
“Sabah” klubunun köməkçi məşqçisi Saşa Sablyak biri şərti olmaqla iki oyunluq cəzalanıb.
Sportnet.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Məşqçi Misli Premyer Liqasının X turunda “Zirə” “Sabah” görüşünün 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanıb. Məşçinin şərti cəzası üçün 3 ay sınaq müddəti təyin edilib. S.Sablyakın bu hərəkətinə görə, həmçinin “Sabah” klubu 1000 manat cərimələnib.
İntizam Komitəsi “Neftçi”ni də cərimələyib. X turun “Neftçi” – “Səbail” oyununun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. “Neftçi” həmçinin oyununun fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə 800 manat cərimə olunub.
X turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsində Tovuz klubu meydançaya gec çıxdığına görə oyun gec başladığı üçün 1500 manat cərimələnib.