ain.az, Ses qazeti portalına istinadən məlumat verir.
Dünyada enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə “Bakı Enerji Həftəsi” beynəlxalq enerji dialoqunun mühüm platformalarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın son otuz ildə enerji sektorunda qazandığı uğurları, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji hədəfləri nümayiş etdirir.
Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifələrdən biri zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadi dirçəlişə nail olmaq idi. Bu məqsədlə həyata keçirilən siyasət nəticəsində enerji sektoru ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrildi. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi beynəlxalq enerji əməkdaşlığının təməlini qoydu və sonrakı illərdə iri layihələrin həyata keçirilməsinə yol açdı.
1996-cı ilin iyun ayında imzalanan “Şahdəniz” müqaviləsi enerji tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dünyanın ən böyük qaz yataqlarından birinin işlənməsini nəzərdə tutan bu layihə sonrakı illərdə ölkənin qaz ixracatçısı kimi mövqeyinin güclənməsində həlledici rol oynadı. Məhz “Şahdəniz” yatağının işlənməsi nəticəsində yeni qaz infrastrukturunun yaradılması mümkün oldu və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmağa başladı. Bu gün bir çox dövlətlərin enerji təminatında mühüm rol oynayan qaz təchizatının təməlində uzaqgörən enerji siyasəti dayanır. “Bakı Enerji Həftəsi”nin beynəlxalq əhəmiyyəti ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktubda da öz əksini tapıb. Bu fakt Azərbaycanın qlobal enerji əməkdaşlığında oynadığı rolun beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında enerji resurslarından əldə olunan gəlirlərin ölkəmizin inkişafında rolunu qeyd edib. Son illərdə formalaşdırılan iqtisadi model enerji gəlirlərinin səmərəli idarə edilməsinə və strateji sahələrə yönəldilməsinə əsaslanıb. Bu vəsaitlər hesabına müasir infrastruktur yaradılıb, sosial proqramlar həyata keçirilib, regionların inkişafına böyük sərmayələr yatırılıb. Eyni zamanda müdafiə potensialının gücləndirilməsi üçün geniş imkanlar formalaşıb.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər xalqın iradəsinin, ordunun peşəkarlığının və güclü iqtisadi imkanların vəhdətinin nəticəsi idi. Müasir hərbi texnologiyaların əldə olunması, müdafiə sənayesinin inkişafı və peşəkar ordu quruculuğu üçün lazım olan maliyyə mənbələri məhz enerji sektorunun yaratdığı imkanlar hesabına formalaşıb. Bu baxımdan enerji siyasəti yalnız iqtisadi inkişafın deyil, həm də milli təhlükəsizliyin təmin edilməsinin vacib alətlərindən biri kimi çıxış edir.
Müasir dünyada enerji marşrutlarının şaxələndirilməsi və etibarlı təchizatın təmin olunması strateji əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələrlə beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bakı–Tbilisi–Ceyhan və Bakı–Supsa neft kəmərləri yeni ixrac marşrutları yaratmaqla enerji resurslarının dünya bazarlarına təhlükəsiz çıxışını təmin edib. Sonrakı mərhələdə reallaşdırılan TANAP, TAP və Cənubi Qafqaz Boru Kəməri layihələri isə Cənub Qaz Dəhlizinin formalaşmasına şərait yaradıb. 3500 kilometr uzunluğa malik bu nəhəng enerji sistemi artıq Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Layihənin əhəmiyyəti təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu təşəbbüs regionlararası əməkdaşlığın, siyasi etimadın və uzunmüddətli tərəfdaşlığın da nümunəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir: “Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”.
Ən diqqətçəkən məqamlardan biri ölkənin bərpaolunan enerji sahəsində həyata keçirdiyi siyasətdir. Mövcud qaz ehtiyatları uzunmüddətli perspektivdə enerji təminatını tam qarşılasa da, qlobal çağırışlar yaşıl enerjiyə keçidi zəruri edir. Bu məqsədlə günəş və külək enerjisi sahələrində genişmiqyaslı layihələr həyata keçirilir. Gələn ilin sonuna qədər bərpaolunan enerji gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda yaradılan hidroelektrik stansiyalar da bu strategiyanın mühüm hissəsidir. Artıq həmin bölgələrdə 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib. Bu proses işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir.
Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Bu gün ölkə elektrik enerjisinin beynəlxalq bazarlara çıxarılması istiqamətində də mühüm layihələr həyata keçirir. “Qara dəniz Enerji Kabeli” layihəsi Xəzər regionunu Avropa enerji bazarları ilə birləşdirəcək strateji təşəbbüslərdən biridir. Bu layihə vasitəsilə yaşıl enerji resurslarının Avropaya nəqli mümkün olacaq. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə planlaşdırılan enerji kabeli də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Eyni zamanda Mərkəzi Asiya dövlətləri ilə birgə həyata keçirilməsi nəzərdə tutulan yaşıl enerji kabeli layihəsi Xəzərin hər iki sahilini vahid enerji məkanında birləşdirəcək. Bu təşəbbüslər Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə keçdiyini və ölkənin regional enerji mərkəzi kimi rolunun daha da gücləndiyinin göstəricisidir.
Enerji strategiyası iqtisadi inkişafın, milli təhlükəsizliyin, beynəlxalq əməkdaşlığın və regional liderliyin əsas amillərindən biridir. Neft və qaz sektorunda əldə olunan uğurlar, yaşıl enerji sahəsində həyata keçirilən layihələr, genişlənən enerji marşrutları və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri Azərbaycanın qlobal enerji sistemində mövqeyini daha da gücləndirir. Bu gün Bakı Enerji Həftəsi təkcə enerji sənayesinin tədbiri deyil, həm də Azərbaycanın qlobal əməkdaşlıq, enerji diplomatiyası və dayanıqlı inkişaf modelinin dünyaya təqdim olunduğu nüfuzlu beynəlxalq platformadır.
Asif Əsgərov
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.