RU

Ötən il ölkədə beş milyon ağaç əkilib

Yazını böyüt
Yazını kiçilt

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Bu, sadəcə, bir təqvim günü deyil, insan və təbiət münasibətlərinin bərpası yolunda atılan mühüm addımdır. Ətraf mühitin mühafizəsi məsələsi, artıq təkcə ekoloqların deyil, bütün bəşəriyyətin ortaq probleminə çevrilib.

Xatırladaq ki,1972-ci ilin iyun ayında İsveçin Stokholm şəhərində keçirilmiş ilk BMT Ətraf Mühit Konfransı zamanı 5 iyun tarixi Ümumdünya Ətraf Mühit Günü kimi elan olunub. Bu təşəbbüsün məqsədi hökumətləri, müəssisələri, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin qorunması sahəsində aktiv rol oynamağa təşviq etməkdir. Bu gün cəmiyyətləri sadəcə maarifləndirmək yox, həm də hərəkətə keçirmək üçün bir çağırışdır.

Qlobal ekoloji təhdidlər

Müşahidələr göstərir ki, insan fəaliyyətinin təsiri nəticəsində Yer kürəsində təbii resurslar tükənməkdə, iqlim dəyişiklikləri dərinləşməkdədir. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir və planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı ötən əsrdə məhv olub. Ekosistem itkisi dünyanı meşələr və torf torpaqları kimi karbon yuvalarından məhrum edir. Qlobal istixana qazları emissiyaları son üç ildir ki, ardıcıl olaraq artıb və planet potensial fəlakətli iqlim dəyişikliyinin bir addımlığındadır. Atmosferin temperaturu insanlar və təbiət ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir; kiçilən yaşayış yerləri bir milyona yaxın növün itirilməsi ilə təhdid edir; biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş, əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizdən çoxunu əhatə edə bilər.

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü həm hər bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkədə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bu gün bizim hər birimizə planetimizin qayğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir.

Azərbaycanda ətraf mühitin mühafizəsi

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Eyni zamanda, ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.

Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.

Keçən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji siyasətinin beynəlxalq səviyyədə tanınmasına və güclənməsinə əhəmiyyətli bir töhfə verdi. COP29-a ev sahibliyi etmək Azərbaycanın qlobal ekoloji siyasətə verdiyi töhfəni daha da artırdı. Azərbaycan enerji sahəsində neft və qaz ixrac edən ölkə olaraq eyni zamanda bərpa olunan enerji sahəsinə də investisiya qoymağa başlamış və iqlim dəyişikliyi ilə mübarizənin önəmli bir aktoru olmaq yolunda irəliləmişdir. Bu tədbir Azərbaycanın enerji sektorunda təmiz texnologiyaların tətbiqi, yaşıl enerji mənbələrinin artırılması və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətindəki strateji addımlarını daha geniş bir platformada təqdim etməsi üçün əhəmiyyətli bir mərhələ hesab edilməlidir.

Genişmiqyaslı tədbirlər həyata keçirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, hazırda ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlifyönlü mühafizə tədbirləri həyata keçirilir: “Onlardan biri ağacəkmə ilə bağlıdır. Təkcə 2024-cü ildə ölkədə beş milyon ağaç əkilib. Daha sonra biz “Yaşıllıqların mühafizəsi və artırılması” üzrə həyata keçirilən dövlət proqramlarını buna misal göstərə bilərik. Sözsüz ki, bu istiqamətə cavabdeh olan regional idarələr müvafiq fəaliyyəti həyata keçirirlər. Əlavə olaraq qeyd edim ki, Qarabağda, Neftçalada və bir sıra aran bölgələrində çaylara balıqların buraxılması prosesi həyata keçirilir. Bütün bu proseslərin təhlükəsiz və nizamlı şəkildə tamamlanmasına, torpağın və suyun çirklənməsi faktlarına isə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti nəzarət edir. Ölkəmizdə əgər qanunsuz fəaliyyət nəticəsində ətraf mühitin çirklənməsi halı baş verərsə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən həmin şəxsə və ya şəxslərə cərimə tətbiq olunur. Mühafizə tədbirləri ilə yanaşı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qeyri- hökümət təşkilatları və digər qurumlarla birgə ümumi maarifləndirmə tədbirləri də həyata keçirilməkdədir. Bu gün bizim üçün bu istiqamətin ən önəmli hissəsi işğaldan azad olunmuş ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsini təmin etmək və tənzimləməkdir. Böyük qələbəmizdən sonra, yəni 2020-ci ildən bu günə qədər biz, ilk növbədə, ətraf mühitə dəymiş ziyanı qiymətləndirməyə daha sonra isə uyğun addımlarla irəliləməyə çalışırıq. Nazirliyin tərkibində fəaliyyət göstərən səyyar laboratoriyalar işğaldan azad olunmuş ərazilərə səfər edərək çaylarda suyun ölçülməsi, məhv edilmiş yaşıllıqların bərpası və yeni yaşayış üçün təhvil verilən ərazilərdə, Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Zəngilan və s. kimi bölgələrimizdə yaşıllıqların salınması üzrə bir sıra genişmiqyaslı işlər həyata keçirilir”.

Qanunvericilik qənaətbəxşdir

“Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov da deyib ki, Azərbaycanda ətraf mühitin qorunması üçün mövcud olan qanunvericilik bazası kifayət qədər qənaətbəxşdir və bu məsələ Konstitusiyada əksini tapıb: “Ölkəmizdə ətraf mühitin qorunması istiqamətində müxtəlif məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar qərarlar mövcuddur. Qəbul edilən sənədlərdə Azərbaycan ətraf mühitin mühafizəsi yönündə öz məramını aydın şəkildə ifadə edib. Məsələn, “Atmosfer havasının mühafizəsi haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Heyvanlar aləmi haqqında” və s. qanunlar buna nümunədir. Eyni zamanda, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı ölkəmiz beynəlxalq səviyyədə də çox aktiv iştirak edir, müxtəlif konvensiyalarda rol oynayır. Azərbaycan hələ 2002-ci ildən Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Konvensiyanın üzvüdür. Lakin qonşu ölkələrimiz Türkiyə, Gürcüstan, Ermənistan - heç biri bu Konvensiyaya qoşulmayıb. Azərbaycan Sənaye Qəzaları Transsərhəd Təsiri Haqqında Konvensiyanın, Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Haqqında Çərçivə Konvensiyasının və s. kimi çoxsaylı konvensiyaların üzvüdür. Bütün bunlar ölkənin beynəlxalq səviyyədə necə fəal olduğunu göstərir”.

Избранный
183
8
hafta.az

10Источники