Bu il Azərbaycanda Qurban bayramı 6-7 iyun tarixlərində qeyd ediləcək.
İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramı həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi sayılır. Bayramın əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.
Bəs kimlər qurban kəsə bilər? Qurban bayramından hansı heyvanları qurban kəsmək olar? Bir heyvan neçəyə hissəyə bölünməlidir və bu ətdən hansı xörəklərin bişirilməsi daha uyğundur?
İlahiyyatçı Ağa Hacıbəyli "Referans"-a açıqlamasında bu sualları cavablandırıb.
“Qurban bayramı Zilhiccə ayının 10-cu günü gerçəkləşir. Əsasən, bu Həcc ziyarətinin içində bir ritualdır. Bu ritualın tarixi çox qədimlərə gedir. Ancaq qurban anlayışı daha çox İbrahim peyğəmbərin oğlu Həzrəti İsmayılın qurban kəsilməsi ilə Qurani-Kərimdə bir anlam qazandı. Üzərindən əsrlər keçdikdən sonra sonuncu peyğəmbərin (s.ə.s.) də şəriyyətində qurbanın xüsusi bir rolu oldu və Mədinədə qurbanlar kəsildi, bayram namazı qılındı və bu İslam camiasının bir parçasına çevrildi. Artıq 1400 ildir cəmiyyətdə maddi imkanı yaxşı insanlar bu özəl ibadəti yerinə yetirir”.
İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə bir ayədə buyurulur ki, Allah üçün namaz qılın və qurban kəsin. Din alimləri bunun bir hökm, vacib əməl olduğunun üzərində durublar.
“Maddi imkanı yaxşı olan insanlar qurban kəsə bilərlər. İslam dini 80 qram qızıldan artıq qızılı olan insana maddi imkanı yaxşı olan insan kimi baxır. Kəsiləcək heyvan sayına isə şəxs özü qərar verməlidir. Qurban kəsiləcək heyvanlar arasında öncəliklər qoça üstünlük verilir. Həmçinin siyahıya dana, keçi, camış, dəvəni də əlavə etmək olar. Azərbaycanda daha çox qoç və danaya üstünlük verilir. Dişi heyvanlardan da qurban kəsmək mümkündür. Lakin bu məqamda dişi heyvanın bətnində balasının olmamasına xüsusi diqqət etmək lazımdır. Adətən 1 yaşlı heyvanlara, 1 il yaşamaq şansı olmuş heyvanlara üstünlük verilir. Bəzi görüşlərdə cüssəsi 15-16 kiloqram olan 6, 7 aylıq heyvanların da qurban kimi kəsilməsi məqbul sayılır”.
Ağa Hacıbəyli qeyd edib ki, qurban kəsərkən diqqət olunmalı əsas məqamlardan biri qurbanın qurban namazından sonra kəsilməsidir. Əks halda kəsilən heyvan qurban hesab olunmur.
“İkinci əsas məsələ isə qurbanın kəsilməsi qaydasıdır. Qurbanın üzü qibləyə “Bismillah və Allahu Əkbər” sədaları altında kəsilməlidir. Burada təmizlik də olduqca vacib məsələlərdən biridir. Digər bir məsələ isə kəsilmiş qurban ətinin satılması səhvidir. Çox vaxt bu hala qəssabxanalarda rast gəlirik. Lakin qurban əti satılmaz. Qurban üç əsas hissəyə bölünməlidir. Birinci hissəsi ailəyə, ikinci hissəsi qohumlara və qonşulara, üçüncü hissəsi isə fəqir-füqəralara paylanılır”.
Fidan Vəlisoy