RU

Müşfiq güllələnməyib, bəs necə ölüb?

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiqin doğum günü həm də "Şairlər günü" kimi qeyd edilir. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir. Ölümündən 117 il keçsə də, Müşfiqin şeirləri hələ də yenidir, təravətlidir və aktualdır.

Publika.az xəbər verir ki, Teleqraf bu münasibətlə Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadədən müsahibə alıb.

- Leyla xanım, Dilbər xanımın qızı olduğunuzu bilirik, amma bir az özünüz haqda məlumat verin.

- Gəncədə anadan olmuşam. Bir yaşım olanda atam rəhmətə gedib. İki qardaşım vardı. Qardaşlarımdan biri anamdan əvvəl rəhmətə gedib. O biri qardaşım anamdan sonra dünyasını dəyişdi.

- Bəs Bakıya nə vaxt gəlmisiniz?

- Bəraət alandan sonra. Müşfiqin bacısı Balacaxanımla dayısı anama dedilər ki, gəl Bakıya. Yığışıb gəldik. Əvvəl Müşfiqin dayısıgildə qalırdıq. Sonra Balacaxanım Dağlı məhəlləsində ev tutdu, ora köçdük. Dağlı məhəlləsində çox az qaldıq. Çünki Dilbər xanıma ev verdilər və öz evimizə köçdük. Məktəbə də orada, evimizin yaxınlığında getmişəm.

- İlk iş yeriniz kitabxana olub...

- Bəli. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında işləmişəm. Baş biblioqraf idim. Məncə, yaxşı kitabxanaçı insanlar üçün çox faydalıdır. İşimi sevirdim, elmi işçilərə, tələbələrə kömək edirdik. O vaxt internet yox idi axı. İnternet kitabxana, kitabxanaçılar idi. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçdim. Belə...

Müşfiqin adı xatırladığım ilk sözlərdəndir

- Leyla xanım, Mikayıl Müşfiqin adını ilk dəfə nə vaxt, neçə yaşınızda eşitmişiniz?

- İlk dəfə neçə yaşımda eşitdiyimi dəqiq xatırlamıram, amma Müşfiqin adı xatırladığım ilk sözlərdəndir... Çünki Bakıya köçəndən sonra bacısı ilə tanış olmuşduq, tez-tez gəlirdi bizə. Ailəmizin ən istəkli adamı Balacaxanım idi.

- Ona “bibi” deyə müraciət edirdiniz?

- Hə. “Balacaxanım bibi” deyirdik. Bizi çox istəyirdi. Bizə sevgi vermişdi. Uşaq sevgini hiss edir və o sevgini heç vaxt unutmur. Mənə paltarlar tikirdi. Hamımıza oyuncaqlar alırdı, bizi gəzməyə aparırdı. Yaxşı yadımdadır, bir dəfə qardaşıma oyuncaq alıb, mənə almamışdı, mən də küsdüm. Balacaxanım durdu-getdi, mənə də nəsə alıb qayıtdı. Anama həmişə nəsə alardı. İstəyirdi ki, Dilbər xanım yaxşı görünsün. Anamla münasibətləri çox yaxşı idi. Hətta indi bizdə evdə onun əliylə tikdiyi bir paltar var, saxlayıram. Balacaxanımın əli dəyib ona... Mənim üçün ən əziz, ən dəyərli xatirədir bu.

- Bir az da Balacaxanım haqqında danışardınız. Müsahibələrinizin birində demişdiniz ki, öləndə can verə bilmirdi, Müşfiqin şəklini axtarıblar...

- Əvvəllər çox yaxşı idi. Həmişə yaxşı, səliqəli görünürdü. Kostyumlarda olurdu. Amma bir dəfə eyvandan baxanda gördüm ucaboy bir qadın gəlir və kostyumda deyildi, əynində uzun qəribə paltar vardı. Balacaxanım idi. Tanımamışdım. Çünki əvvəllər heç vaxt onu bu cür görməmişdim. Gəldi evə. İkimiz otaqda idik. Anam mətbəxdə idi. Bir də gördüm üzünü yuxarı tutub öz-özünə danışır. Sanki kimləsə söhbət edirdi. Uşaq idim, qorxdum. Sonra anama danışdım və anam vəziyyəti başa düşdü. O hadisədən sonra bizə gəlmirdi.

- Neçənci illər idi?

- Balacaxanım 1970-ci ildə rəhmətə gedib. Bu hadisə təxminən, 68-69-cu illərdə olub. O, 1968-ci ildə Müşfiqin 60 illik yubileyində də buna görə iştirak edə bilməmişdi elə. Vəziyyəti yaxşı deyildi. Psixi problemləri yaranmışdı.

Anamı görəndən sonra canını tapşırdı

- Onun ölümü yadınıza gəlir?

- Uşaq idim, amma dumanlı şəkildə də olsa xatırlayıram. O otağa girdiyimizi, onu yataqda gördüyümü... Gecə ilə gəlib anamı çağırdılar. Dedilər, Balacaxanım ölür. Can verə bilmirmiş. Zeynəb Xanlarovanın "plastinka"sını qoyublarmış.

- Onu niyə?

- Üstündə Müşfiqin şəkli var idi. Ona görə... Deməli, canını tapşıra bilmirmiş. Deyiblər, Dilbəri çağırın. Anam da xəstə idi. Qızdırmalı halda yatırdı. Amma yerindən qalxdı, məni də özüylə apardı. Gecəyarı getdik ora. Bir az qaranlıq yadıma gəlir, amma xatırlayıram. Otağa girdik, Balacaxanım yataqda idi. Anam onu o halda görəndə ağlamağa başladı. Mənsə donub qalmışdım. Anamı görəndən sonra canını tapşırdı. Anamın da halı pisləşmişdi, keçirdilər başqa otağa...

