EN

Azərbaycanın dostu BMT-nin baş katibi ola bilər

 

Hüquqşünas Orbanla bağlı yayılan iddialara izahat verdi: “Onun şansı...”

Macarıstanın keçmiş baş naziri Viktor Orban BMT-də yüksək vəzifə tuta bilər. Jurnalist araşdırmaları layihəsi olan “Vsquare”ın məlumatına görə, bu təşəbbüs ABŞ-dəki MAGA hərəkatına yaxın siyasi dairələr tərəfindən dəstəklənir və məqsəd Orbana vətənində mümkün korrupsiya ittihamları ilə bağlı təqiblərdən siyasi müdafiə təmin etməkdir. Nəşr yazır ki, diplomatik dairələrdəki bir neçə xarici və macar mənbə belə bir ssenarinin müzakirə olunduğunu təsdiqləyib. Bildirilir ki, əsas məsələ konkret vəzifədən daha çox həmin postun Orbana verə biləcəyi hüquqi müdafiə səviyyəsidir.

Müəlliflər vurğulayırlar ki, BMT sistemində müxtəlif vəzifələr fərqli immunitet dərəcələri nəzərdə tutur. Bəzi postlar yalnız xidməti fəaliyyətlə bağlı məhdud immunitet təmin etdiyi halda, ən yüksək vəzifələr faktiki olaraq tam diplomatik toxunulmazlıq verir.

Jurnalistlər qeyd edirlər ki, BMT-nin 1946-cı il tarixli İmtiyazlar və İmmunitetlər Konvensiyasına əsasən, tam diplomatik immunitet yalnız təşkilatın ən yüksək vəzifəli şəxslərinə şamil edilir. Onların statusu xarici səfirlərin statusuna bərabər tutulur və bu, həm onların, həm də ailə üzvlərinin cinayət təqibindən qorunmasını nəzərdə tutur. Daha aşağı vəzifələrdə çalışan şəxslər isə yalnız xidməti vəzifələrinin icrası çərçivəsində funksional immunitetə malik olurlar.

“Vsquare”nin məlumatına görə, belə bir ssenarini dəstəkləyə biləcək şəxslər arasında ABŞ rəhbərliyi ilə yanaşı, Argentina Prezidenti Xavyer Miley də ola bilər. O, daha əvvəl seçkilər öncəsi Viktor Orbana açıq dəstək ifadə edib.

Məqalədə həmçinin qeyd olunur ki, BMT-nin yeni baş katibinin seçilməsi prosesi artıq faktiki olaraq başlayıb. Hazırda əsas favorit Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri olan argentinalı Rafael Qrossi hesab edilir.

Bununla belə, nəşr vurğulayır ki, təsvir olunan ssenari hələ ilkin müzakirə mərhələsindədir və onun reallaşacağına dair hər hansı zəmanət yoxdur.

Bundan əvvəl Viktor Orban parlamentin yeni çağırışında deputat mandatından imtina edəcəyini açıqlamış və bunu “hazırda parlamentdə deyil, milli düşərgənin yenidən təşkilində lazım olması” ilə əsaslandırmışdı.

Eyni zamanda jurnalist Sabolç Panyi mənbələrə istinadən bildirmişdi ki, baş nazir vəzifəsindən ayrıldıqdan sonra Orban ABŞ-yə köçə bilər. İddialara görə, onun bəzi qohumları artıq ABŞ-də yaşayır və keçmiş siyasətçi orada siyasi himayəyə ümid edə bilər.

Azərbaycanın və ümumilikdə Türk dünyasının dostlarından olan Orbanın BMT-nin əsas kürsüsünə sahiblənməsi ehtimalı nə qədər realdır?

