RU

Niderland Azərbaycana 1,5 milyard, Azərbaycan isə Niderlanda 2,5 milyard ABŞ dolları sərmayə yatırıb

BAKI, 21 may. TELEQRAF

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bu ölkənin “The Holland Times” qəzetinə müsahibə verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyi məlumat yayıb.

Səfirin “Azərbaycan-Niderland: Praqmatik və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmək” başlığı ilə dərc olunmuş müsahibəsində müvafiq suallardan irəli gələrək diplomat cari ilin yanvar ayından etibarən Niderlandda çalışdığı müddətdə bu ölkə haqda təəssüratları, Müstəqillik Gününün Azərbaycan tarixində əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Azərbaycan və Niderland arasında münasibətlərin cari vəziyyəti və əməkdaşlığın inkişaf potensialı, Niderlandda ölkəmizin həqiqətləri və regional vəziyyət haqda məlumatsızlıq, son aylarda iki ölkə arasında siyasi səviyyədə təmaslar və onun nəticələri, habelə özünün fəaliyyəti və gəldiyi qənaət, Ermənistan-Azərbaycan sülh prosesi, eləcə də ölkəmizin turizm potensialı ilə bağlı fikirlərini bölüşüb.

- Siz 2025-ci ilin yanvarından Azərbaycanın Niderlanddakı səfirisiniz. İlk təəssüratlarınız necədir?

Təəssüratlarım gözləntilərimlə üst-üstə düşür. Niderland gözəl mənzərələrə, zəngin tarixə və mədəni irsə, güclü dövlətçilik ənənələrinə, dinamik iqtisadiyyata və innovativ cəmiyyətə malik ölkədir. Burada olduğum ilk aylar ərzində çoxsaylı görüşlər, tədbirlər və səfərlərdən ibarət intensiv gündəliyim olub. Hesab edirəm ki, xalqlarımız bir-birini daha yaxından tanımalıdır və əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensial var.

- Bu müsahibəmiz Azərbaycanın Müstəqillik Günü ərəfəsində baş verir. Bu günün ölkənizin tarixində nə kimi əhəmiyyəti var?

Müstəqillik Gününün hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu Respublika cəmi 23 ay ömür sürsə də, dövlətçiliyimizin əsaslarını, ümumi seçki hüququnu təmin etdi, habelə qadınlara bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ verdi. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə və zəngin dövlətçilik ənənələrinə əsaslanaraq 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi.

28 May xalqımızın azadlıq və suverenliyinin rəmzidir. Bu, qürur və müstəqillik uğrunda mübarizə aparanların xatirəsini anmaq və müasir Azərbaycanın nailiyyətlərini qeyd etmək məqamıdır.

Müstəqilliyini bərpa etdikdən sonra keçən 34 ildə Azərbaycan coğrafi üstünlüyü, diplomatik çevikliyi, resursların idarə edilməsi, iqtisadi və hərbi imkanlarına görə orta güc dövlətinə çevrilib. Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan Azərbaycan həm region daxilində, həm də onun hüdudlarından kənarda nəqliyyat və enerji layihələrinə investisiyalar vasitəsilə regionu fəal şəkildə formalaşdırır.

- Azərbaycan əbədi alov mənbələri və nəhəng enerji ehtiyatlarına görə Odlar Yurdu kimi tanınır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nədir?

Azərbaycan təbii ehtiyatlarından strateji istifadəyə və böyük enerji infrastrukturu təşəbbüslərindəki roluna görə bir çox ölkələr üçün əsas enerji təchizatçısıdır. Azərbaycan tərəfindən reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan və Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu 2027-ci ilə qədər Azərbaycan qazının Aİ-yə ixracının iki dəfə artırılmasını və Avropaya ixrac üçün Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalını nəzərdə tutur. Biz Avropaya qaz ixracımızı ardıcıl olaraq artırmışıq və hazırda on Avropa ölkəsini qazla təmin edirik. Azərbaycanın bərpa olunan enerji mərkəzi olmaq üçün də böyük potensialı var. Biz Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Xəzər dənizindən elektrik enerjisinin Avropaya ötürülməsi üçün Yaşıl Enerji Dəhlizini inkişaf etdiririk. Həmçinin Mərkəzi Asiyadan olan tərəfdaşlar - Qazaxıstan və Özbəkistanla da onları bu layihəyə cəlb etmək istiqamətində çalışırıq.

2024-cü ilin noyabrında Azərbaycan Bakı Maliyyə Məqsədi, karbon bazarları üçün çərçivə və İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi tarixi nəticələrə nail olmaqla COP29-a uğurla ev sahibliyi etdi.

Bütün bu səylər göstərir ki, Azərbaycan təkcə ənənəvi enerji təchizatçısı deyil, həm də Avropa və onun hüdudlarından kənarda təhlükəsiz, şaxələndirilmiş və davamlı enerji gələcəyinə sadiq olan gələcəyə yönəlmiş tərəfdaşdır.

