RU

Robert Prosineçki və Qurban Qurbanovu De Byazidən fərqləndirən

Azərbaycan millisinin uğurlu nəticələrinə sonuncu dəfə Robert Prosineçki və Qurban Qurbanovun dönəmində sevinmişəm.

Yığmamız xorvatiyalı mütəxəssisin rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsinə uğurlu start vermişdi.

Evdə Norveçi udan Prosineçkinin yetirmələri səfərdə Çexiyadan bir xal qopara bilmişdi. Qızıl dəyərində xallar seçmə mərhələnin taleyi həll olunandan sonra yox, ən gərgin mübarizə gedən dönəmdə əldə olunmuşdu.

İlk 3 turda aktivimizdə 7 xal vardı. Həqiqətən, sevinməmək əldə deyildi. Möcüzəyə ümid edirdik. Təəssüf ki, Bakıda Şimali İrlandiya millisinə məğlubiyyət bütün ümidlərin üzərindən xətt çəkdi.

Çöhrəmizdə ikinci dəfə oxşar gülüş Millətlər Liqasında yaranamışdı. Qurbanovun rəhbərliyi altından ölkənin bir nömrəli komandası pley-off oynamaq üçün yaxşı imkanı yaxalamışdı. D qrupunda Kosovo ilə son tura kimi davam edən gərgin rəqabətdə liderliyi qorumaq mümkün olmamışdı.

Bu gün Canni De Byazinin baş məşqçisi olduğu yığma çox güclü İsveç millisini Bakıda darmadağın edib - 3:0. Amma nə Robertin, nə də Qurbanovun dövründəki sevinc, inam yoxdur.

Çünki zamanlama yanlışdı.

İtaliyalı mütəxəssis bu uğuru seçmə mərhələnin əvvəlində, heç nə hələ dəqiqləşməyəndə əldə etsəydi, 100% onu ayaqüstə alqışlamaq lazım idi.

Lakin bu gün yer aldığımız qrupda bütün suallara aydınlıq gəlib. Artıq hər kəs seçmə mərhələnin bitməsini gözləyir. Belədə meydana enib "mən də varam" demək arxadan atılan daş effekti yaradır.

Necə ki, daha əvvəl De Byazi ilə bağlı oxşar mənzərə yaşamışıq.

Ardıcıl 5 qələbə kimsənin yadından çıxmayıb. Həmin qalibiyyətləri əlində böyük uğur kimi bayraq edənlər sonda nələrlə qarşılaşdığı çox da uzaq tarix deyil.

Azarkeşlər də, mütəxəssislər də bu baxımdan haqlıdır. Çünki futbol ictimaiyyəti belə gedişləri illərdi görür.

Bert Foqtsun zamanında da oxşar tendensiya tez-tez yaşanırdı. Seçmə mərhələdə yer aldığımız qrupda bütün suallara aydınlıq gələndən sonra millimiz parlaq nəticələrlə yadda qalırdı. Bu da əcnəbi mütəxəssislərlə müqavilə yenilənməsinə yol açırdı.

Amma açılan yeni seçmə mərhələ səhifəsində uğurların davamı gəlmirdi.

Deməli, təcrübə göstərir ki, bugünkü mənzərə bizi aldatmamalıdır. Növbəti yanlış qərara yer yoxdur.

XANOĞLAN İMANOV

Избранный
929
28
sportinfo.az

10Источники