ABŞ-ın təqdim etdiyi Ukrayna müharibəsinə dair "sülh planı"nda Rusiya üçün dəqiq üstünlüklər nəzərdə tutulsa da, Ukraynanın əldə edəcəyi məsələlər yalnız ümumi və qeyri-müəyyən şəkildə ifadə olunur...
Poliqon xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
ABŞ administrasiyası Krımı Rusiyanın bir hissəsi kimi tanımağa, eləcə də 2022-ci ildən sonra işğal olunmuş ərazilərin əksəriyyəti üzərində Moskvanın faktiki nəzarətini qəbul etməyə hazır olduğunu bildirir. Ukraynaya bu təklifin təqdim olunması üçün görüş Londonda baş tutacaq.
Ukrayna hökumətinə yaxın mənbənin verdiyi məlumata görə, Kiyev bu planı Rusiyanın xeyrinə "aşkar tərəfli" adlandırır. Həmsöhbət qeyd edib: "Təklifdə Rusiyanın əldə etdiyi konkret faydalar açıq şəkildə göstərilsə də, Ukraynanın nə əldə edəcəyi yalnız ümumi şəkildə ifadə olunub".
Trampın təklifinə əsasən Ukraynanın əldə edəcəkləri:
- "Etibarlı təhlükəsizlik zəmanəti", hansı ki, Avropa ölkələrinin xüsusi qrupu və bəlkə də Avropa xaricindən olan müttəfiqləri əhatə edir. Amma sənəddə bu sülhməramlı mexanizmin necə işləyəcəyi və ABŞ-ın iştirak edib-etməyəcəyi qeyri-müəyyəndir.
- Rusiyanın işğal etdiyi Xarkov vilayətinin kiçik bir hissəsinin qaytarılması.
- Ukraynanın Dnipro çayına maneəsiz çıxışı.
- Kompensasiya və bərpa yardımı, lakin maliyyənin haradan gələcəyi açıqlanmır.
Zaporojye Atom Elektrik Stansiyası hüquqi baxımdan Ukrayna ərazisi kimi tanınacaq, lakin ABŞ tərəfindən idarə olunacaq və buradan həm Ukraynaya, həm də Rusiyaya enerji veriləcək.
Trampın sözlərinə görə, ABŞ və Ukrayna arasında mineral resurslara dair razılaşma imzalanacaq.
Rusiya üçün nəzərdə tutulan imtiyazlar:
- Krımın Rusiya tərəfindən işğalının ABŞ tərəfindən "de-yure" tanınması.
- Luqansk vilayətinin və Donetsk, Xerson, Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin "de-fakto" tanınması.
- Ukraynanın NATO-ya daxil olmaması zəmanəti (lakin Aİ-yə daxil olması mümkündür).
- 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvi.
- ABŞ-la genişləndirilmiş iqtisadi əməkdaşlıq, xüsusən enerji və sənaye sahələrində.
Axios-un məlumatına görə, Ukrayna Londondakı görüşdə bu planı müzakirə etməyi planlaşdırmır. ABŞ rəsmilərindən biri bildirib ki, son 24 saat ərzində ukraynalılar 30 günlük atəşkəsi müzakirə etmək istədiklərini bildiriblər. Bu səbəbdən ABŞ dövlət katibi Marko Rubio Londona getməyəcək, əvəzində ABŞ nümayəndə heyəti danışıqları davam etdirəcək.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu həftə Ukrayna ilə Rusiya arasında razılaşmanın imzalanacağını açıqlamışdı. "Bloomberg" yazır ki, ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır, lakin bu, rəsmi səviyyədə təsdiqlənməyib.
The Washington Post-un məlumatına görə, ABŞ Londonda Krımın Rusiyaya aid olduğunu rəsmən tanımağı və cəbhə xəttinin dondurulmasını təklif edəcək.
Həftə ərzində Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Londonda keçirilən görüşdən sonra yenidən Rusiyaya yollanacaq və atəşkəs şərtləri ilə bağlı danışıqları davam etdirəcək.
Poliqon.info