EN

"Hücumçu və müdafiəçi tapmaq çətindir, çox yüksək qiymət istəyirlər" Əfran İsmayılov

"Şəfa"nın vitse-prezidenti Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- "Şəfa"nın vitse-prezidenti vəzifəsinə təyin olundunuz. Bundan sonra "Araz-Naxçıvan"dan ayrıldınız. Ötən mövsüm hər iki klubda çalışırdınız. "Şəfa"ya rəhbər vəzifəyə təyin olunduğunuza görə, "Araz-Naxçıvan"dan ayrıldınız?

- Mən iki klubda çalışmırdım, belə demək doğru deyil. "Araz-Naxçıvan"da işləyirdim, amma "Şəfa"ya kömək edirdim. Buradakılar mənim doğmalarım, qardaşlarımdır. Məndən kömək və məsləhət istədilər. Onlar da futbola yeni gəliblər, onlara yox deyə bilməzdim. "Araz-Naxçıvan" rəhbərliyindən halallıq alaraq, onlara kömək etməyə başlamışdım. Kənardan da olsam, öz köməkliyimi göstərirdim. "Şəfa" Premyer Liqaya çıxdıqdan sonra gördüm ki, iş çoxdur və yeni klubdur, daha çox dəstəyə, köməyə ehtiyac var. "Araz-Naxçıvan" rəhbərliyi ilə danışdıq. Zaur Axundov mənə çox böyük jest etdi. Gördü ki, "Şəfa"da iş daha çoxdur, dəstəyə daha çox ehtiyac var. Bildirdi ki, azadsan, gedib dostlarına kömək edə bilərsən. Zaur müəllimə təşəkkürümü bildirirəm.

- "Şəfa" ilə bağlı planlarınız, hədəfləriniz nədir? 

- "Şəfa" ilə bağlı planlarımız böyükdür. Qismət olar, o günləri görərik. Hazırda o qədər iş var ki...Özümüzə stadion, baza inşa etdirmək istəyirik. Çoxları deyir ki, "Şəfa"nın stadionu, bazası yoxdur. Bəli, bilirik ki, stadionsuz, bazasız çox çətin olacaq. Ona görə də işlər gedir. Çox yerə müraciət etdik, amma alındıra bilmədik. Yenə də yer, torpaq axtarırıq. Danışıqlar gedir. Alınsa, baza tikintisinə başlayacağıq. Bununla paralel akademiyaya da fikir veririk. Çünki bizdə yerli futbolçulara daha çox üstünlük verilir. Akademiyada yetişdirəcəyimiz futbolçulara daha çox şans veriləcək ki, əsas liqada oynasın. Strategiya belədir. Azərbaycan idmanına töhvə vermək istəyirik. Həm də ki, maliyyə cəhətdən də stabilliyi qoruyub-saxlamaq var. Böyük məsuliyyətdir. "Şəfa" rəhbərliyi sağ olsun, mənə bu vəzifəni verdi. Ciddi məsuliyyətdir. Allah qoysa, üzüağ çıxarıq, Allah utandırmasın. Əlimdən nə köməklik gəlirsə, hamısını verəcəm.

- Klub baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırdı. Komandanı II Liqadan I Liqaya, oradan Premyer Liqaya yüksəldən baş məşqçiyə elə Premyer Liqada şans verməyi rəhbərlik niyə istəmədi?

- Bununla bağlı danışmışam. Məncə danışmağa ehtiyac yoxdur. Elgizlə yollarımızı ayırdıq, rəsmi də bildirdik. Elgiz görüşdə də bildirdim ki, təcrübəsi azdır. Ona bildirdim ki, səni itirmək istəmirik, baş məşqçinin köməkçisi  olub, təcrübə toplaya bilərsən. Xaricə də göndərib, hansı sistemdə oynayacağıqsa, o sistemdə oynayan komandanın içində təcrübə toplaya bilərsən deyə, bildirdik ona. Amma Elgizin hədəfləri böyükdür, buna da hörmətlə yanaşıram. Dedi ki, mən baş məşqçi kimi işləmək istəyirəm. Beləcə, halallaşaraq yollarımızı ayırdıq.

- Klub rəhbərliyi ilk gündən yalnız yerli futbolçularla oynayacağını bildirib. Bəs Premyer Liqada vəziyyət necə olacaq? Fikirlər dəyişib, legioner oyunçu transferi edəcəksiz?

- Bəli, çox çətindir. Bazarda onsuz da yerli futbolçu azdır. Bilirlər ki, bizdə yerli futbolçulara çox önəm verilir, ona görə də qiymət şişirdilir. Neçə ildir futbolun içindəyəm, bazar qiymətlərinin hamısını bilirəm. Bəzən baxırıq ki, futbolçunun qiyməti çox şişirdilib. Məsələn, hücumçu və müdafiəçi tapmaq çətindir, çox yüksək qiymət istəyirlər. Rəhbərliklə oturduq və müzakirə etdik. Belə məsləhət oldu ki, yerlilər də, legionerlər də olsun. Vəhdət şəkildə, möhkəm, əzmkar komanda yaradaq, bünövrəni quraq. Ondan sonra isə daha iddialı çıxış etməyə başlayaq.

- Yəqin ki, ilk mövsümünüzdə əsas hədəf Premyer Liqada qalmaq olacaq?

- İlk mövsüm hədəf Premyer Liqada qalmaqdır. Çətinliklər çoxdur. Bünövrəni qurmaq lazımdır. Buna nail olmağa çalışacağıq.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
12
1
sportal.az

2Sources