EN

Nobel və mükafatı...

Hazırda dünyada ən prestijli mükafatlardan biri olan Nobel mükafatını qazanmaq çoxlarının xəyalıdır. Bu mükafata layiq ola bilmək üçün əllərindən gələni edirlər. Bu da, əslində, müsbət yönümlü bir motivasiyadır. Belə ki, Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və təşkilatlara fizika, kimya, ədəbiyyat, iqtisadiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir. Buna görə də bu mükafatı qazana bilmək üçün çalışanlar öz sahələrini daha da inkişaf etdirirlər.

Bəs Nobel mükafatı necə yaranıb?

Məşhur Nobel mükafatının yaranma tarixi Alfred Nobellə bağlıdır. O, 1867-ci ildə dinamiti, 1887-ci ildə isə partlayıcı jelatin və tüstüsüz nitrogliserin tozunu kəşf edib. Bu kəşflər tikinti və hərbi sənayedə istifadə olunaraq ona böyük sərvət gətirib. Nobelin qardaşı 1888-ci ildə Fransada vəfat edib və fransız qəzeti onu Alfred Nobel zənn edərək “Ölüm taciri vəfat etdi” adında nekroloq dərc edib. Alfred Nobel özünə həsr olunmuş bu yazını oxuyanda çox təsirlənir. Bu hadisədən sonra o, sərvətinin müəyyən hissəsinin hər il fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə yeniliklər gətirən şəxslərə verilməsini və bunun üçün Nobel fondunun yaradılmasını vəsiyyət edir. Daha sonra 1968-ci ildə iqtisadiyyat sahəsi də bura əlavə edilir.

Alfred Nobel 10 dekabr 1896-cı ildə İtaliyanın San Remo şəhərində vəfat edib. 1901-ci ildən etibarən onun vəsiyyətinə uyğun olaraq Nobel mükafatı verilməyə başlanıb.

Alfred Nobel mükafatı maliyyələşdirmək üçün 265 milyon dollar məbləğində vəsait ayırıb.  

Nobel mükafatının laureatının təltif olunma mərasimi hər il 10 dekabrda - Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda İsveç kralının şəxsən özü tərəfindən təqdim edilir. Laureatlara verilən mükafata medal, şəxsi diplom və pul mükafatı daxildir. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Hazırda bu məbləğ təqribən 1.3 milyon dollar təşkil edir.

Bu gün - 21 oktyabr Alfred Nobelin anadan olmasının 190-cı ildönümüdür.

Müşfiq

Chosen
518
5
yeniazerbaycan.com

10Sources