EN

Federasiya rəhbəri: Azərbaycan və Zikh xalqını azadlıq uğrunda mübarizə təcrübəsi birləşdirir

Zikh xalqının Bakı şəhəri ilə dərin tarixi əlaqələri var, "Atəşgah" məbədində onların dilində, eləcə də zəndavi dilində yazılar qorunub saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinqh Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.

Federasiyanın rəhbəri Azərbaycanla beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən geniş spektrli məsələlər üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

"Biz bu ölkənin xalqı ilə bu gün dünyanı dəyişdirən mühüm qlobal məsələlər üzrə əməkdaşlıq imkanını alqışlayırıq. Dünya sürətlə dəyişir, geosiyasi əlaqələr transformasiya olunur. O artıq hətta iki il əvvəlki kimi deyil və iki ildən sonra da tamamilə fərqli olacaq. Yeni tərəfdaşların, həmrəyliyin və dinc yanaşı yaşama yollarının axtarışı müasir dövrün əsas çağırışlarından birinə çevrilir", - o vurğulayıb.

M.Sinqh, həmçinin Azərbaycanın tarixi təcrübəsi ilə zikh xalqının mübarizəsi arasında qarşılaşdırma aparıb: "Azərbaycanın özünün mühüm tarixi yaddaşı var - Qara Yanvar. Sizin xalqınız azadlıq uğrunda mübarizə apararkən yüzlərlə insan həlak oldu, yüzlərlə insan yaralandı. Lakin bir neçə ildən sonra siz sovet hökmranlığından azad olaraq suverenlik və müstəqillik əldə edə bildiniz".

Onun sözlərinə görə, iki tarix arasındakı əsas fərq ondan ibarətdir ki, zikh xalqının azadlıq uğrunda mübarizəsi bu günə qədər davam edir:

"Siz öz dövlətinizi yarada, mədəni irsinizi, dilinizi və həyat tərzinizi qoruya bildiniz. Ancaq biz hələ də eyni məqsədlərə çatmağa çalışırıq. Sizin mübarizənizlə bizim mübarizəmiz arasında o qədər də çox fərq yoxdur. Yeganə fərq ondadır ki, bizim mübarizəmiz hələ də davam edir".

Chosen
14
far.az

1Sources