EN

Tərtərdə icra hakimiyyətindən kömək istəyən qaziyə: "Get kartını paylaş"! - Şikayət...

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə"!
"DogruXeber.az" xəbər verir ki, bu sözləri qazi Orxan Həsənzadə "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramında deyib.
Orxan Sulduz oğlu Həsənzadə. Tərtər rayon sakinidir. İkinci "Qarabağ" azad etmək uğrunda Vətən müharibəsində döyüşüb, ağır yaralanıb və üçüncü qrup müharibə əlilidir.
Ölkə başçısının sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətlərə görə " medalları ilə təltif olunub.
Bildirir ki, atası vəfat edib, anası onkoloji xəstədir. Anası və kiçik qardaşı onun himayəsindədir. Evin dolanışığı bir tərəfdən, xəstə ananın və özünün müalicəsi digər tərəfdən Orxanı maddi çətinliyə salıb.
Orxan bildirir ki, müharibə bitdikdən sonra müalicəsi üçün "YAŞAT" fonduna müraciət edib. Lakin, fond ona köməklik göstərməyib. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq, bankdan kredit götürüb, əməliyyat olunub, müəyyən qədər müalicə götürüb. Amma, pul qurtardığı üçün yenə də müalicəsi yarımçıq qalıb. Bir tərəfdən kredit borcu, digər tərəfdən müalicəsi, yuxarıda da qeyd etdiyimiz kimi ananın müalicəsi, dolanışıq və sair... bütün bunları yeganə gəliri olan pensiya ilə təmin etməsi mümkünsüzləşib.
Orxan bildirir ki, "kreditimi ödəsin deyə "YAŞAT " fonduna yenidən müraciət etdim, onlar deyir biz müharibədən əvvəlki borcları bağladıq, müharibədən sonrakı borc bizə aid deyil. Halbuki, onlar müalicəmi etdirmədiyi üçün mən məcbur olub bankdan kredit götürmüşdüm. Dəfələrlə Məşğulluq idarəsinə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də, İcra Hakimiyyətinə də iş üçün müraciət etmişəm ki, heç olmasa, bir işlə təmin etsinlər, borcumu ödəyə və müalicəmi davam etdirə bilim. Onu da etmirlər. İcra Hakimiyyətində mənə deyirlər, "get kartını paylaş, bəlkə kimsə kömək edər". Mən bu vətən üçün döyüşmüşəm, niyə xalqdan kömək istəyim? Mən qazilərin "diləndirilməsi"nin əleyhinəyəm. Mənə mənim Dövlətim kömək etməlidir, köməyi, xalq yox"!
Qeyd edək ki, Orxan Həsənzadənin müraciəti ilə bağlı qarşı tərəf olaraq, Tərtər Rayon İcra Hakimiyyətində "Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsi"nin müdiri Ülvi Nəcəfov ilə telefon əlaqəsi saxladıq.
Ülvi Nəcəfov bildirdi ki, "Orxan kreditinin ödənilməsini istəyir, onu da ki, müharibədən əvvəlki borcu "YAŞAT" fondu ödəyirdi, yeni borcları yox. Orxana özünüməşğulluq proqramı çərçivəsində 3 baş iribuynuzlu heyvan və 12 sot həyətyanı torpaq sahəsi verilib. Özü də hazırda Bakıda yaşayır".
Orxan Həsənzadə canlı yayımda Ülvi Nəcəfovun bildirdiklərinə aydınlıq gətirib - "3 heyvan verilmişdi, biri gələn kimi öldü, ikisi də çox zəif idi satdım. Qaldı ki, torpağa, mənə çöllükdə (təsərrüfat sahələrinin yanında) 12 sot həyətyanı torpaq veriblər, hər ağzımı açanda başıma qaxırlar ki, "sənə torpaq verilib". Mən o, torpağı yeyə, onunla müalicə etdirə bilmirəm axı. Mən iş istəyirəm. Bakıya da işləmək məqsədilə gəlmişəm. Bir dostum var, kombi ustasıdır, sağ olsun o, çağırıb özü ilə iş olanda məni də aparır, heç mənə iş də vermir, özü edir, amma qazandığı puldan mənə də verir ki, evimə çörək alım.
Tərtərdə mənə iş verdilər də, mən işləmədim? İşim olsa, mənim burada nə işim var?"

Chosen
353
2
paralel.az

10Sources