EN

Xasay Həsənli: “Finalda rəqibə qələbəni hədiyyə etdim”

Albaniyada keçirilmiş U-23 dünya çempionatında gümüş medal qazanmış güləşçimiz Xasay Həsənli bu uğurunu şərh edib.

Arena.az xəbər verir ki, Tiranadakı mundialda komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

1 gümüş və 3 bürünc medal qazanan yığmanı Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Hava limanında jurnalistlərə açıqlama verən Xasay bunları söyləyib:

“Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Finalda da özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Revanş almaq istəyirdim. Bu dəfə Moldova idmançısıyla daha yaxşı güləşdim. Belə deyim, rəqibə qələbəni hədiyyə etdim. Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir. İnşallah, bu çatışmazlığı aradan qaldırıb daha böyük arenalarda daha böyük qələbələr qazanmağa çalışacağam. Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş mundialda Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Millimizin digər üzvlərindən Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşi üzrə yığmamız bu dünya çempionatını 4 medalla (1 gümüş, 3 bürünc) başa vurub. 93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub. Türkiyə (121) birinci, Gürcüstan (78) isə üçüncü yeri tutub. Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Chosen
1593
2
arena.az

10Sources