EN

Elçibəyin “stalinizm”dən imtinası, Surətin “bonopartizm”i – 4 iyun qiyamına baxış

33 ildir ilin bu günlərində ölkəmizdə siyasi ehtiraslar qızışır, mübahisələr kəskinləşir, ictimai-siyasi qüvvələrin qarşılıqlı ittihamları artır.
 
Bunun ən şiddətlisi 33 il öncə, 1993-cü ilin 4 iyunundan başlayaraq 30 iyuna qədər davam edib. Həmin öcəşmə günümüzdə də davam edir və bu intriqa uzun illər, bəlkə də qərinələr boyunca davam edəcək.
 
Qoca Şərq öz müsibətlərini unutmur, onun davasını aparmaqdan vaz keçmir, intriqanı diri saxlayır. Bu xüsusda parlaq nümunələr, çoxsaylı örnəklər var.
 
4 iyun qiyamı xalqımız üçün müsibət oldu. Məsələ heç də 1 il öncə xalq səsverməsi ilə seçilmiş legitim prezidentin devrilməsində deyil. Siyasətçilərin hakimiyyətdən getməsi, devrilməsi, istefaya vadar olması siyasətin fitrətində var.
 
Bu qiyam əvvəlcə prezidentin mühafizəsini təmin edən gənc qvardiyaçıların xaincəsinə güllələnməsi ilə müsibət oldu. Ondan 2 ay öncə Məngələnata yüksəkliyini düşməndən xilas etmiş qvardiyaçılar yazın ortasında Gəncə çölündə güllələndilər və ölkədə qardaş qırğını presedenti yarandı.
 
Daha sonra müsibət davam etdi: ard-arda rayonlarımız işğala məruz qaldı. Ermənilər ölkəmizi sarmış hərc-mərclikdən məharətlə yararlandılar, az qala Gəncənin özünə qədər gələcəkdilər.
 
Daha sonra Qarabağ və Şərqi Zəngəzurdan didərgin düşən 700 mindən artıq məcburi köçkünün müsibəti yaşandı və 30 il davam etdi.
 
Əldəqayırma polkovnik Surət Hüseynovun icraçı fiqur olduğu 4 iyun qiyamı ölkəmizə sarsıdıcı zərbə vurdu, sağalmaz yaralar açdı. Bu, təkcə ağır cinayət deyildi, həm də böyük səhv idi. Bu səhvin ağır nəticələrinə qiyamda birbaşa və dolayısı ilə iştirak edənlərin çoxu qatlandı.
 
Qiyamın “uğurla” başa çatması heç də onu törədənlərə xoşbəxtlik gətirmədi. Bəziləri qiyamın 20 gününün tamamında bir-birini vəzifə bölgüsü üstündə güllələyib öldürdülər. Bəzilərinin yolu həbsxanaya düşdü və oradan xərəkdə çıxdılar. Qiyam piroqunun ən böyük dilimini əldə etmiş Surət 1 il 3 ay formal baş nazir olduqdan sonra ölkədən qaçaq düşdü, daha sonra qara qul kimi qandallanıb ölkəyə gətirildi, ömrünün ən yaxşı illərini türmədə keçirdi, azadlığa buraxılandan sonra orda-burda baş girlədi və öldü.
 
Elçibəy hakimiyyətinin devrilməsi ilə hakimiyyətə gələcəklərini güman edən qüvvələrin mühüm bir hissəsi qısa müddət sonra yanıldığını anladı. Bir-iki ildən sonra siyasi revanş edərək hakimiyyətə qayıdacağına ümid edən AXC-Müsavat tandemi də məqsədinə çata bilmədi. Məhz o zaman bir çoxları fərqinə vardı ki, hakimiyyəti elə asanlıqla vermək doğru deyilmiş.
 
Bəs 4 iyun qiyamına yol verməmək mümkün idimi?
 
Bu gündən baxaraq 33 il öncəki hadisələri analiz etmək, optimal çıxış yolları tapmaq çətin deyil. Amma o zamankı mürəkkəb situasiyada, prosesin gərgin vaxtında bunu bilmək üçün gənc iqtidar komandasında lazımi təcrübə yox idi.
 
