RU

"İran nüvə kartından əl çəkməyəcək, çünki milli qüruru..." – İranlı analitikdən şok açıqlamalar

“Aprelin 12-si İran və ABŞ rəsmiləri arasında görüş baş tutdu. Bu görüş, 2015-ci ildən sonra baş tutan ikinci görüş idi. Lakin bu dəfəki görüşün özünəməxsus xüsusiyyəti var – çünki bu görüş hər iki ölkənin siyasi iradəsinin nəticəsi olaraq baş tutub. Yəni burada həm ABŞ-ın, həm də İranın siyasi istəyi və razılığı mövcuddur.  Lakin İran daxilində ideoloji və ya iqtisadi baxımdan Vaşinqtonla danışıqlara qarşı çıxan dairələr var. Nə ABŞ, nə də İran tam mənada danışıqlara hazır deyillər. Yəni bu danışıqları uğurla aparacaq heyət hər iki tərəfdə hələ formalaşmayıb. Həm ABŞ-da, həm də İranda bu cür bir qrupun olmaması səbəbindən müzakirələr hələ ilkin mərhələdədir. Əsas məsələ isə İran və ABŞ arasında etimadın olmamasıdır. Çünki İran üçün ABŞ “Böyük Şeytan” sayılır, ABŞ üçün isə İran “şər qüvvə” kimi dəyərləndirilir. Bu  anlayışın dəyişməsi vaxt tələb edir”
Bunu Moderator.az-a  beynəlxalq münasibətlər ürzə ekspert , iranlı analitik Farşid Bağerian deyib.
 İranlı analitikin sözlərinə görə, həm İranın, həm də ABŞ-ın mövcud iqtisadi vəziyyəti bu qədər uzun müddət gözləməyə imkan vermir:
“Qeyd etmək lazımdır ki, Tramp hazırda dünyanın ən çox borcu olan ölkəsinin lideridir – ABŞ-ın 36 trilyon dollar borcu var. İranın iqtisadi vəziyyəti də parlaq deyil. Beləliklə, əslində hər iki ölkə iqtisadi cəhətdən zəif durumdadır. Bu səbəbdən, bəlkə də ortaq maraqlar naminə bir araya gələ bilirlər. Ola bilsin ki, tərəflər arasında bir razılaşma da əldə olunsun. Amma burada mühüm bir məqam var: Trampın davranış tərzi göstərir ki, o, İranda və ya iranlılarla danışıqlar masasına oturduqda, əgər sanksiyaları aradan qaldırarsa, bu fürsətdən başqa dövlətlərin və şirkətlərin – məsələn, Çin, Rusiya və ya Avropalı firmaların – istifadə etməsini qəbul etməyəcəkdir. Yəni İranla Amerika arasında bir razılaşma əldə olunarsa və sanksiyalar qaldırılarsa, bu, bütün şirkətlər üçün deyil, əsasən Amerikanın öz şirkətləri üçün tətbiq olunacaq. Tramp bu məsələdə selektiv yanaşacaq, yəni müəyyən Amerika şirkətlərinə icazə veriləcək. Əks halda, ABŞ bu razılaşmadan maddi qazanc əldə edə bilməz. Əgər Trampın məqsədi İranla iqtisadi razılaşma quraraq oradan gəlir əldə etməkdirsə, bunu ancaq öz şirkətlərinə üstünlük verərək reallaşdırmağa çalışacaq. Başqa ölkələrin bu fürsətdən yararlanmasına imkan verməyəcək. Yəni sankisyaların ləğvi  qlobal şəkildə yox, məqsədli və məhdud şəkildə həyata keçiriləcəkdir.  Amma Amerikanın şirkətləri ABŞ-dan çıxıb birbaşa İrana gedib orada sərmayə qoymaz – bu, indiki mərhələdə mümkün deyil və belə bir şey gözlənilmir. Amerikanın şirkətləri dünyanın müxtəlif bölgələrində – məsələn, Azərbaycanda, Türkiyədə, Dubayda və s ölkələrdə  fəaliyyət göstərirlər, ofisləri var. Belə regional ofislər vasitəsilə, dolayı yollarla İranla əlaqə qurmaq, əməkdaşlıq etmək mümkündür. Təbii ki, bu prosesin tam şəkildə baş verməsi üçün zaman lazımdır – hələ bu mərhələyə gəlinməyib. Çünki məsələnin təkcə ABŞ-ın iradəsi ilə həll olunması mümkün deyil. Burada başqa aktorlar, başqa oyunçular da var. Məsələn, İsrailin bu məsələyə münasibəti, Türkiyənin mövqeyi, həmçinin Çin, Rusiya və Körfəz ölkələrinin də yanaşmaları mühüm rol oynayacaq. Əgər sanksiyalar yalnız qismən ləğv olunarsa, bu, ciddi bir dəyişiklik yaratmaya bilər. O halda bəzi tərəflərin etirazı da o qədər güclü olmaz. Əgər sanksiyalar tam şəkildə ləğv olunarsa – bu, artıq real və ciddi nəticələrə səbəb olar”.
 
