RU

Dünya ölkələrinin məşğulluq xidmətlərinin nümayəndələri beynəlxalq konfransda öz təcrübələrini bölüşürlər

Bakı, 16 noyabr, AZƏRTAC

Türkiyənin Antalya şəhərində NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” konfransı öz işinə başlayıb.

Konfrans Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə keçirilir.

Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, konfransda 41 ölkədən, habelə Beynəlxalq Əmək Təşkilatı (BƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) nümayəndələr iştirak edirlər. Tədbirdə Türkiyə İŞKUR-un baş direktoru Samet Güneş konfransın əhəmiyyətini, iki gün davam edəcək tədbirdə dünya ölkələri üçün vacib çağırışlardan biri olan gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində birgə həllərin müzakirə ediləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsas məqsəd təhsilsiz, işsiz və ya təlimsiz gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif ölkələrdə bu sahə üzrə mövcud olan təcrübələrin mübadiləsidir.

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığını, həmçinin əmək və sosial müdafiə, məşğulluq sahəsində səmərəli əməkdaşlıq təcrübəsini vurğulayıb.

O, agentliyin fəaliyyəti barədə məlumat verib, qurumun fəaliyyətində müasir yanaşmalara, rəqəmsallaşmaya böyük önəm verildiyini qeyd edib. Dekabrın 14-də “WAPES World of PES” seminarlar silsiləsi çərçivəsində agentliyin onlayn təqdimatının keçiriləcəyini deyib, iştirakçıları tədbirə qatılmağa və agentlik haqqında daha çox məlumat əldə etməyə dəvət edib.

Tədbirdə, həmçinin BƏT-in Türkiyə ofisinin direktoru Yaser Əhməd Həsən, WAPES-in prezidenti Noureddin Benxalil və Avropa üzrə vitse-prezidenti Florens Dumontiyer, Avropa Məşğulluq Xidmətləri Şəbəkəsinin rəhbəri Karoline Mansel çıxış edərək konfransın gənclərin məşğulluğunun təminatı ilə bağlı fəal təcrübə mübadilələrinin aparılmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıblar.

Tədbir panellər üzrə müzakirələrlə davam etdirilib. İki gün davam edəcək konfransın növbəti günündə agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.

 

 

Избранный
283
2
azertag.az

3Источники