RU

Bayram ərəfəsi qiymət artımı: “Hökumət müəyyən tədbirlərlə bunun qarşısını ala bilər”

Yeni il yaxınlaşır. Bayram ərəfəsində bazarlarda qiymət artımı artıq ənənəyə çevrilib. Mövsüm boyu qiymətlərində ciddi artım müşahidə edilməyən məhsullar həmişəkindən baha satılmağa başlayır. 

Bayram qabağı qiymətlərin artmasının səbəblərini Demokrat.az-a şərh edən iqtisadçı ekspert  Rəşad Həsənovun sözlərinə görə bu tək Azərbaycanda deyil, əksər ölkələrdə müşahidə olunan haldır:

“Bu, tələbin qısa müddətə artmasından qaynaqlanır. İstehsalçı və idxalçı şirkətlər fəaliyyətlərini bu kimi hallara uyğunlaşdırmaqda çətinlik çəkirlər. Həm dəyər zəncirinin təchizat və logistika hissəsində qısa müddətli dövr üçün ortaya çıxan tələbə uyğun infrastruktur, maddi-texniki baza formalaşdırmaq çətinləşir, həm də istehsalı tələbin pik olduğu dövrə uyğunlaşdırmaq sahibkarlardan əlavə investisiya tələb edir. Buna görə də müəyyən fasilələr ortaya çıxır, xüsusilə də tədarük və təchizat hissələrində tələb olunandan daha az malın təklif olunması müşahidə olunur. Nəticədə qiymətlər bahalaşır. Bu, bir növ bazarın təbii xüsusiyyətindən qaynaqlanan iqtisadi fenomen kimi də qiymətləndirilə bilər”. 

Ekspert qeyd edib ki, hökumət əlində olan alətlər vasitəsilə müəyyən tədbirlər görməklə bu təzyiqləri qismən də olsa neytrallaşdıra bilər:



“Şirkətlərə müvafiq dövrlər üçün əlavə ehtiyatlar yaratmaq məqsədilə maliyyə ayrıla bilər. Xüsusilə idxaldan asılılıq olan istiqamətlər qısa müddətli dövr üçün gömrük rüsumu və vergilərdən azad edilə, beləliklə idxalı təşviq etməklə təklifi çoxaltmaq olar. Xüsusilə də sərt qiymət artımlarının müşahidə edildiyi monopolizə olunmuş istiqamətlərdə oyunçuların sayını artırmaqla qiymət optimallığına yönələn təşəbbüslərin dəstəklənməsi hökumətin tətbiq edə biləcəyi alətlərdəndir. Eyni zamanda yarmarkalar, tələbatın daha çox olduğu məhsullara münasibətdə ödənişsiz satış yerlərinin yaradılması da kəskin qiymət artımının qarşısını ala bilər. Bundan müəyyən qədər istifadə olunur, lakin özünü o qədər də doğrultmur. Çünki əksər hallarda müşahidə olunan odur ki, mövcud yarmarkaların iştirakçıları əslində istehsalçı sahibkarlar deyil, daha çox məhz pərakəndə ticarətlə məşğul olan şəxslərdir. Bu da mənfəətçi qrupların maraqlarına uyğun olaraq məhsulların baha satılmasına gətirib çıxarır. Hökumət bayram yarmakalarında birbaşa istehsalçıların iştirakını şərtləndirən mühit yaratmaqla daha optimal qiymətə məhsulların təklif edilməsinə nail ola bilər”.

Törə Zeynallı
Demokrat.az


Избранный
872
50
demokrat.az

10Источники