İmişlinin Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəbdən qovulub. Bu barədə müəllim anews.az-a müsahibəsində deyib.
"Mənə qarşı qərəz keçən il məktəbin sanitar qovşağını bərbad olduğunu işıqlandırdıqdan sonra başlayıb. Bu məsələni ictimailəşdirdikdən sonra məktəbin yenidən tikilməsi barəsində qərar verildi. Məktəb sökülüb yenidən tikildi. Amma məktəbin daxilində müəyyən problemlər qalır. Mən hər dəfə problemləri görüb ictimailəşdirdiyim üçün, eləcə də bunu rəhbərliyə bildirdiyim üçün məni məktəbdə görmək istəmirlər. Buna görə də etik normaları pozduğumu əsas gətirərək mənim müəllimlik fəaliyyətimə xitam verilib", - müəllim bildirib.
Leyla müəllimə söyləyir ki, ona qarşı olan qərəz həm də növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak edəndən sonra daha da artıb.
"Növbədənkənar parlament seçkilərində iştirakım zamanı nöqsanları göstərdim. Mənim Yeni Azərbaycan Partiyası olan üzvülük sənədimi də əlimdən almaq istəyirdilər. Direktorun nöqsanlarını göstərdiyim üçün bütün müəllimləri mənə qarşı çıxardıb. Əgər mən pis müəlliməmsə necə olur məktəb üzrə sertfikasiya prosesində ən yüksək balı yığmışam? Məktəbdə çoxlu özbaşınalıqlar var. Amma rəhbərlik bunlara göz yumur", - Nəcəfquliyeva bildirir.
Məktəb müəllimi onu işdən azad etdiyinə görə mhkəməyə müraciət edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı Aranlı Kənd 1 nömrəli tam orta məktəbinin direktoru Anar Ələkbərovla, elə də Mil-Muğan Təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab ala bilmədik.
Gülnar Nazimqızı
Həmçinin
www.anews.az