RU

Azərbaycanın COP28 tədbirində iştirakı Qarabağı ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək imkanı yaradır

Azərbaycanın

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycanın COP28 tədbirində geniş heyətlə iştirakı Qarabağın yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək imkanı yaradır.

Bunu AZƏRTAC-a müsahibəsində “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası ilə bağlı fikirlərini bölüşərək deyib.

Ekspert hesab edir ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tapşırıqlarını nəzərdə alaraq, Azərbaycanın COP28 tədbiri çərçivəsinə geniş heyətlə iştirakı orada təmsil olunan nüfuzlu şirkətlərin təmsilçiləri ilə Qarabağda yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini müzakirə etmək üçün imkan yaradır: “2020-ci ilin iqtisadi yekunlarına dair 2021-ci il yanvarın 6-da keçirilən müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürüb və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olduğunu bildirmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulub. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Konsepsiya sənədində işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulur.

Qeyd olunub ki, bununla yanaşı, 2022-ci il martın 15-də Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. Memorandum çərçivəsində “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araşdırır.

Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda əksini tapıb.

Bundan əlavə, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edilib. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcək.

Azərbaycan COP28-də 254 kvadratmetrlik pavilyonla təmsil olunur. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir.

 

 

Избранный
238
34
azertag.az

10Источники