RU

Xaricdən maliyyələşən XƏYANƏTKAR QRANT MEDİASI – TƏHLİL

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda pul vəsaitlərinin gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş “Abzas Media” xəbər portalının rəhbəri, baş redaktoru, layihə koordinatoru və həmin portalın fəaliyyəti haqda üzə çıxan məlumatlar təəssüf doğurur. Çünki ölkəmizin əleyhinə olan xarici donor təşkilatları tərəfindən maliyyələşən xəyanətkar qrant mediası cəmiyyətin güzgüsü sayılan kütləvi informasiya vasitələri adına ləkədir.

“Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında ölkəmizin əleyhinə olan xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq etmələri xəyanətkarlıqdır və qətiyyən bağışlanılan deyil. “Abzas Media” portalının rəhbərinin, baş redaktorunun, yaxud layihə koordinatorunun min cür fırıldaq yollarla, hiyləgərliklə nağdlaşdırdıqları külli miqdarda vəsaitləri ölkəmiz əleyhinə olan həmin o donor təşkilatlardan hansı xidmətləri müqabilində aldıqları hər halda, məntiqi və düşündürücü sualdır. Şübhəsiz ki, Azərbaycan əleyhinə olan xarici donor təşkilatları həmin vəsaitləri sözügedən portala ölkəmizin inkişafı, irəliləyişi və yüksəlişi üçün ayırmayıb. Əksinə, həmin vəzsaitlər tamamilə başqa məqsədlər, təxribatlar, xaos və ölkəmiz əleyhinə planlaşdırılan çirkin niyyətlər üçün ayrılıb və həmin vəsaitlər müqabilində fəaliyyət göstərənlər, dövlətimə qarşı olan çirkin niyyətlərə xidmət edənlər yalınız xəyanətkarlardır.

Ödəniş sənədlərinin nüsxələrindən ortaya çıxan məlumatlar təsdiq edir ki, xəyanətkarlara külli miqdarda vəsait köçürülüb və bu köçürmələrin nəyin müqabilində olduğu da artıq bəllidir. Nəyin müqabilində olması isə, məsələnin mahiyyətini, çirkin niyyətləri açıb ortaya qoyur və hətta hazırlanan layihələrin adları belə onların məzmunundan, nəyə hesablandığından xəbər verir. “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi”, “Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması”, “Araşdırılmamış 100 cinayət”, “Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması” və başqa bu kimi oxşar adlarla ortaya qoyulan layihələr əslində elə hər şeydən xəbər verir. Ələlxüsus da ondan xəbər verir ki, içimizdəki xainlər məhz dövlətimiz, dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən xarici donor təşkilatlarına həmin vəsaitlərin müqabilində satılıblar. Bunun adı satqınlıqdır, xəyanətdir və özlərini azad, müstəqil adlandırmaq istəyi bu satqınlığa və xəyanətə qətiyyən haqq qazandıra bilməz. Çünki azad ölkənin azad, müstəqil vətəndaşı olmaq, ölkə və dövlət əleyhinə fəaliyyət göstərmək üçün heç bir haqq vermir. Azad fikir, hətta müxalifətçilik dövlətə, ölkəyə qarşı olmur və hər bir vətəndaş öz vətəndaşlıq borcunu, mükəlləfiyyətini bilərək ölkəsinə də, dövlətinə də hər daim sadiq olmalıdır.

Araşdırmalar nəticəsində ortaya çıxan məlumatlar təsdiq edir ki, Qərb mərkəzləri, xüsusən də ABŞ ölkəmizdə agentura şəbəkəsi qurub və onları idarə etmək, nəzarətdə saxlamaq üçün də ən çox maliyyə dəstəyi metodundan istifadə edir. Sözsüz ki, bu metodun tətbiqi üçün də başda USAİD olmaqla, NED, İREX, Marşal Fondu və digərləri kimi çoxlu sayda donor institutları və yardım fondları yaradılıb, hansıki bununla da icra mexanizmləri belə formalaşdırılıb. “Demokratik inkişafa dəstək vermək” adı altında ölkəmiz əleyhinə fəaliyyət göstərənlər ayırdığı qrantlarla, külli miqdarda vəsaitlərlə məhz xəyanətkar xislətli insanları şirnikləndirərək öz çirkin niyyətlərinə xidmət etmələri üçün istifadə edirlər və onlar məhz Ülvi kimilərinin, Sevinc kimilərinin timsalında satılırlar. Ona görə də ölkəmiz əleyhinə olan məhz USAİD kimi bir qurum barəsində hamının ətraflı şəkildə məlumatlı olması gərəkir. Bu qurumun hələ uzun illər bundan qabaq ifşa edildiyi cəmiyyətimizə məlumdur.

