EN

Finlandiya 100 min il tab gətirəcək unikal nüvə tullantıları anbarını istifadəyə verməyə hazırlaşır

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Finlandiya, radioaktiv tullantıların zərərsizləşdirilməsi sahəsində bəşəriyyətin gələcək nəsillər üçün yanaşmasını kökündən dəyişdirəcək qlobal əhəmiyyətli layihənin son mərhələsinə qədəm qoyub. Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Mərkəzi (STUK) bu ayın sonuna qədər "Onkalo" layihəsi ilə bağlı yekun rəsmi rəyini açıqlayacaq. Müsbət qiymətləndirmə obyektin istismara verilməsi üçün lisenziyanın alınmasına və tikintisi onilliklər çəkən bu nəhəng layihənin fəaliyyətə başlamasına yaşıl işıq yandıracaq.

Finlandiyanın cənub-qərbindəki Eurayoki bələdiyyəsində, Olkiluoto atom elektrik stansiyasının yaxınlığında yerləşən bu kompleks, yerin 430 metr dərinliyində – təxminən 1,9 milyard yaşlı qranit süxurların daxilində inşa edilib. İcazə alındıqdan sonra bura işlənmiş nüvə yanacağının birdəfəlik və qəti şəkildə basdırılması üçün dünyada ilk fəaliyyət göstərən yeraltı poliqon olacaq. Hazırda dünyada atom enerjisindən istifadə edən əksər ölkələrin nüvə tullantılarını hələ də müvəqqəti anbarlarda saxladığı bir vaxtda, Finlandiyanın bu addımı qlobal mətbuatın və elmi dairələrin diqqət mərkəzindədir.

Finlandiya dilindən tərcümədə "mağara" və ya "boşluq" mənasını verən "Onkalo" layihəsi nüvə tullantılarının idarə edilməsi üzrə ixtisaslaşmış "Posiva" şirkəti tərəfindən idarə olunur. Tikintisinə 2004-cü ildə başlanılan və ümumi dəyəri təxminən 1 milyard avro qiymətləndirilən obyekt, Finlandiyanın beş fəaliyyət göstərən reaktorundan çıxan 6 500 tona qədər işlənmiş nüvə yanacağını qəbul edə biləcək.

Zərərsizləşdirmə prosesi çoxsəviyyəli müdafiə sistemini nəzərdə tutur. İlk olaraq radioaktiv materiallar korroziyaya davamlı, hermetik mis konteynerlərə yerləşdiriləcək. Daha sonra bu konteynerlər birbaşa qaya massivində qazılmış xüsusi şaquli şaxtalara endiriləcək. Sızmaların qarşısını almaq və suyun nüfuz etməsini əngəlləmək üçün hər bir konteyner əlavə müdafiə baryeri rolunu oynayan bentonit gili təbəqəsi ilə əhatə olunacaq. Tunellər tam dolduqdan sonra isə girişlər gücləndirilmiş beton konstruksiyalarla birdəfəlik möhürlənəcək.

"Posiva" şirkətinin hesablamalarına görə, İsveçdə hazırlanmış və hazırda ən mükəmməl texnologiya hesab olunan "KBS-3" çoxpilləli basdırma sisteminə əsaslanan bu quruluş radioaktiv materialları ən azı 100 000 il ərzində xarici aləmdən tamamilə təhlükəsiz şəkildə izolyasiya etmək iqtidarındadır. Dövlət tənzimləyici qurumu tərəfindən müsbət rəy verilərsə, "Onkalo" kompleksi artıq 2026-cı ilin sonu – 2027-ci ilin əvvəllərində ilk nüvə tullantılarını qəbul etməyə başlayacaq ki, bu da dünya atom energetikasında tarixi bir hadisə olacaq.

Ə.ARZU
XQ

Chosen
20
1
xalqqazeti.az

5Sources