Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.
Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb. Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər. Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər. Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.
Müəssisə barədə məlumat verən Ədliyyə Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir.
Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq. “Ədliyyə Nazirliyində Penitensiar sistemin müasirləşdirilməsi istiqamətində islahatlar davam edir. Bu islahatlar çərçivəsində dövlət büdcəsi hesabına yeni müəssisələr tikilib istifadəyə verilir. Umbakı penitensiar kompleksin istifadəsi də bu tədbirlərin davamı kimi tikilib istifadəyə verilib. Lənkəranda və Gəncədə də belə müəssisələr inşa edilir. Dövlətimizin siyasətinə uyğun olaraq əsas məqsəd bütün məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Oqtay Məmmədov deyib ki, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb. 






















































