EN

Dərinin təmizlənməsi üçün istifadə edilən məhsulların əksəriyyəti dəridəki nəmi azaldır

“Normal funksiyasını yerinə yetirmək üçün dəri sağlam olmalıdır. Dəri sağlamlığını isə müxtəlif səbəblərdən itirə bilər”.
 
Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanasının Poliklinika şöbəsinin həkim-dermatoveneroloqu Leyla Əsədova bildirib.
 
Həkim qeyd edib ki, dərinin quruması bunlardan biridir: “Dərinin quruluğu qaşınma və çatlama ilə özünü göstərən bir vəziyyətdir. Quru dəri bədənin hər hansı bir yerində, müxtəlif səbəblərdən yarana bilər. Ən çox əllərdə, qollarda və ayaqlarda quruluq müşahidə olunur. Bəzən nəmləndirici istifadə edərək bu problemi həll edə bilsəniz, bəzən isə həkimə müraciət etməlisiniz”.
 
L.Əsədova bildirib ki, ekzema və atopik dermatit, seboreya dermatiti, psoriazdan başqa dərinin qurumasına səbəb ola biləcək bir sıra amillər mövcuddur.
 
Onun sözlərinə görə, dərinin qurumasının səbəblərinə aşağıdakılar daxildir:
Hava: Qış aylarında temperatur və rütubət azalır. Bu aylarda dəri qurumağa meyillidir;
Temperatur: Ətrafı qızdırmaq üçün istifadə edilən soba, elektrik sobası və radiatorlar havanı qurudur və dərinin qurumasına səbəb olur;
İsti vanna və duş: Uzun müddət isti suda qalmaq dərini qurudur. Eyni zamanda, çox xlorlu hovuzlar da dərinin qurumasına səbəb olur;
Sabun və yuyucu vasitələr: Dərinin təmizlənməsi üçün istifadə edilən məhsulların əksəriyyəti dəridəki nəmi azaldır;
Yaş: Yaşlıların dərisi gənclərə nisbətən daha çox qurumağa meyillidir;
Əllərin yuyulması: Peşələrinə görə əllərini tez-tez yumaq məcburiyyətində qalanlarda quru əllər meydana gəlir;
Hamiləlik zamanı quru dəri: Hamiləlikdə hormonal dəyişikliklər və qarın dərisinin uzanması dərinin elastikliyini və nəmini itirməsinə səbəb ola bilər. Buna uyğun olaraq hamilə qadınların qarın və bud nahiyələrində qaşınma, pulcuq və quru dəri lezyonları görünə bilər.
 
Həkim vurğulayıb ki, problemi aradan qaldırmaq üçün dəri daim nəmləndirilməlidir:
 
“Dərinin həddindən artıq qurumasına “xerosis cutis” deyilir. Xüsusilə yaşlı insanlarda yayğındır. Normalda dərinin hamar olması üçün nəmə ehtiyacı var. Yaşlandıqca dərinin nəmliyi azalır. Yaşlı dəri nəm və yağını itirdiyi üçün quru, kobud görünür.
Ümumiyyətlə cilddəki quruluq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Dəri xəstəliyi yoxdursa, onu nəmləndirmək və bol maye qəbul etmək tövsiyə olunur. Qırışların və sallanmaların qarşısını almaq üçün siqaret və spirtli içkilərdən imtina etməlisiniz. Stresi azaldan fəaliyyətlər, dərin nəfəs məşqləri, yoqa və meditasiya da son dərəcə faydalıdır”.
Chosen
257
6
aztibb.az

10Sources