EN

Tarixdə ilk ABŞ-Azərbaycan iqtisadi dialoq prosesi başladı...



Arzuxan Əlizadə: "Belə bir şəraitdə Azərbaycan kritik minerallar və nadir torpaq elementlərinin alternativ təchizatçılarından biri kimi ön plana çıxır"

ABŞ və Azərbaycan arasında keçirilən Birinci İqtisadi Dialoq çərçivəsində kritik materiallar və nadir torpaq elementləri sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. Qlobal miqyasda bu resurslara tələbatın artdığı, xüsusilə yaşıl enerji, elektromobil istehsalı və yüksək texnologiyalar sektorlarında onların strateji əhəmiyyət qazandığı bir dövrdə bu əməkdaşlıq diqqət çəkir.

ABŞ-la Azərbaycan arasında kritik materiallar və nadir torpaq elementləri ilə bağlı imzalanmış sənədin siyasi, iqtisadi və geostrateji əhəmiyyəti nədən ibarətdir? Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq xammal və texnologiya təchizat zəncirlərində rolunu necə dəyişə bilər?

ABŞ və Azərbaycan arasında Birinci İqtisadi Dialoq çərçivəsində kritik materiallar və nadir torpaq elementləri ilə bağlı əməkdaşlığın əhəmiyyəti bir neçə istiqamətdə qiymətləndirilə bilər. Birincisi, Azərbaycanın iqtisadiyyatının neft-qaz sektorundan kənar şaxələndirilməsinə töhfə verə bilər.

İkincisi, ABŞ və Qərb ölkələrinin kritik minerallar üzrə təchizat zəncirlərinin şaxələndirilməsi baxımından Azərbaycanın strateji rolunu artıra bilər.

Üçüncü, ölkəyə yeni investisiyaların, texnologiyaların və geoloji kəşfiyyat imkanlarının cəlb olunmasına şərait yarada bilər.

Dördüncüsü, Azərbaycanı yaşıl enerji, elektromobil batareyaları və yüksək texnologiyalar üçün vacib olan xammal bazarında daha əhəmiyyətli oyunçuya çevirə bilər.

Eyni zamanda bu əməkdaşlıq Bakı ilə Vaşinqton arasında iqtisadi və strateji tərəfdaşlığın dərinləşməsinin göstəricisi kimi də qiymətləndirilə bilər.

Qısaca, saziş Azərbaycanın qlobal kritik minerallar bazarında mövqeyini gücləndirmək və ABŞ ilə iqtisadi əməkdaşlığı genişləndirmək potensialına malikdir.

Milli Məclisin deputatı, AMİP lideri, siyasi şərhçi Arzuxan Əlizadə məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, ABŞ və Azərbaycan arasında keçirilən Birinci İqtisadi Dialoq çərçivəsində kritik materiallar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq haqqında sənədin imzalanması olduqca geniş əhatəyə malik hadisə kimi qiymətləndirilməlidir.

Ekspertin sözlərinə görə, məsələyə ilk növbədə siyasi müstəvidən yanaşdıqda görünür ki, ABŞ-Azərbaycan münasibətlərində uzun illər ərzində əsas əməkdaşlıq istiqamətləri enerji təhlükəsizliyi və nəqliyyat sahələri olub. Kritik mineralların əməkdaşlıq gündəliyinə daxil edilməsi isə münasibətlərə yeni çalar gətirir.

Arzuxan Əlizadə qeyd etdi ki, bu addım Vaşinqtonun Azərbaycana artıq yalnız neft və qaz təchizatçısı kimi deyil, həm də gələcəyin texnologiyaları üçün strateji əhəmiyyət daşıyan kritik mineralların potensial ixracatçısı kimi baxmağa başladığını göstərir. Onun fikrincə, bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olacaq.

Deputat vurğuladı ki, hazırda dünyada kritik minerallar və nadir torpaq elementləri bazarında əsas mövqeyi Çin tutur. Dünyanın kritik mineral ehtiyatlarının böyük hissəsi Çinlə əlaqələndirilir ki, bu da ABŞ və onun müttəfiqlərini alternativ mənbələr axtarmağa sövq edir. Bu baxımdan Azərbaycan kritik mineralların alternativ təchizatçılarından biri kimi gündəmə gəlir və bu amil ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.

Ekspert hesab edir ki, bu əməkdaşlıq Azərbaycanın logistika imkanlarının genişlənməsinə də mühüm töhfə verəcək. Azərbaycan həm Orta Dəhlizin, həm Transxəzər marşrutunun, həm də Avropa-Asiya nəqliyyat infrastrukturunun əsas iştirakçılarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək. Kritik mineralların məhz bu marşrutlar vasitəsilə daşınması ölkənin tranzit və logistika potensialını artıracaq, eyni zamanda Azərbaycanın regional və qlobal nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

Arzuxan Əlizadənin fikrincə, dünya bu gün nadir torpaq elementləri və kritik mineralların istehsalında əsasən Çindən asılı vəziyyətdədir. Belə bir şəraitdə Azərbaycanın alternativ təchizat mənbələrindən biri kimi önə çıxması həm ölkənin geoiqtisadi əhəmiyyətini artıracaq, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.

Dəniz NƏSİRLİ

Chosen
22
baki-xeber.com

1Sources