EN

Zolaqların dalğavari təşkili nəyə xidmət edir? Ekspert AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olan əyri və dalğavari yol nişanlanmaları ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, ekspert bildirib ki, bu cür nişanlanmalar yeni yanaşma deyil və dünyanın müxtəlif ölkələrində uzun illərdir tətbiq olunur. Onun sözlərinə görə, əsas məqsəd sürücülərin diqqətini artırmaq, sürət həddinə riayət olunmasını təşviq etmək və piyada keçidlərində təhlükəsizliyi yüksəltməkdir.

Rauf Ağamirzəyev qeyd edib ki, Böyük Britaniyada, xüsusilə London və digər iri şəhərlərdə piyada keçidlərinə yaxın ərazilərdə ziqzaq formalı yol nişanlanmalarından geniş istifadə edilir.

“Bu işarələr sürücülərə qarşıda xüsusi diqqət tələb edən əraziyə yaxınlaşdıqlarını vizual şəkildə xatırladır və onları daha ehtiyatlı hərəkət etməyə sövq edir”, – deyə ekspert vurğulayıb.

ABŞ-də da bu istiqamətdə müxtəlif layihələr həyata keçirilib. Virciniya, Havay, Oklahoma və digər ştatlarda tətbiq olunan qeyri-standart nişanlanmaların əsas məqsədi sürücülərin avtomatik davranış vərdişlərini pozmaq, onların diqqətini yenidən yola yönəltmək və sürəti azaltmağa təşviq etməkdir.

Ekspert xatırladıb ki, oxşar təcrübə postsovet məkanında da mövcuddur:

“2022-ci ildə Qazaxıstanın Qaraqanda şəhərində piyada keçidlərinə yaxın hissələrdə ziqzaq nişanlanmaları tətbiq olunub. Yerli hakimiyyət bu addımı sürət həddinin aşağı salınması və piyadaların təhlükəsizliyinin artırılması məqsədi ilə izah edib”.

Son dövrlərdə ABŞ-nin Pensilvaniya ştatının Montqomeri şəhərində tətbiq olunan dalğavari yol nişanlanmaları da beynəlxalq mediada və mütəxəssislər arasında geniş müzakirə olunub.

Ekspertin sözlərinə görə, bu yanaşmalar yol hərəkətinin təşkilində istifadə olunan “traffic calming” (hərəkətin sakitləşdirilməsi) metodlarının tərkib hissəsidir.

“Dünyanın bir çox ölkəsində təhlükəsizlik adacıqları, kontrast işıqlandırma sistemləri, rəngli yol örtükləri, daraldılmış hərəkət zolaqları, yüksəldilmiş piyada keçidləri və qeyri-standart nişanlanmalar kimi müxtəlif həllərdən istifadə olunur. Bu vasitələrin hamısı sürücünün diqqətini artırmağa və qəza riskini azaltmağa xidmət edir”, – deyə o əlavə edib.

Rauf Ağamirzəyev vurğulayıb ki, müasir yol təhlükəsizliyi siyasətində əsas məqsəd sürücüləri cərimələmək deyil, təhlükəli davranışların qarşısını almaqdır. Yol təhlükəsizliyi təkcə qaydalar və cərimələrlə təmin olunmur. İnfrastruktur həlləri hazırlanarkən insan psixologiyası, diqqətin idarə olunması və davranış xüsusiyyətləri də nəzərə alınmalıdır. Əsas məqsəd sürücünün diqqətini vaxtında cəlb etmək, onu riskli vəziyyətlər barədə əvvəlcədən xəbərdar etmək və bununla da qəzaların sayını azaltmaqdır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
avtosfer.az

1Sources