RU

Rusiya indi də pomidorla təzyiq edir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan pomidorunun Rusiyaya ixracında yenidən problem yaranıb.

Belə ki, bir neçə gün öncə “Rosselxoznadzor” Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Bundan başqa, dahs bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb.

Yeri gəlmişkən, 2023-cü ildə Azərbaycandan Rusiyaya 137.4 min ton, 2024-cü ildə isə 117.2 min min ton pomidor ixrac olunub. Keçən il ümumən 438.8 ton pomidor idxal etmiş Rusiyaya ən böyük tədarükçülər Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan, Qazaxıstan və Özbəkistandır. Bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib. Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz, dəyəri isə 5 faiz artıb. Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.

Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib ki, “Rosselxoznadzor”un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları siyasi təzyiq vasitəsidir: “Azərbaycan pomidor ixracını sırf Rusiyanın üzərində qurub. Hər il, təqribən, 200 min tona yaxın pomidor ixrac edirik və bunun əsas hissəsi Rusiyaya gedir. Rusiya bəzi hallarda bu asılılıqdan siyasi alət kimi də istifadə edir. Adətən, may ayında ixrac daha çox olurdu. Son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan siyasi narazılıqlar bu məsələdə də özünü göstərir. Son 10 gündə rusların “You Tube” kanallarında açıq deyirlər ki, Azərbaycan və Rusiya arasında olan gərginliyi Rusiya elə-belə yola verməyəcək. Bu halda, əlbəttə, ilk növbədə, Azərbaycanın ixrac etdiyi məhsulların idxalına müxtəlif bəhanələr gətirib məhdudiyyət qoymağa başlayırlar. “Rosselxoznadzor”un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları, bir növ, siyasi təzyiq vasitəsidir”.

Ekspert qeyd edir ki, Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır: “Azərbaycan sahibkarlarının ixrac etdiyi meyvə-tərəvəz məhsullara digər ölkələrdə də ehtiyac var. Rusiya özü daha müasir texnologiyaları tətbiq edərək pomidor istehsal edir. Onların qurduğu istixanalarda fotosintez prosesi 24 saat ərzində gedir. Yəni daha keyfiyyətli pomidor istehsal edə bilirlər. Vaxt gələcək, Rusiya pomidora olan tələbatını daxili istehsal hesabına tam ödəyə biləcək.

Rusiyanın öz pomidoru Azərbaycandan göndərilən pomidordan daha keyfiyyətli və qiyməti daha yüksəkdir. Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, bir bazardan asılı olmaq, ixracı ora yönəltmək riskləri artırır: “Təkcə aqrar sahənin deyil, ixraca yönəlik bütün sahələrin inkişaf etdirilməsi ölkəyə xeyirdir. Bu ölkənin sərvətini, ölkənin ümumi daxili məhsulunu artırır. Azərbaycanda məhsul istehsal ediləndə yerli vətəndaşlar işləyir və qazanır. İstər pomidor olsun, istərsə də digər sahələr məhsullar olsun, istənilən ixrac ölkənin sərvətini artırır. Düzdür, ixrac daxili bazarda qiymətləri artırır. Amma istənilən halda ixrac fermerin gəlirini də artırır. Fermerin, sahibkarın gəlirinin artması isə həmin sahəyə marağı artırır. Artıq digər insanlar da həmin sahəyə investisiya qoymağa çalışırlar. Pomidor deyəndə də Rusiya yada düşür. Bu sahədə Rusiyadan ixrac asılılığının olması çox pisdir. Bir bazardan çox asılı olmaq, ixracı ora yönəltmək riskləri artırır. Sabah həmin bazardakı dəyişikliklər bütün pomidor istixanalarına problem yarada bilər. İxraca mane olan faktorlar mütləq şəkildə aradan qaldırılmalıdır. Azərbaycanın əsas uğursuzluqlarının səbəbi odur ki, qeyri-neft sektorunun payını kifayət qədər artıra bilmir. Azərbaycan qeyri-neft ixracı 3.6 milyard dollardır. Adambaşına düşən qeyri-neft ixracı isə qonşu ölkələrdən dəfələrlə aşağıdır. Bu sahədə uğursuzluq yaşayırıq. Bizim əsas məqsədimiz ixraca yönəlik sahələrin inkişaf etdirilməsidir. Hökumət bu sahələrə xüsusi diqqət yetirməlidir. Onların inkişafına mane olan faktorları aradan qaldırmalıdır ki, ixrac artsın. Çünki ölkənin birbaşa inkişafı ixracdan asılıdır”.

Избранный
101
8
hafta.az

10Источники