Əslində Elçibəyin iqtidar komandasının üzvləri arasında tarixçi olan və tarixi yaxşı bilən kadrlar vardı və onlar Azərbaycan kimi müstəmləkə ölkəsi olmaqdan yenicə qurtulan, totalitar diktatura rejimindən demokratiyaya keçid dövrünə qədəm qoyan ölkələrdə hakimiyyət dəyişikliyinin hansı yolla gedəcəyini bilirdilər.
 
Ortada Cənubi Amerikanın, Afrikanın və Asiyanın müstəqillik əldə etmiş ölkələrinin əngin təcrübəsi vardı və bilmək çətin deyildi ki, hakimiyyətdən kənarlaşdırılmış qüvvələr qısa müddətdən sonra mütləq revanşa qalxacaqlar. Ancaq Elçibəy və komandası Azərbaycanın “banan respublikası” olmadığına əmin idi. Ona görə də onlar hakimiyyəti əllərindən alınmış keçmiş kommunistləri zərərsizləşdirmədilər, sərbəst buraxdılar və bir neçə aydan sonra onlar yavaş-yavaş toparlanmağa başladılar.
 
Hərbi sahədə müəyyən uğur qazanmış, adı qulağına dəymiş yüksək rütbəli zabitlərin sonradan “bonopartizm”ə meyllənəcəyi amilinə də ciddi fikir verən olmadı. Başqa ölkələrin tarixində bunun da çoxsaylı örnəyi var.
 
Stalinin öz hakimiyyətini 30 il boyunca qoruyub saxlaması həm də hərbi elitanı total nəzarətdə və itaətdə saxlaya bilməsi hesabına olub. O, gənc yaşda marşal rütbəsi qazanmış, olduqca ağıllı, xarizmatik, strateji düşüncəyə malik Mixail Tuxaçevskini məhz gələcəkdə özünə təhlükə gördüyü üçün edam etdirib. Qərb mətbuatında Tuxaçevskini “qırmızı Napoleon” adlandırırmışlar. Bu isə Stalin üçün xəbərdarlıq siqnalı olub. Yoxsa Tuxaçevski nə başqa dövlətin casusu imiş, nə də tərəfdarları ilə birlikdə dövlət çevrilişi etmək fikrinə düşübmüş. Stalin və NKVD bu şəxsin gələcəkdə başqa fikrə düşəcəyindən ehtiyat edib.
 
Elə “qələbə marşalı” adlandırılan Georgi Jukovun müharibədən dərhal sonra zərərsizləşdirilməsi, əvvəlcə Odessadakı, sonra isə Uraldakı hərbi dairəyə komandan göndərilərək Moskvadan uzaqlaşdırılması sırf Stalinin onun nüfuzundan qorxması üzündən baş verib. Hələ 1946-cı ildə Jukova qarşı irəli sürülən ittihamların əsas leytmotivi “bonopartizm” olub. Əlbəttə, bir az sərbəst buraxılsa, Stalini zəif görsə, Jukov doğrudan da hakimiyyətə iddia edə bilərdi. Onunla birlikdə Hitler Almaniyasına qalib gəlmiş amerikalı general Duayt Eyzenhauer siyasətə atılanda belə bir ifadə işlədib: “Tezliklə ABŞ-nin prezidenti olacağam. Dostum Jukov Stalinin ölümündən sonra SSRİ-də hakimiyyətə gələcək və biz yeni bir dünya quracağıq”.
 
1945-53-cü illərdə Stalin, 1957-ci ildə isə Xruşov Jukovun hakimiyyətə iddia etməsinin və gəlməsinin qarşısını alıb – kompartiyanın və öz tərəfdarlarının gücü ilə.
 
Ancaq Elçibəy “stalinizm”dən içtina etdi, meydanı revanşistlərə buraxdı və bu, səhv idi.
 
Bu, bir gerçəklikdir ki, belə nəticələrə uzun illərdən sonra, soyuq mühakimələr sayəsində gəlmək olur, isti-isti doğru qərarlar qəbul etmək çox çətindir.
 
Başqa bir acı gerçəklik də odur ki, bəzi tarixi nailiyyətləri asanlıqla əldən verəndən sonra onu yenidən qazanmaq mümkün olmur. 4 iyun qiyamının hələ də açıq yara xarakterində olması bu üzdəndir.
 
Xalid KAZIMLI
 
Chosen
11
2
moderator.az

3Sources