USAİD vasitəsi ilə ABŞ-ın xarici ölkələrə nəzarəti gücləndirmək, çirkin niyyətini reallaşdırmaq planları artıq göz önündədir. Dırnaqarası “yardım təşkilatı” kimi özünü sırıyan USAİD 27 milyard dollar büdcəyə malikdir və bu qurum ancaq 2023-2025-ci illər ərzində guya “müxtəlif ölkələrdə vətəndaş camiyyətləri quruculuğuna dəstək vermək üçün” 9 milyard dollarlıq büdcə də nəzərdə tutub. Əslində isə, məqsədi müxtəlif ölkələrdə siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaqdan ibarətdir. USAİD rəhbəri Samanta Pauerin kimliyi də bəllidir. Övladının adını qondarma “erməni soyqırımı” şərəfinə qoyan, Ruben Vardanyan kimi bir maliyyə fırıldaqçısı ilə dostluq edən, tədbirlərinə qatılan, onun həbs edilərək Bakıya gətirilməsindən sonra Azərbaycana səfər edib danışıqlar aparan Pauer ermənidən betər biridir və onun məqsədinin nədən ibarət olduğu da cəmiyyətimiz üçün qaranlıq deyil. Bununla belə, həmin qurumun vəsaitləri ilə maliyyələşən xəyanətkarların fəaliyyəti qaranlıq olub, amma bu vaxta qədər. İndi məhz Ülvi Həsənli və Sevinc Abbasova kimilərinin əməlləri araşdırılır və müvafiq hüquqi qiymət verilir. Bununla belə cəmiyyətimiz özü də onların tipində olan xayanətkarlara öz qiymətini verir və ələlxüsus belələri KİV nümayəndəsi kimi özlərini sırımaq istəsələr də, onlar uzaq başı xəyanətkar qrant mediası kimi tanına bilərlər.

Rəhbəri Samanta Pauer olan qurumun fəaliyyəti qonşu ölkələrdə də, məsələn Gürcüstanda da ifşa olunub və bu barədə cəmiyyətimizin də məlumatlı olması faydalıdır. Beləki, bəlli olub ki, “xəstələrə humanitar yardım göstərilməsi” mövzusunda Tbilisidə təlim keçən USAİD təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” barədə dırnaqarası “təlim” keçirmiş. Yəni, bu qurumun fəaliyyəti, belə demək mümkünsə, “missiyası” ölkələrdə təxribatçı əməllər törətməkdir və bunun üçün də xain xislətlilərin külli miqdarda vəsaitlərlə satın alınması tətbiq olunan taktikadır. Ölkəmiz əleyhinə olan həmin o donor təşkilatları öz vəsaitlərini bir zamanlar yalnız müxalifət düşərgəsində olan siyasi partiyaları ələ almaq, onları idarə etmək üçün nəzərdə tuturdusa, indi artıq məhz “Absaz Media” portalı timsalında xəyanətkar kütləvi informasiya vasitəsi hədəfə alınıb və onlar sözün əsl mənasında elə xəyanətkar qrant mediası adlandırılmalıdırlar.

