EN

Dünyanın enerji strategiyası bu dəfə də Bakıda formalaşır

Prezident İlham ƏLİYEV: "Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir"

Bu gün "Bakı Enerji Həftəsi" öz işini yekunlaşdırır. Üç onillik ərzində ənənəyə çevrilən bu tədbir yenə də regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrildi. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"unun rəsmi açılış mərasimində iştirak etməsi sözügedən tədbirlərin önəminə diqqət çəkir.

Həftənin özəyini təşkil edən neft və qaz sərgisini haqlı olaraq "Əsrin müqaviləsi"nin müjdəçisi adlandırırlar. Çünki tədbirin ilk dəfə keçirildiyi vaxt Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi baş tutdu.

Prezident İlham Əliyev budəfəki 31-ci sərgini açarkən belə dedi: "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz" müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm". 

Birinci sərginin ölkəmizin nəinki neft-qaz sənayesində, ümumi inkişafında böyük rolu oldu. Çünki o vaxt Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Onun zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Ölkəmizə böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyil ki, sərgidən bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı. Bu gün xalqımız həmin müqavilənin bəhrəsini görür.

Builki tədbirdə 44 ölkədən 274 şirkət iştirak edir. İlk dəfə cəmi 20 ölkənin şirkətlərinin təmsil olunduğu bir sərginin bu cür geniş şaxələnməsinin, böyük beynəlxalq tədbirə çevrilməsinin və 32 ildir öz məkanını dəyişməməsinin bəs səbəbi nədir? Əlbəttə, Ümummilli Liderin başladığı bütün işlər kimi, bu tədbirin də bünövrəsi möhkəm qoyulmuşdur. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən enerji siyasətinin uğurları, yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması, ümumiyyətlə, dövlətimizin başçısının dünyadakı nüfuzu və ölkəmizin imici sayəsində "Bakı Enerji Həftəsi" sözügedən sahənin ən ümdə məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Burada baş tutan tanışlıqlar, nümayiş olunan nailiyyətlər yeni əməkdaşlıqlar üçün körpü yaradır. Nəticədə neçə-neçə müqaviləyə imza atılır, neçə layihənin bünövrəsi qoyulur. 

Təkcə ötən iki sərgini xatırlasaq, orada neçə "yaşıl enerji" layihəsinə, neçə yeni neft-qaz yatağının işlənməsinə imza atıldığı yada düşər. Bu dəfə də "Bakı Enerji Həftəsi" bir sıra mühüm hadisə və görüşlərlə yadda qaldı. İyunun 1-də eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ilk təbii qaz hasilatına başlanması münasibətilə tədbir keçirildi. Bu, sıradan bir hadisə deyil. Çünki sərbəst qazın hasilatına başlanması AÇG-nin tarixində tamamilə yeni bir səhifə açır. 30 ilə yaxındır neft verən bu blokun qaz ehtiyatlarını da üzə çıxarır. BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bu barədə danışarkən qarşıdakı işlər haqqında da məlumat verdi: "Gələcəyə baxaq. Bizim çox sabit bir boru kəmərlərimiz var və onlar Xəzər dənizindən resurslar daşıyır. Həmçinin "Şahdəniz" kompressiya layihəmiz var. Hazırda yerli istehsal müəssisələri platformanı inşa edir. AÇG-nin ilk sualtı birləşdiricisi olan "Qarabağ" yatağı var. Həmçinin bu, Xəzərdə ilk dəfə boru kəmərləri və kabelləri vahid dəstə halında çatdıracaq. Həmçinin Cəbrayılda Günəş elektrik enerjisi layihəmiz var ki, bu, Səngəçal terminalının elektrikləşdirilməsinə və ixrac üçün qaza qənaətə kömək edəcək. Biz həmçinin universitetlərlə, müxtəlif qurumlarla enerjidən başqa, ətraf mühit sahəsində də layihələr reallaşdırırıq. Bu da gələcəyimiz üçün çox vacibdir. Eyni zamanda Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır. İnanıram ki, bu rol Mərkəzi Asiyadakı istehsalı Avropa və ondan kənardakı bazarlara çatdırmaq üçün daha da artacaq. Bu yaxınlarda Özbəkistanda SOCAR tərəfindən idarə olunan altı blok üzrə ilk Pay Bölgüsü Sazişini imzalamışıq. bp həmçinin Qazaxıstanda qiymətləndirmə və prosessual olaraq inkişaf etdirmə barədə razılıq əldə edib. Eyni zamanda biz güclü, uzunmüddətli tərəfdaşlıqların yaradılmasını bilirik və birlikdə daha çox məsələlərə nail ola bilərik".

Deməli, əməkdaşlıq telləri getdikcə daha da şaxələnir və möhkəmlənir. Elə bu dəfə "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə bir sıra beynəlxalq şirkətlər arasında yeni layihələrin icrasına aid sənədlər imzalandı.

Yeri gəlmişkən, bu gün SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Hazırda SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Onu da vurğulayaq ki, düzgün enerji siyasəti ölkəmiz üçün xaricə sərmayə yatırmağa da imkan yaratdı. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik, indi isə öz sərmayələrimizlə dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. 

"Bakı Enerji Həftəsi" eyni zamanda ölkəmizin nailiyyətlərinin bir nümayişinə, nüfüzunun, şöhrətinin artmasına səbəb olur. Prezidentimizin dediyi kimi: "Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir".

Flora SADIQLI,

"Azərbaycan"

1Sources