EN

Putin çətin seçim qarşısındadır: iqtisadiyyat zəifləyir, cəbhədə isə problemlər artır - "Reuters"

 
Kreml ya hərbi xərcləri azaltmalı, ya da iqtisadi tənəzzül riskini qəbul etməlidir...
 
Sankt-Peterburqda keçirilən iqtisadi forum fonunda Rusiya rəhbərliyi getdikcə daha mürəkkəb problemlərlə üzləşir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
 
İqtisadiyyatda narahatlıq artır
 
Agenliyin yazdığına görə, ölkədə iqtisadi artım sürətlə zəifləyir və bu vəziyyət artıq Kreml daxilində də narahatlıq doğurmağa başlayıb. Son illərdə hərbi sifarişlər hesabına ayaqda qalan iqtisadiyyat indi yüksək faiz dərəcələri, Qərb sanksiyaları və investisiya çatışmazlığının təsirini daha aydın hiss edir. Analitiklər bildirirlər ki, əvvəlki illərlə müqayisədə iqtisadi dinamika xeyli zəifləyib və yaxın perspektivdə vəziyyətin sürətlə yaxşılaşacağı gözlənilmir.
 
Müharibənin qiyməti getdikcə artır
Keçmiş yüksəkvəzifəli maliyyə rəsmisi Oleq Vyuqinin fikrincə, Moskva faktiki olaraq çətin seçim qarşısında qalıb. Bir tərəfdən hərbi xərclərin azaldılması iqtisadiyyata əlavə nəfəs verə və biznes fəallığını artırmağa kömək edə bilər. Digər tərəfdən isə Kreml müharibəni davam etdirmək niyyətindən geri çəkilmir.
 
Ekspertlərin qənaətinə görə, mövcud kursun davam etdirilməsi dövlət büdcəsinə əlavə yük yaradır. Bu isə gələcəkdə daha yüksək vergilər, sosial xərclərin məhdudlaşdırılması və əhalinin real gəlirlərinin azalması ilə nəticələnə bilər. Bir sıra müşahidəçilər hesab edirlər ki, Vladimir Putin hələ də Rusiyanın döyüş meydanında üstünlük qazana biləcəyinə inanır və məhz buna görə müdafiə xərclərini azaltmağa tələsmir.
 
Cəbhədə üstünlük əvvəlki kimi görünmür
"The New York Times"-ın məlumatına görə, Rusiya son aylarda Ukraynaya qarşı raket və dron hücumlarını artırsa da, cəbhədə vəziyyət Moskvanın istədiyi kimi inkişaf etmir. Bir çox istiqamətdə irəliləyiş yavaşıyıb, bəzi ekspertlər isə hücum potensialının zəiflədiyini bildirirlər.
 
Analitiklərin sözlərinə görə, Rusiya hava hücumları vasitəsilə təzyiqi artırmağa çalışır, lakin bu, döyüş meydanındakı bütün problemləri ört-basdır etmir. Eyni zamanda Ukrayna Avropa ölkələrindən yeni silah və hərbi yardım almaqda davam edir ki, bu da onun müdafiə imkanlarını gücləndirir. 
 
Müşahidəçilərin fikrincə, Moskva hələ də müharibəni uzun müddət davam etdirmək resurslarına malikdir. Lakin iqtisadiyyatda yavaşlama, artan hərbi xərclər və cəbhədə gözlənilən nəticələrin əldə olunmaması Kremlin qarşısında getdikcə daha mürəkkəb qərarlar qoyur. Bu səbəbdən yaxın aylarda Rusiyanın əsas problemi yeni uğurlar qazanmaqdan çox, mövcud vəziyyəti qoruyub saxlamaq ola bilər.
Chosen
21
1
moderator.az

2Sources