EN

“Ağciyər xəstəliklərinə müasir yanaşmalar” adlı regional konfrans keçirilib » Medical Media


Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar “Ağciyər xəstəliklərinə müasir yanaşmalar” adlı regional konfrans keçirilib.

Konfransda Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Azərbaycan Pulmonoloqlar Cəmiyyətinin sədri, uzman həkim Çağla Xurşud Hüseynova, İmişli-Sabirabad tibbi ərazi bölməsinə daxil olan tibb müəssisələrinin direktorları, rəhbər əməkdaşları, ətraf rayonların tibb müəssisələrinin həkim-mütəxəssisləri iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru N.Əliyev son dövrlər tütünçəkmənin sürətli şəkildə artmasından, onun fəsadlarından və mübarizə üçün birgə səylərin göstərilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra “Ağciyər xəstəliklərinə müasir yanaşmalar” mövzusunda çıxışlara yer verilib.

Azərbaycan Pulmonoloqlar Cəmiyyətinin sədri, uzman həkim Çağla Xurşud Hüseynova “İqlim dəyişkənliyi və tənəffüs yolu infeksiyaları” mövzusunda çıxış edərək diqqəti ətraf mühit amillərinin orqanizmə təsirinə çəkib, cəmiyyətin üzvü, uzman həkim Nicat Ağayev ağciyər xəstəlikləri içində xüsusi əhəmiyyət kəsb edən “Plevral mayenin diaqnostikası”ndan danışaraq konfrans iştirakçılarına differinsial diaqnostikadan bəhs edib.

Yeni Klinikanın həkimi Günay Rəhimova “Tütün istifadəsinin kardiovaskulyar xəstəliklərdə rolu”, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Samirə Məmmədova “Ağciyər xəstəliklərinin reanimasiyada idarə olunması”, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Firuzə Bəşirova isə “Hava çirkliliyi və xroniki övrə” mövzularında çıxışlar ediblər. 

Qeyd edək ki, siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogenlərdən ibarət 400-ə qədər kimyəvi maddə mövcuddur. Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyərlərin fəaliyyətini pozur, oksigen çatışmazlığı ürək krizisi ehtimalını artırır. Ağız qoxusu, diş əti xəstəlikləri, dad hissiyyatının zəifləməsi, yaddaş zəifliyi, ruhi gərginlik, yuxusuzluq, xroniki başağrıları, gözdə katarakta və korluq və s. kimi xəstəliklər məhz siqaretə olan aludəçilikdən yaranır.
 
Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir və bu zərərli vərdiş dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.
Chosen
141
1
medicalmedia.az

2Sources