Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir. Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.
Bakterial infeksiyaların əsas əlamətləri: - temperaturun uzun müddət ərzində və davamlı olaraq yüksəlməsi; - qısa müddətli yaxşılaşmadan sonra xəstənin ümumi vəziyyətinin təkrarən pisləşməsi; - irinli ifrazatın olması; - leykositoz - qanda leykositlərin sayının artması. Hamı bilməlidir ki, antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz. Antibiotik, həkim tərəfindən yalnız son halda - xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyillər. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün “diaqnoz qoya bilməz”, çünki oxşar əlamətlər bir çox digər xəstəliklərdə də ola bilər. Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə “ziyan” vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu “dayandırırlar”. Bu böyuk səhvdir! Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlara müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı davamlılıq əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq. O biri tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin və s. orqanların zədələnməsi ilə nəticələnə bilər. Beləliklə, həkim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl etmək lazımdır. Bu çox vacibdir!Saglamolun.Az