EN

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

 

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür. 

Missiya.Az xatırladır ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb. 

Məhərrəm Əli oğlu İbrahimov isə 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub. 

2021-ci ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb. 

Nəticədə üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu və Sirac Abışov "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
117
10
missiya.az

10Sources