Azərbaycan və Türkiyə əlaqələri lider diplomatiyasına əsaslanır.
“Report” xəbər verir ki, bunu Ankara Bilim Üniversitetinin müəllimi Damla Taşkın “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Qarabağ zəfəri ilə lider diplomatiyası bir addım da irəli gedib:
“Belə ki, Orta Dəhlizin və dolayı yolla Zəngəzur dəhlizinin Türk dünyasına daxil edilməsi üçün Qarabağ zəfəri olduqca vacib idi və lider diplomatiyası bu qələbəni gətirdi. Dünyada bir-biri ilə ən çox görüşən iki lider Azərbaycan və Türkiyə prezidentləridir. Şuşa bəyannaməsi də iki lider arasındakı münasibətin göstəricisidir".
D.Taşkın bildirib ki, bu gün Qərbdə və ABŞ-də lider diplomatiyası yeni bir anlayışdır:
"Hazırda ABŞ Prezidenti Donald Tramp da bu diplomatiya yolundan istifadə etməyə çalışır. Hazırda Türk dünyasının birləşməsini istəməyən qüvvələr var, ancaq bizim bu diplomatiyaya əl atmağımız onlara məqsədlərinə çatmağa imkan vermir”.