- Azərbaycan və Niderland arasında münasibətləri necə xarakterizə edərdiniz?

Bu il biz diplomatik münasibətlərimizin 33 illiyini qeyd edirik. 2000-ci illərdə qarşılıqlı səfirliklərimizin təsis edilməsi əlaqələrimizə təkan verdi, rəsmi səfərlərə, qarşılıqlı sərmayələrə, mədəniyyət və təhsil mübadilələrinə zəmin yaratdı. Niderlanddakı Azərbaycan icması ölkələrimizi birləşdirən körpü rolunu oynayır. Niderlandın yüksək keyfiyyətli təhsil sistemi ölkənizi çoxsaylı azərbaycanlı tələbələr üçün ən yaxşı istiqamətlərdən birinə çevirib.

Bununla belə, böyük potensial istifadə olunmamış qalır. Hesab edirəm ki, Niderlandda bu potensial, Azərbaycanın həqiqətləri, onun Cənubi Qafqazdakı liderliyi və Xəzər hövzəsindəki açar rolu və daha geniş regiona, o cümlədən Mərkəzi Asiyaya qapı kimi strateji mövqeyi haqqında məlumatlılıq məhduddur. Bundan əlavə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və münaqişədən sonrakı vəziyyətlə bağlı qavrayışlara dezinformasiya və saxta xəbərlər çox təsir edib.

Son müddət ərzində hökumət səviyyəsində, o cümlədən xarici işlər nazirləri arasında keçirilən görüşlər və təmaslar, eləcə də xarici işlər nazirliklərimiz arasında Bakıda aparılmış siyasi məsləhətləşmələr bizim mövqeyimizi və regionumuzdakı reallıqları anlamağa çox kömək etdi. Bütün bunlar həm də ümumi maraq doğuran məsələlərin müzakirəsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratdı. Artıq müsbət nəticələr də görünür.

Ölkənizə gəldiyimdən ötən müddət ərzində çoxsaylı hökumət rəsmiləri, parlament üzvləri, fərqli partiyalardan olan siyasətçilər, beyin mərkəzləri, elm, biznes və media nümayəndələri ilə görüşmüşəm. Gəldiyim qənaət belədir: təmaslarımız dinamik və daimi olmalıdır; əlaqələrimiz praqmatik, praktiki və qarşılıqlı faydalı əməkdaşlığa yönəlməlidir; ölkələrimiz təbii ehtiyatlar, kapital, texnologiya və infrastruktur kimi sahələrdə bir-birini tamamlaya, real tərəfdaşlıq qura bilər.

Fürsətdən istifadə edərək, Azərbaycan ərazilərinin hərbi işğaldan azad edilməsindən və ərazi bütövlüyümüzün bərpasından sonra baş vermiş hadisələrə də toxunmaq istərdim. 2021-ci ilin əvvəlindən Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün üç istiqamətli prosesə təşəbbüs göstərib: sülh müqaviləsinin imzalanması; sərhədlərin delimitasiyası və demarkasiyası; və komunikasiyaların bərpası. Azərbaycan ilk öncə sülh müqaviləsinin əsas prinsiplərini, daha sonra isə layihəsini təqdim edib, habelə iki ölkə arasında birbaşa dialoqun tərəfdarı olub.

Paralel olaraq, Azərbaycan öz maliyyə imkanları ilə işğaldan azad edilmiş ərazilərdə əsaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. Bu ərazilərin milyonlarla mina ilə çirklənməsi bu işlərə böyük maneədir və insan həyatı üçün ciddi təhlükə yaradır, son 4 ildə 400 nəfərə qədər mina partlayışı qurbanları olmuşdur.

Hazırda biz heç zaman olmadığımız qədər sülhə nail olmağa yaxınıq. Sülh müqaviləsinin mətni razılaşdırılıb. Onun imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və münaqişəni həll edə bilməyən ATƏT-in Minsk Qrupu kimi qeyri-funksional strukturlar ləğv edilməlidir. Azərbaycan bu iki məsələni danışıqların əvvəlindən etibarən ardıcıl olaraq qaldırıb.

Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi, konkret təkliflər irəli sürərək, strateji səbr və məsuliyyət nümayiş etdirərək ardıcıl olaraq sülhə sadiqliyini nümayiş etdirdi. Bu fikirləri bəyan etmək üçün qlobal miqyasda sülh və ədalət paytaxtı kimi tanınan Haaqa ən uyğun yerdir. İndi regionda hərbi qarşıdurma səhifəsini çevirmək və yeni sülh dövrünə keçmək zamanıdır. Sülh sadəcə sözlərlə yox, real əməllərlə bərqərar olmalıdır. Ona görə də Ermənistan tez bir zamanda yuxarıda qeyd olunan iki maneəni aradan qaldırmalıdır. Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiya əlçatandır. Bu, təkcə Ermənistan və Azərbaycana deyil, həm də Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı yeni strateji bağlar və dəhlizlər vasitəsilə birləşdirərək daha geniş regiona fayda verəcək.

