RU

İcra başçısının yaxın adamı adlandırılan bələdiyyə sədrinin cəzası azaldıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri olmuş Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü qismən ləğv edilib, onun cəzası 3 ilə endirilib.

 

İttihama görə, Cəmaləddin Nuriyev 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövr ərzində Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrini reyestr qiymətlərinə əsasən, ümumilikdə 102 300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17 084 manata 28 şəxsə satıb. Həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil bələdiyyəsindən torpaqlarını alıb. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılıb. Araşdırmalar zamanı torpaq sahələrinin dəyərindən qat-qat aşağı satıldığı məlum olub. Belə ki, Cəmaləddin Nuriyev 0,12 ha torpaq sahəsini 4 300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda, 2017-ci il tarixli qərarla həmin torpaq sahəsini 1 000 manata satıb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ev dustaqlığında olan Cəmaləddin Nuriyev məhkəmə zalında həbs olunub. Ali Məhkəmədə şikayətə baxılarkən onun kassasiya şikayətini geri götürdüyü elan edilib. Daha sonra Ali Məhkəmə aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
 

Qeyd: KİV-də Cəmaləddin Nuriyev Şabran İcra Hakimiyyətinin başçısı olan, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinə başçılıq edən Novruz Novruzovun yaxın adamı kimi təqdim olunub. Novruz Novruzov Siyəzənin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Cəmaləddin Nuriyev rayonun hazırkı icra başçısı Asif Hüseynov haqqında bir sıra dövlət orqanlarına şikayət edərək bildirib ki, başçının göstərişi ilə adamları onu təhdid edib və bələdiyyə sədri vəzifəsindən istefasını tələb ediblər.

 

Kamal Məmmədov

 

 

Tarix: 22 Avqust 2024, 09:59   
Избранный
113
2
pravda.az

10Источники