EN

Macarıstan-Ukrayna münasibətlərində yeni mərhələ: Zelenski ilə görüş gündəmdədir

Macarıstanın yeni Baş naziri Peter Macyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyə hazır olduğunu açıqlayıb. Bu görüş baş tutacağı təqdirdə, iki ölkə arasında son illərdə gərginləşən münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

News365.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Peter Macyar Almaniyaya səfəri zamanı bildirib ki, Ukraynadakı macar icmasının hüquqları ilə bağlı aparılan danışıqların müsbət nəticələnməsi Zelenski ilə görüş üçün əlverişli zəmin yarada bilər.

Baş nazir qeyd edib ki, tərəflər arasında texniki müzakirələr yekunlaşdıqdan sonra yüksək səviyyəli təmasların başlanması mümkündür. O, mövcud problemlərin həllinə nikbin yanaşdığını da vurğulayıb.

Analitiklər hesab edirlər ki, Viktor Orban dövründən sonra Budapeştin xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Ukrayna ilə münasibətlərə də təsirsiz ötüşməyəcək. Yeni hökumət Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi və qonşu ölkələrlə dialoqun genişləndirilməsi istiqamətində addımlar atır.

Məlumata görə, Peter Macyarın yaxın günlərdə Parisə səfəri də planlaşdırılır. Bundan əvvəl Budapeşt Avropa İttifaqı ilə milyardlarla avro dəyərində maliyyə paketinin ayrılmasını nəzərdə tutan siyasi razılaşma əldə edib və Avropa tərəfdaşları ilə əlaqələrin bərpasına yönəlmiş fəaliyyətini davam etdirir.

Ekspertlərin fikrincə, Zelenski-Macyar görüşü baş tutarsa, bu, təkcə Kiyev-Budapeşt münasibətləri üçün deyil, həm də Avropanın siyasi gündəmi baxımından diqqətçəkən hadisələrdən biri olacaq.

News365.az

Chosen
24
news365.az

1Sources