EN

"Terror lokal deyil, qlobal hadisədir" - ŞƏRH EDİLDİ

"Terror müasir dövrdə dünya ölkələri üçün çox ciddi problemdir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, hər bir ölkə özünün milli təhlükəsizlik strategiyasında terrorçuluq, terrorçuluğa qarşı mübarizə ilə bağlı konkret strategiya hazırlayır: "Terrorçuluqdan minimum sığortalanmaq üçün öz fəaliyyətini qurur və mübarizə aparır. Bu gün faktiki olaraq dünyanın müxtəlif coğrafiyalarında terrorçuluqdan əziyyət çəkən ölkələr, xalqlar və sair göz önündədir. Düşünürəm ki, beynəlxalq terror anlayışının məzmununa aydınlıq gətirməkdən, onunla mübarizə yollarından əvvəl terrorçuluq anlayışının məzmununa aydınlıq gətirməliyik.

Terrorçuluq dedikdə ictimai təhlükəsizliyi pozmağa yönəlmiş, əhali arasında çaşqınlıq, vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanlarına, beynəlxalq təşkilatlara, beynəlxalq təşkilatlarda hansısa qərarların qəbul edilməsinə qarşı yönəlmiş anti-humanist fəaliyyət nəzərdə tutulur. Hansı ki, bu fəaliyyətin nəticəsində insan həyatına vurulan zərərdən tutmuş xüsusi, yaxud dövlət əmlakına vurulan zərər də daxil olmaqla bütövlükdə ictimai təhlükə yaratmaq, diqqət cəlb etməyə yönəlmiş fəaliyyət nəzərdə tutulur. Bunun üsullarına gəldikdə isə terrorçuluqda partlayış, yanğın, digər bunlara bənzər hərəkətlər törətmək yolu ilə, bu məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə bağlı hədələmələr nəzərdə tutulur. Terrorçular öz məqsədlərinə çatmaq üçün bu cür antihumanist fəaliyyət göstərirlər.

Konkret olaraq terrorçu dediyimiz şəxs hər hansı formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs və ya şəxslər qrupudur. Tək şəxsdirsə, terrorçu şəxs, sayı iki və daha çoxdursa, terrorçu qrup kimi qiymətləndirilir. Böyük terror təşkilatları vardır ki, (məsələn, ASALA, PKK) beynəlxalq səviyyədə terror təşkilatları kimi tanınır. Bunlar öz seçim məqsədlərinə çatmaq üçün hədəf seçdikləri ölkələrin ərazisində müxtəlif terror aktlarının həyata keçirilməsi ilə daimi gündəmə gəlirlər.

Beynəlxalq terror beynəlxalq terror fəaliyyəti ilə bağlı anlayış olaraq meydana çıxıb. Elmi ədəbiyyatda da biz bu anlayışa rast gəlirik. Beynəlxalq terror fəaliyyəti dedikdə terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən fəaliyyət nəzərdə tutulur. Bu fəaliyyətlərin də maraqları, hədəfləri var. Bu hədəflərə çatmaq üçün antihumanist mexanizmlər var. Terrorçular məhz bu üsullarla çirkin məqsədlərinə çatmaq yolunu müəyyənləşdirirlər. Öz hədəflərinə çatmaq üçün istənilən antihumanist hərəkətləri etməkdən çəkinmirlər. Belə olduğu halda terrorun beynəlxalq terror kimi qiymətləndirilməsi artıq mümkündür. Bu əməliyyatlar olduğu halda baş vermiş terror hadisəsi beynəlxalq terror kimi qiymətləndirilə bilər.

Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan dəfələrlə teraktların qurbanı olmuşdur. Bizim insanlar həyatlarını itirmişdilər. Məsələn, Bakı metropolitenində baş verən terror hadisələrini, avtobuslarda, müxtəlif nəqliyyat vasitələrində baş verən teraktları qeyd edə bilərik. Teraktların törədilməsi ilə bağlı müfəssəl, dəqiq məlumatlar xüsusi xidmət orqanlarındadır. Amma ümumiyyətlə qeyd edə bilərik ki, düşmən Ermənistan, onların xüsusi xidmət orqanları, ASALA terror təşkilatı hər zaman Azərbaycan ərazisində müxtəlif terror aktları törətməkdə maraqlı olublar. Hətta bu terror aktları Azərbaycan ərazisində törədilib. Müstəqilliyimizin son 20 ili ərzində Azərbaycan milli təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilib. Mənfur qonşularımızın Azərbaycan ərazisində keçirmək istədiyi hər hansı terror aktlarının qarşısı alınır. Ümid edirik ki, bu həmişə belə olacaq, dövlətimiz daha da güclənəcək, insanlarımız daha da ayıq-sayıq olacaq, terrorla mübarizədə hər zaman öz dövlətinə dəstəklərini verəcəklər".

"Digər ölkələrdən isə qardaş Türkiyənin durmadan terrorla apardığı mübarizəsini qeyd etməliyik. Çünki PKK terror təşkilatı dayanmadan Türkiyə Cümhuriyyətinin ərazisində müxtəlif teraktlar törətməyə cəhdlər edir. Bəzən, təəssüf ki, bunlar baş tutur, insanlar həyatını itirir. Eyni zamanda Türkiyə dövləti də beynəlxalq terrora qarşı dövlət, xalq olaraq öz gücünü nümayiş etdirir.

Son günlər Rusiya paytaxtı Moskvada da baş vermiş terror aktı arzuolunmaz hal idi. Baş verən terror aktının hansı dairələrdən idarə olunması ilə bağlı konkret fikir söyləyə bilmərik. Amma baş tutan bu terror aktı nəticəsində onlarla insan həyatını itirdi, dövlətə maddi zərər dəydi. Hər baş verən terror hadisəsindən maddi itkilərlə yanaşı, mənəvi sarsıntılar da olur. Xalq, dövlət bu və ya digər şəkildə əziyyət çəkmiş olur.

Terakt elə bir hadisədir ki, onun hansı ölkənin ərazisində baş verməsindən, hansı dairələrə qarşı yönəlməsindən asılı olmayaraq istənilən halda terror fəaliyyəti ilə məşğul olan terror təşkilatları daimi qınaq obyektinə çevrilməlidir. Bütün ölkələr terrorizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlıqda maraqlı olmalıdırlar. Çünki bu gün bu dövlətin ərazisində baş verən terror aktı sabah digər ölkənin ərazisində baş verə bilər. Çünki terrorçuların maraq dairələri müxtəlifdir. Konkret olaraq müəyyənləşdirdikləri ölkəyə qarşı onların fəaliyyət planı var. Onlar durmadan bu çirkin fəaliyyətlərini davam etdirirlər. Amma geniş düşündükdə terror lokal deyil, qlobal hadisədir. Dünyanın bir çox ölkələrində, təəssüf ki, terror aktlarının şahidi oluruq. Bu, reallıqdır. Harada, hansı səbəbdən baş verməsindən asılı olmayaraq terror aktı qınanmalıdır, dövlətlər, xalqlar əl-ələ verib terrorizmə qarşı birgə mübarizədə həmrəylik nümayiş etdirməlidirlər" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
332
39
sia.az

10Sources