EN

Əvvəl Əliyar Ağayevdən, indi də UEFA-dan zərbə aldı... - "Turan Tovuz"un meydanda qazandığını kabinetdə əlindən aldılar

Azərbaycan futbolunda son illərin ən maraqlı və sürətli yüksəliş hekayələrindən biri olan "Turan Tovuz" klubu gözlənilmədən böyük qalmaqalın mərkəzinə düşdü. UEFA-nın komandanı klubu Konfrans Liqasından haqsız formada kənarlaşdırdı. Bu qərar həm futbol ictimaiyyətində, həm də minlərlə azarkeş arasında ciddi narazılıq yaradıb.

Burada əsas qəribə məqam odur ki, söhbət bu mövsüm baş vermiş hansısa qanun pozuntusundan deyil, düz yeddi il əvvəlki hadisələrdən gedir. Həmin vaxt I Divizionda çıxış edən komandanın yeddi futbolçusu danışılmış oyunlarda iştirak etdiklərinə görə cəzalandırılmışdı. İndi isə həmin hadisənin kölgəsi altında tamamilə fərqli heyət, fərqli rəhbərlik və fərqli idman nəticələri ilə formalaşmış "Turan Tovuz" Avropa səhnəsindən uzaqlaşdırılır.

f64aad20-0836-3572-8469-b602c7a2be5f_1200.jpg

Bu qərar futbol camiəsində bir sıra suallar doğurur. Əgər 2019-cu ildə baş vermiş hadisə bu qədər ciddi idisə, UEFA niyə məhz indi, klub tarixinin ən uğurlu mövsümlərindən birindən sonra hərəkətə keçib? Nə üçün məsələ məhz Avropa kuboklarına vəsiqə qazanıldıqdan sonra gündəmə gətirilib? Daha da önəmlisi, cəzasını çəkmiş şəxslərin əməllərinə görə bütöv klubun, minlərlə azarkeşin və şəhərin cəzalandırılması nə dərəcədə ədalətlidir?

"Turan Tovuz" son iki ildə Azərbaycan futbolunun ən böyük fenomenlərindən birinə çevrilib. Tovuz şəhərində yaranan futbol atmosferi, stadionun daim dolması, bölgə futbolunun dirçəlməsi və komandanın iddialı çıxışı ölkə futboluna yeni nəfəs gətirib. Bu gün Premyer Liqada ən çox tamaşaçı toplayan komandalardan biri məhz "Turan Tovuz"dur. Bəlkə də elə buna görə klubun ətrafında baş verən hər hadisə daha böyük rezonans doğurur. Təsadüfi deyil ki, mövsüm ərzində hakim qərarları ilə bağlı da ən çox müzakirələr bu komandanın oyunları ətrafında yaşanıb. Xüsusilə FIFA referisi Əliyar Ağayevin idarə etdiyi Azərbaycan kubokunun yarımfinal ("Turan Tovuz" - "Zirə" oyununda iki təmiz penalti tovuzlulara verilməmişdi və bu səbəbdən hakim I Liqa oyunlarını idarə etməyə göndərilmişdi) oyunundan sonra Tovuz təmsilçisinin haqsızlığa məruz qalması barədə iddialar gündəmdən düşməmişdi. İndi isə azarkeşlər arasında belə bir fikir formalaşır ki, əvvəl ölkə daxilində müxtəlif maneələrlə üzləşən klub bu dəfə beynəlxalq səviyyədə zərbə alır.

1697787405282620523_1200x630.jpg

UEFA-nın qərarının arxasında yalnız hüquqi prosedurlar dayanır, yoxsa başqa amillər də mövcuddur?

Avropa futbol qurumu son illərdə danışılmış oyunlara qarşı sərt siyasət yürüdür və bu, hamıya məlumdur. Lakin eyni zamanda futbol ictimaiyyətində belə bir müzakirə də aparılır. Görəsən, klubun bugünkü rəhbərliyi və heyəti ilə heç bir əlaqəsi olmayan hadisəyə görə belə ağır sanksiya tətbiq etmək nə qədər məntiqlidir?

Hüquqşünaslar hesab edirlər ki, məhz bu məqam CAS-da əsas mübahisə predmetinə çevrilə bilər. İndi diqqətlər AFFA-nın mövqeyinə yönəlib. Azərbaycan futbolunun ali qurumu ölkə futbolunun maraqlarını qorumaq üçün UEFA qarşısında hansı addımları atacaq? AFFA bu qərarın yumşaldılması və ya ləğvi istiqamətində hüquqi və diplomatik dəstək göstərəcəkmi? Çünki söhbət təkcə bir klubdan deyil, Azərbaycanın UEFA reytinqindən, ölkə futbolunun beynəlxalq nüfuzundan və bölgə futbolunun inkişafından gedir.

q6hkIPLWlZQ1tAiz0TOymgzTVkRpkLavODIXvDhk_1200.png

Ən çox müzakirə olunan məsələlərdən biri də odur ki, "Turan Tovuz"un apellyasiya şikayəti təmin olunmasa, onun yerini hansı komanda tutacaq?

Reqlamentə əsasən, avrokuboklara göndəriləcək növbəti komandanın müəyyənləşdirilməsi gündəmə gələ bilər. Lakin bu da ayrıca mübahisə yaradacaq. Çünki meydanda haqq qazanmış komandanın masa arxasında kənarda qalması Azərbaycan futbolunda uzun müddət müzakirə olunacaq presedentə çevrilə bilər.

Hazırda "Turan Tovuz" rəhbərliyi geri çəkilmək fikrində deyil. Klub CAS-a müraciət edəcəyini açıqlayıb və Konfrans Liqasına hazırlıq planlarının dəyişmədiyini bəyan edib. Türkiyə toplanışı da daxil olmaqla bütün proqram qüvvədə saxlanılır. Bu isə onu göstərir ki, Tovuz təmsilçisi sonadək mübarizə aparmaq niyyətindədir.

CAS UEFA-nın qərarını qüvvədə saxlayacaq, yoxsa "Turan Tovuz" idman prinsiplərinə əsaslanaraq haqqını geri ala biləcək? Azərbaycan futbolunun ən böyük mübahisələrindən birinə çevrilən bu hadisənin cavabı yaxın həftələrdə məlum olacaq.

Cavanşir Abbaslı
Musavat.com

Chosen
3
21
musavat.com

10Sources