Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısından sonra ABŞ televiziyasına müsahibə verən İsrail Baş naziri Netanyahu ərəb liderlərinə “Əgər maraqlarınızı qorumaq istəyirsinizsə, edə biləcəyiniz tək şey budur. Susun”- deyə reaksiya verib.
Publika.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya hücumları davam edərkən ABŞ-ın CNN televiziyasına verdiyi eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Birgə Zirvə Toplantısında onu tənqid edən ərəb dövlətlərinin liderlərini və hökumət başçılarını açıq şəkildə hədələyib. Ərəb liderlərinə xitabən Netanyahu, “Əgər gücünüzü və maraqlarınızı qorumaq istəyirsinizsə, edə biləcəyiniz yalnız bir şey var. Və bu, səsinizi kəsməkdir" deyib.
ABŞ və Avropada İsrailin Qəzzada dinc insanları öldürməsi ilə bağlı artan etirazlara cavab olaraq İsrailin baş naziri, “İsrail Qəzzada HƏMAS üzvlərini öldürür. Biz mülki insanları öldürmürük. ABŞ-ın nə deyəcəyi önəmli deyil",- deyə açıqlayıb. Əksəriyyəti qadın və uşaq olan on mindən çox mülki şəxs haqqında danışmaqdan yayınan Netanyahu İsrail ordusunun beynəlxalq hüquqa uyğun döyüşdüyünü iddia edib.
Digər tərəfdən, Amerikanın NBC telekanalına danışan Netanyahu, diktorun “Məqsədinizə çatmaq üçün daha nə qədər mülki vətəndaşın ölməsi lazımdır?” sualına öldürülən fələstinliləri günahlandıraraq cavab verib. “Əgər onlar İsrailin istədiyini etsəydilər və çağırışlarımıza qulaq assaydılar, heç bir mülki vətəndaş həlak olmazdı” deyib. Netanyahu bütün dünyada İsraili dayandırmaq məqsədi daşıyan nümayişləri də tənqid edərək nümayişçiləri “faktları bilməyən manipulyasiya edilmiş insanlar” kimi xarakterizə edib.