- Ümid edirik ki, regionunuzda inkişaf etməkdə olan vəziyyət Niderland şirkətləri üçün yeni imkanlar yaradacaq. Bu baxımdan Azərbaycan-Niderland iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri haqqında bilmək maraqlı olardı?

İqtisadi əməkdaşlıq Azərbaycan və Niderland münasibətlərinin təməl daşıdır və ticarət, investisiya və birgə layihələrin davamlı artımı ilə səciyyələnir. 2024-cü il üçün Azərbaycanda 130-a yaxın Niderland şirkəti fəaliyyət göstərir. Niderlandın Azərbaycana sərmayələri təxminən 1,5 milyard ABŞ dolları təşkil edir. Ölkəmizdə Niderland sərmayələri əsasən qeyri-neft sektorlarına yönəlmişdir ki, bu da Azərbaycanın strateji iqtisadi şaxələndirmə hədəfinə uyğundur. Azərbaycan Niderlanda 2,5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. 2024-cü ildə qarşılıqlı ticarət əvvəlki illə müqayisədə 60% artmışdır ki, bu da Niderlanddan sənaye malları və texnologiyaların idxalının və Azərbaycandan isə enerji ixracının yüksəlməsindən irəli gəlir.

Kənd təsərrüfatı və su təsərrüfatı əsas əməkdaşlıq sahələridir. Dayanıqlı kənd təsərrüfatı, istixana texnologiyası və su idarəetməsi üzrə Niderlandın təcrübəsi Azərbaycanın kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə töhfə vermişdir. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyini və məhsuldarlığı artıra bilər. Azərbaycanın ekoloji dayanıqlığa diqqət yetirdiyini nəzərə alaraq, Niderland şirkətləri suyun təmizlənməsi layihələrində iştirak edirlər. 2024-cü ildə Azərbaycanın kənd təsərrüfatı naziri qeyd olunan sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün Niderlandda səfərdə olmuşdur.

Azərbaycanın strateji mövqeyi onu Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirir və Orta Dəhlizin inkişafında mühüm rol oynayır. Niderland şirkətləri Bakı Limanında mühəndislik işlərində iştirak etmiş, onun multimodal qovşaq kimi imkanlarını artırmışlar. Gələcək layihələr dəniz limanının genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, infrastruktur və logistika sahələrini əhatə edəcək.

Azərbaycanın enerji kompleksində bərpa olunan mənbələrin payını artırmaq öhdəliyindən irəli gələrək külək, günəş və digər bərpa olunan enerji texnologiyaları sahəsində Niderland şirkətləri ilə əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Niderlandın ixracyönümlü istehsalçılarını strateji mövqeyə, müasir infrastruktura, fiskal və qeyri-fiskal təşviqlərə malik regional investisiya mərkəzi olan Ələt Azad İqtisadi Zonasına (AFEZ) sərmayə yatırmağa dəvət edirəm.

- Azərbaycan populyar səyahət məkanına çevrilməkdədir. Niderland turistlərinə hansı maraqlı yerləri tövsiyə edə bilərsiniz?

Azərbaycan qədim tarix və zəngin mədəniyyətin müasir memarlıq və innovasiyalarla qovuşduğu Şərqlə Qərbin kəsişməsində yerləşir. Dinamik paytaxt Bakı orta əsr memarlığını Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi futuristik memarlıq nümunələri ilə birləşdirir. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının İçərişəhəri dar küçələri, daş binaları və qədim karvansaraları ilə çoxəsrlik tarixə səyahət imkanı yaradır.

Təbiət və macəra həvəskarları Azərbaycanın doqquz iqlim qurşağı ilə - qarlı dağlardan subtropik düzənliklərə qədər müxtəlifliyini yüksək qiymətləndirəcəklər. Bakı yaxınlığındakı məşhur yerlər arasında Atəşgah məbədi, Yanar Dağ və YUNESKO-nun siyahısına daxil edilmiş digər sahə olan Qobustan Milli Parkı vardır. Qafqaz dağları gəzinti və qış idmanı üçün əla imkanlar yaradır. YUNESKO-nun siyahısında olan Şəki heyrətamiz Xan Sarayı və unikal vitraj sənəti ilə tanınır. Qəbələ və Naxçıvan gözəl mənzərələrə, ənənəvi sənətkarlığa və zəngin kulinariyaya malikdir. Naftalan neft vannaları ilə müalicəvi təcrübə təqdim edir.

Son illərdə Azərbaycan Formula 1 Qran Prisi və müxtəlif musiqi və mədəniyyət festivalları kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə tanınıb. Avropanın böyük şəhərlərindən birbaşa uçuşlar, isti qonaqpərvərlik, rəngarəng mətbəx, təhlükəsizliyə və keyfiyyətli xidmətə böyük önəm verən Azərbaycan hər bir səyahətçi üçün unikal təcrübə təklif edir.

Избранный
54
50
teleqraf.com

10Источники