Məsələ burasındadır ki, USAİD timsalında Qərb mərkəzləri bütün sahələrə “burun soxmaqla” cəmiyyətimizə mənfi təsir göstərməyə çalışıblar. Xatırladığımız kimi, Azərbaycanda radikal feminizmin təşkilatlanmasında, ABŞ-ın təxribatçı institutlarının böyük “rolu” olub və feministlərin aktivləşdirilməsində yaxından iştirak etdikləri də bəllidir. Ailə institutuna qarşı çıxan, qeyri-ənənəvi münasibətləri təbliq edən, milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını belə pozan qrupların formalaşmasına, təşkilatlanmasına dəstək verilməsi özü də ölkəmiz əleyhinə fəaliyyət sayılır. Çünki həmin o Qərb institutlarının feministləri dəstəkləməsi, əxlaqi dəyərlərdən uzaq, milli adət-ənənələrimizə yad, milli mənliyə uyğun olmayan cəmiyyət formalaşdırmaq niyyətinin təzahürü idi, hansıki cəmiyyətimiz bunu, yəni həmin rüsvayçılığı hansı ikrah hissi ilə qarşıdığı da yadımızdadır. O da yadımızdadır ki, həmin o “feminist qrup” ABŞ səfirliyi qarşısında aksiya keçirərək, guya “Gədəbəy hadisələri zamanı zərərçəkmişlərin hüquqlarını müdafiə edərkən” həmin o Ülvi Həsənli də feministlər cərgəsində diqqəti cəlb etmişdi. Sevinc Vaqifqızının “feminist qrup” liderləri sırasında olması da, radikal feminizmin təşkilatlandırılmasında rolunun olduğu da heç yaddan çıxan deyil. Bir sözlə, bu xəyanətkar insanlar Qərb institutlarına hər mənada xidmət etdikləri faktlarla öz təsdiqini tapır. Feminislər sırasında özlərini tapanların, məhz elə bir sıra “təxribatçı şəbəkənin” diqqətini çəkməsi onların vasitəsi ilə çirkin fəaliyyətlərinin xəyanətkar qrant mediasına ötürülməsi ilə nəticələndi. Həmin bu qrant mediasının da məhz “Sərhədsiz Reportyorlar” kimi tanınan və burnunu hərhansı ölkədə siyasi proseslərə soxan, hadisələrə müdaxilə edən təşkilata gedib dirəndiyi də artıq sirr deyil. Həmin təşkilatın mahiyyəti də elə USAİD və onun kimi donor təşkilatlarının mahiyyəti ilə demək olar ki, eynidir. Məsələ burasındadır ki, xəyanətkar qrant mediası da birbaşa həmin o “Sərhədsiz Reportyorlar” deyilən təşkilata “qul” kimi xidmət edir.

Diqqət çəkən məqamlardan ən maraqlısı odur ki, Ülvi Həsənlinin saxlanılması barədə ölkə mətbuatında ilk məlumat yayımlandıqdan düz 31 dəqiqə sonra “Sərhədsiz Reportyorlar” bu barədə bəyanat yaydı. Təəccüblüdür, bu qədər çevik, bu qədər cəld olmaq mümkündürmü? Məlumatı almaq, tərcümə etmək, emal etmək və yayımlamaq, bəyanat yaymaq üçün bu qədər zaman fasiləsi kifayət edə bilməzdi axı. Belə çıxır ki, həmin o “Sərhədsiz Reportyorlar” məlumatın mətnini əvvəlcədən hazırlayıblarmış. Yaxud da elə məhz Həsənlinin özü kimi xəyanətkarlar dərhal məlumat ötürüblər. Əks halda, bu qədər tez bir zamanda “Sərhədsiz Reportyorlar” tərəfindən bəyanat verilməsi mümkünsüz sayılır. Bu bəyanatın verilməsi üçün ən azından bir neçə saat vaxt tələb olunurdu axı. Doğrudur, “Sərhədsiz Reportyorlar”, yaxud da onlar kimi qondarma “Azadlıq Radiosu” timsalında dırnaqarası “azadlıq və demokratiya carçıları” sərf etməyən məlumatları nəinki saatlar, hətta aylar, illər belə keçməsinə baxmayaraq hələ də yaymayıblar. Amma hər halda, 2020-ci il 11 noyabr tarixində İrəvanda “Azadlıq Radiosu” redaksiyasına basqın barədə “Sərhədsiz Reportyorlar” bu vaxta qədər, daha dəqiq desək, üç il keçməsinə baxmayaraq hələ də məlumat yaya bilməyibsə, Ülvi Həsənlinin saxlanılması xəbərindən 31 dəqiqə müddət keçər-keçməz bəyanat verilməsi “rekord” kimi qeydə alınmalıdır. Ən azından, qeyd olunan müddətdə, fiziki cəhətdən çatdırılması mümkün olmayan belə çeviklik təcrübədə rast gəlinməyən hal olaraq tarixə yazılmalıdır. Həm də ona görə “rekord” olaraq qeydə alınmalıdır ki, Həsənli gündüz saatlarında saxlanılarkən Nyu-Yorkda gecə saatları hökm sürürdü və belə çıxır ki, “Sərhədsiz Reportyorlar” gecə də yatmayıb fəaliyyət göstərirlərmiş. Özü də fəaliyyətlərində Azərbaycanın izlənilməsi xüsusi yer tuturmuş ki, gecə yuxularına haram qatıb məxsusi olaraq, 31 dəqiqə keçmədən belə bəyanat da verilblər. Görəsən, Ülvu Həsənli, onun taleyi bu qədər vacib sayılırdı ki, gecəliklə, yubanmadan bəyanat verildi? Yaxud, “Absaz Media” belə sayılıb-seçilən portal idi ki, “Sərhədsiz Reportyorlar”ın diqqətini dərhal cəlb etdi? Ritorik suallar olduqca çoxdur və hər biri də məsələnin mahiyyətinin nədən ibarət olduğunu dərhal ortaya qoymaq üçün kifayət edir.