Siyasi analitik qeyd edib ki, tərəflər arasında baş tutan bu görüş rəsmi və strukturlaşdırılmış bir danışıq deyil – sadəcə bir təmas, bir tanışlıq görüşü idi. Hətta İranın  daxilində belə bu məsələ çox ciddi şəkildə müzakirə olunmur:
“İlk görüşün mahiyyəti, əslində birbaşa Tehranda və ya Vaşinqtonda deyil, neytral bir ölkədə baş tutması ilə artıq dolayı diplomatiya şəklində müəyyən olunur. Bu görüş, doğrudan da konkret məsələlərin həlli üçün deyil, tərəflərin bir-birini yoxlaması və gələcək müzakirələrə zəmin hazırlaması məqsədi daşıyırdı. Danışıqların davamının  Roma şəhərində baş tutacağı artıq təsdiqlənib. Bu isə göstərir ki, proses yavaş-yavaş qərbə doğru istiqamət alır – həm coğrafi, həm də siyasi mənada.
Görüş zamanı tərəflər bir-birini “səmimi” adlandırsalar da, əslində hələ ciddi, strateji məsələlərin müzakirəsi baş verməyib. Əsas məqsəd növbəti mərhələyə keçid və müzakirə strukturunun qurulması idi. Tərəflər bir növ, danışıqların ritmini və səviyyəsini müəyyənləşdirdilər.
Görüşdə nüvə məsələsi və ya sanksiyaların konkret detalları kimi “çətin” və “həssas” mövzular müzakirə olunmadı. Çünki bu kimi məsələlərin gündəmə gəlməsi ciddi böhran yarada bilərdi və prosesi daha başlamadan poza bilərdi. Eyni zamanda, bu cür məsələlər – məsələn, İranın nüvə proqramı, bölgədəki güc balansı, ABŞ-ın İrana qarşı mövqeyi – sadəcə görüşlə və ya bir razılaşma ilə həll olunacaq qədər sadə deyil. Bu, uzun və kompleks bir proses tələb edir.
Bununla belə, hər iki tərəf, bu ağır problemlərin üzərindən müəyyən mənada “silgi” çəkərək keçici olaraq unutdurmağa və dialoq atmosferini qorumağa çalışır. Bu isə siyasi iradənin müəyyən bir səviyyədə formalaşdığını göstərir. ABŞ üçün bu prosesin informasiya yönü də çox önəmlidir. Dövlətin rəsmi mediası və sosial media platformaları vasitəsilə bu görüşlər “uğur” kimi təqdim olunur. Amerika dünyaya belə bir mesaj verir: “Biz İrana təsir etdik, İran razılaşmaya gəlir, geri addım atır.” Halbuki reallıqda, İran nüvə gücündən əl keçmək niyyətində deyil. Çünki İran üçün bu proqram sadəcə bir hərbi silah məsələsi deyil – eyni zamanda ölkənin milli qüruru və strateji güc simvoludur. Proqramda texniki qüsurlar olsa belə, İran bu kartdan əl çəkməyəcəkdir”.
 
Ekspert  onu da əlavə edib ki, İranın hərbi doktrinası və mövcud müdafiə gücü,  nüvə proqramı ilə yanaşı ABŞ üçün ciddi təhlükə yaradır:
 “İranın hava və dəniz qüvvələri zəif görünsə də, quru ordusu və ballistik raket sistemləri çox inkişaf etmiş və geniş coğrafiyanı hədəf almaq imkanına malikdir. Bu da İranı bölgədə hücum üçün asan bir hədəf olmaqdan çox, cavab verə biləcək bir aktora çevirir. Amerika üçün İranla hərbi qarşıdurma açıq şəkildə riskli və baha başa gələn bir ssenaridir. Bu səbəbdən birbaşa müdaxilə ehtimalı, xüsusilə Tramp kimi populist və iqtisadi baxımdan hesablı addım atan bir liderin dövründə, aşağı görünür. Lakin dolayı yollarla – məsələn, İsrailin təşviqi və ya regional təzyiqlərlə – İranın üzərinə hücum strategiyası masada qala bilər. Çünki bu prosesin arxasında maddi və siyasi hesablar da var. Trampın İsrailə qarşı son zamanlarda etdiyi qeyri-rəsmi və eyhamlı çıxışları – “Biz İsrailə daima dəstək veririk, ancaq onlar nə qədər bizə qaytarır?” tipli mesajlar – göstərir ki, Tramp bu böhrandan geosiyasi kapital və eyni zamanda iqtisadi resurslar əldə etməyə çalışır. Bu, həm də ABŞ-ın daxili siyasi və iqtisadi böhranlarını örtmək üçün istifadə olunan bir taktika ola bilər.
Beləliklə, İran sadəcə bir “təhlükə” deyil, eyni zamanda vasitə kimi də istifadə olunur – həm İsrailə təzyiq üçün, həm də digər beynəlxalq güclərdən (Çin, Körfəz ölkələri və s.) maliyyə və siyasi güzəştlər qoparmaq üçün. Bu danışıqların davamlı və yumuşaq tonla irəliləməsi gözlənilir. Çünki həm İran, həm də ABŞ bu müzakirələrdən müəyyən faydalar umur. Bu mərhələdə konkret razılaşmalar olmasa da, görüşlərin formatı və maraqlı tərəflərin iştirakı zamanla artacaq. Mümkündür ki, 4-cü və 5-ci mərhələlər artıq Vaşinqton və ya başqa Qərb paytaxtlarında baş tutsun. Bu, İranın beynəlxalq diplomatik sistemə qismən yenidən daxil olma prosesinin başlanğıcıdır". 
 
Mehin Mehmanqızı
 
Избранный
381
37
moderator.az

10Источники