan əldə olunan gəlirlərin necə idarə olunmasıdır. Azərbaycan bu sahədə nümunəvi model formalaşdıraraq enerji gəlirlərini təhsil, səhiyyə, sosial infrastruktur, müdafiə qabiliyyəti və iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərinə yönəldib.

Bu gün ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol xüsusilə diqqətəlayiqdir. Avropanın enerji təchizatında Azərbaycanın payı ildən-ilə artır. Cənub Qaz Dəhlizi və digər strateji layihələr sayəsində Azərbaycan qazı artıq geniş coğrafiyanı əhatə edən bazarlara çatdırılır. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Dünyada enerji təhlükəsizliyi məsələlərinin aktuallığının artdığı bir dövrdə Azərbaycanın rolu daha da əhəmiyyətli xarakter alır”, - deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Onun sözlərinə görə, digər mühüm məqam ölkəmizin enerji siyasətində yaşıl enerji istiqamətinə verilən önəmdir. Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş, külək və hidroenerji potensialının inkişaf etdirilməsi gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir. Bu, həm ekoloji məsuliyyətin nümayişi, həm də enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərə xidmət etmir. Bu siyasət, eyni zamanda, ölkənin siyasi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq nüfuzunun artırılmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Məhz enerji layihələri sayəsində Azərbaycan müxtəlif ölkələri birləşdirən mühüm əməkdaşlıq platformasının mərkəzində yer alır.

"Bakı Enerji Həftəsi"ndə verilən mesajlar Azərbaycanın gələcək inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoydu. Ölkəmiz həm ənənəvi enerji resurslarının səmərəli istifadəsini davam etdirəcək, həm də yaşıl enerji sahəsində yeni imkanlar yaradaraq qlobal enerji keçidinə öz töhfəsini verəcək. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirəcək və ölkəmizin dayanıqlı inkişafına xidmət edəcək”, - deyə Əlibala Məhərrəmzadə vurğulayıb.

Chosen
20
azertag.az

1Sources