Sahib

BMT strukturuna yaxından bələd olan hüquqşünas Sahib Məmmədov bu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, uzun illər Macarıstanın baş naziri olmuş Orban yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının dostudur: “Amma bundan da əvvəl o, macar xalqının dostudur. Məhz onun baş nazir olduğu dövrdə Macarıstan siyasi arenada öz sözünü deyən və iradəsini yerinə yetirən bir dövlət imici qazandı. Macarıstan sosial dövlət olaraq əhəmiyyətli dərəcədə sosial rifahı təmin edən Şərqi Avropa ölkəsidir. Daha sonra onun öz yetirmələrindən biri Tisa Partiyasının lideri Peter Madyar populist və Avropa İttifaqını - Brüsseli təmin edən şüarlarla partiyasını qələbəyə apara bildi, nəticədə böyük üstünlüklə qalib gəldi. Dövlət sükanının arxasına keçdikdən sonra isə o, şüarlarının və proqramının bir hissəsindən imtina etməyə başlayıb. Viktor Orban Ukraynaya münasibətinə görə Avropa İttifaqı dövlətləri tərəfindən təzyiqlərə məruz qalırdı. O, Rusiya ilə münasibətlərin tam kəsilməsinin əleyhinə idi və hər nə olursa, Rusiya ilə dialoqun tərəfdarı idi. Mən onu Finlandiyanın prezidenti olmuş əfsanəvi Urho Kekkonenlə müqayisə edərdim.  Avropa və bütövlükdə Qərb Sovet İttifaqı ilə soyuq müharibə vəziyyətində olduğu dövrdə Kekkonen Finlandiyanı SSRİ-nin Avropa ilə dialoq aparması üçün bir "pəncərəyə" çevirdi. Helsinki prosesinin baş tutmasında və 1 avqust 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Helsinki Yekun Aktının qəbul olunmasında Kekkonen əhəmiyyətli rol oynamışdı. O zaman Qərb ölkələrinə müdrik liderlər rəhbərlik edirdi deyə, onda alındı. Viktor Orban buna nail ola bilmədi və nəticədə kimin günahkar olmasından asılı olmayaraq, Avropada müharibə gedir".

O ki qaldı Orbanın BMT baş katibi olmaq şansına, S.Məmmədovun fikrincə, bu, sıfıra bərabərdir. Ekspert ehtimalını bu arqumentlərlə əsaslandırdı: “Birincisi, baş katib Avropadan olmayacaq, BMT Nizamnaməsi seçkili vəzifələrə təyinatda ədalətli coğrafi bölgü prinsipini əsas götürür. Artıq 6 namizəd var. Onların əksəriyyəti Cənubi Amerikadandır, o cümlədən hazırda MAGATE rəhbəri olan Rafael Qrossi. İkincisi, hətta onun namizədliyi irəli sürülsə belə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı olmasa, onun namizədliyi səsə qoyula bilməz. Ən azı Böyük Britaniya və Fransa onun namizədliyinə veto qoyacaq”.

Hüquqşünas digər məqamlara da toxundu: “BMT sistemində əsas vəzifələrə təyinat da həmçinin BMT Təhlükəsizlik Şurası üzvlərinin razılığı olmadan mümkün deyil. Hansısa orta vəzifələrə və ya BMT ECOSOK-un ixtisaslaşmış idarələrindən olan və ayrıca beynəlxalq təşkilat statusu olan təşkilatlardan birinin baş direktoru şansını sınaya bilər. Belə qurumların sayı 15-ə qədərdir. Məsələn, Beynəlxalq Əmək Təşkilatı, UNESCO və s. Amma bu halda da yenə əsas maneə BMT Təhlükəsizlik Şurasından gələ bilər. Bununla belə, ABŞ israr edərsə, adı gedən dövlətlər müəyyən vəzifələrə razılaşa bilərlər”.

Hüquqşünas hesab edir ki, Orbanın ABŞ-yə köçməsinə dair deyilənlər daha çox ona qarşı aparılan kampaniyanın tərkib hissəsidir: “Mən inanmıram ki, belə addım atsın. Hazırda Orban deputat mandatından imtina edib və partiyasını möhkəmlənməsi ilə məşğuldur. Fikrimcə, Orbanın "U gedişi" etmək şansı hələ qalır. O, bir dəfə məğlub olub və geriyə dönüş edərək, 16 il baş nazir ola bilib. Avropada geopolitik şərait dəyişməkdədir. Yaxın bir neçə il həlledici olacaq. O zaman Orban yenidən parlaya bilər. Hətta o, siyasətdən getsə belə, tarix yazan liderlərdən biri kimi qalacaq".

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Chosen
33
musavat.com

1Sources