Nəzərə çatdıraq ki, həmin o “Absaz Media” portal nə abunə sistemi ilə işləmir, nə “məhsulunun” alıcıları başının üstündə deyil, nə də sərbəst oxucular üçün kod sistemi tətbiq edilməyib. Bir sözlə, həmin bu portal sadəcə olaraq, öz informasiyalarını ödənişsiz olaraq yayır və hətta həmin portalda nə elan, nə reklam belə yoxdur. Bu o deməkdir ki, həmin portalın beynəlxalq standartların qəbul etdiyi maliyyə mənbəyi, qazanc yeri görünmür. Dərhal sual yaranır ki, bəs o zaman həmin o portalın maliyyələşməsi haradandır? Onun redaksiya ofisinin icarəsi, texniki avadanlıqlarının təminatı, əmək haqlarının təmin edilməsi, üstəlik, istədikləri zaman xarici ölkələrə səfərləri hansı vəsaitlər hesabına həll edilir? Axı bütün bunlar üçün, daha dəqiq desək, təminatlı bir fəaliyyət üçün kifayət qədər yetərli maliyyə vəsaiti tələb olunur. Belə bol-boluna maliyyələşdirilmə nəyə görə və kim tərəfindən edilə bilər? Özü də normal oxucusu olmadığına görə, yəni ictimai rəydə oxucusu yox dərəcəsində olan fikir formalaşmasın deyə saytının üzərində ümumi sayğaçı belə qoyulmayan portal bu qədər maraqlı imiş kimə isə? Bu qədər vəsaiti, üstəlik də ofisində artıq ehtiyat olaraq saxlanılan 40 min avronu nə səbəbə, hansı xidmətlərinə görə Ülvi Həsənliyə, Sevinc Vaqifqızına və onların oxucusu yox dərəcəsində olan portalına verirlər? Əlbəttə ki, xəyanətkar qrant mediası olduqlarına və satqın fəaliyyərtlərinə görə...

Məhz USAİD kimi bir qurumun timsalında, Qərb mərkəzlərini Azərbaycandakı inkişaf, tərəqqi, xalqımızın qələbələrə imza atması, ölkəmizdə gedən bərpa və quruculuq işləri, nəhəng layihələr qətiyyən qane etmir. Xüsusən də ABŞ-ın istədiyi siyasəti yeritməkdən imtina edərək, öz milli maraqları çərçivəsində siyasət yürüdən Azərbaycan məhz buna görə hədəfə alınıb. Məqsəd də xalqımızın, dövlətimizin iradəsinə təsir göstərməkdir. Bizim həmrəyliyimiz, cəmiyyətimizin birliyi, xüsusən də xalqımızla dövlətimiz arasında birlik Qərb mərkəzlərinə rahatlıq tapmağa imkan vermir. Qonşu ölkələrin, xüsusən də, Gürcüstanın, Ermənistanın misalında görürük ki, hərhansı bir cəmiyyəti parçalamaq, ölkəni qarşıdurma meydanına çevirmək, sonra da idarə etmək niyyəti ilə ara qarışdırmaq istəyənlər daxili siyasətə burun soxaraq, müdaxilə etməyə çalışırlar. Sözsüz ki, hər bir dövrdə, hər bir cəmiyyətdə xainlərdən, xəyanətkarlardan istifadə edildiyi kimi, ölkəmizin də əleyhinə fəaliyyət göstərən donor təşkilatlarının vəsaitləri ilə maliyyələşən xəyanətkarlardan istifadə olunub və təəssüf ki, cəmiyyətimizdə həmin o donorların vəsaitləri ilə xaricdən maliyyələşən xəyanətkar qrant mediası da fəaliyyət göstərib. Hər halda, saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun istintaqı zamanı onlarla əlbir olan, eyni şəkildə xəyanətkar qrant mediası ünsürləri ifşa olunacaq və lazımi cəzasını həm hüquqi müstəvidə, həm də cəmiyyətimiz tərəfindən alacaq, çünki xalqımız tarix boyu xəyanətkarları bağışlamayıb...

Müəllif: İnam Hacıyev
Избранный
1080
50
sia.az

10Источники