- Ananız Müşfiqlə dörd il evli qalıb, maraqlıdır, xatirələrində ən çox nələrdən danışırdı, Müşfiq haqqında nə deyirdi?

- Anamla Müşfiq 3 il nişanlı qalıb, 4 il də evli olublar. Müşfiqdən danışmaq, Müşfiq haqqında danışmaq sanki anama güc verirdi. Çox xəstəlikləri vardı, vəziyyəti yaxşı deyildi. Amma Dilbər xanım Müşfiqdən danışanda bütün ağrılarını unudurdu. Ən çox gənclərlə danışmağı sevirdi. Gənclərdən kimsə görüşə gələndə anam çox sevinirdi. Elə bilirdi Müşfiq oturub qarşısında. Hər səhər yuxudan oyananda görürdüm ki, anam yatağımın baş ucunda oturub yuxudan oyanmağımı gözləyir. “Müşfiqə təzə bir şeir yazmışam, gözləyirəm oyanasan, oxuyum”, deyirdi.

- Dilbər xanım Müşfiqin sağlığında da şeir yazırdı?

- Yox. Yazmayıb. Amma şeiri, ədəbiyyatı yaxşı bilirdi. “Yenə o bağ olaydı” şeirində bəzi sözlərin izahını verib anam. Düzdür, hələ çap etdirməmişəm o əlyazmaları. Anam oradakı bəzi türk sözlərinin, ifadələrinin izahını verir, şərh edir, mənasını açır. Dilbər xanım bu şeiri xüsusilə sevirdi. Axı onlar bağda çox olublar Müşfiqlə...

- Amma bəzi yazılarda həmin şeirin Dilbər xanıma yox, Ənvər Məmmədxanlının bacısına yazıldığını deyirlər. Səbəb də Dilbərin ağbəniz olması, “əsmər bənizli” olmaması göstərilir...

- Bilirəm, görürəm o yazıları. Dilbər xanım ağbəniz deyildi. Qarasaç, uzun hörüklü bir qız olub. Cavanlıq vaxtlarında şəkillərdə əsmərdir Dilbər xanım. Qızlar məktəbində oxuduğu dövrlərin fotolarında da əsmərdir. Sonralar rəngi bir az dəyişdi sanki. Yəqin, xəstəlikləri ilə əlaqəliydi.

- Müşfiqlə tanışlıqlarından da danışmağınızı istərdik...

- Bilirsiniz ki, Dilbər xanımın əmisi İdris Axundzadə idi. Anasıyla atası ayrılıb, Dilbər xanımı atası öz yanında saxlayıb. Atası ziyalı ailədən idi. Analığı çox qəddar qadın olub. Atası rəhmətə gedəndə əmisi, yəni İdris Axundzadə yasda Dilbəri görür, başa düşür ki, bu evdə uşağın günü xoş keçmir. İdris əfəndi psixoloq kimi bir insan idi, o dəqiqə anlayıb vəziyyəti. Qayıdanda anamı özüylə Bakıya gətirib.

- Dilbər xanımın həmin vaxt neçə yaşı olub?

- Beş yaşı. Balaca qızcığaz beləcə gəlir Bakıya. Düşür ziyalı mühitinə. Əhməd Cavad, Hüseyn Cavid, Abdulla Şaiq – İdris əfəndinin sayəsində hamısıyla tanış olub. Məktəbi bitirib texnikuma girib, sonra da “Medinstiuta”a daxil olub.

Anamı “xalq düşməninin arvadı” damğasıyla həbs ediblər

- Amma tibb təhsili yarımçıq qalır...

- Bəli. Çünki həbs edirlər anamı. İkinci kursda oxuyurmuş. Müşfiqlə evli idilər o vaxt. Anamı “xalq düşməninin arvadı” damğasıyla həbs ediblər.

- Müşfiqlə tanışlıqlarından danışırdıq...

- Hə. Deməli, İdris Axundzadənin həyat yoldaşı Fəramuş xanım Müşfiqlə tələbə yoldaşı olub. Universitetin məzun gecəsi keçirilirmiş. Fəramuş xanım anamı da özüylə aparmaq istəyir. Dilbər xanım da təbii ki, çox sevinir. Beləcə, qoşulur ona, gedirlər. APİ-nin məzun gecəsində foyedə dayanıblar, kənarda bir dəstə cavan oğlan varmış. Qızları görəndə Müşfiq gənclərdən ayrılır, gəlir Fəramuş xanımla salamlaşır. Fəramuş xanım da Dilbərlə Müşfiqi tanış edir. Sonra məzun gecəsi başlayır. Təsadüfən, necə olursa, Müşfiq zalda düz anamın arxasındakı oturacaqda əyləşir.

- Bəlkə də təsadüf deyilmiş...

- (gülür) Bəlkə də. Nə bilim. Bunu ancaq Müşfiq bilirdi, yəqin (bu yerdə qəhər onu boğur, elə məni də. Leyla xanımın gözləri yaşarır, hətta eynəyi də bunu gizlədə bilmir). Yenə, təsadüfənmi, deyilmi, bilmirəm, Dilbər xanım uzun hörüklərini arxaya atır. Müşfiq həmin an o məşhur şeirini yazır:

“Hayır, o hörüklər deyildir yılan,

O əski şairlər söyləmiş yalan”.

Beləcə, tanış olurlar. Dilbər xanımın texnikumda rəfiqəsi vardı, Pirayə xanım. Pirayə xanım Müşfiqlə eyni məhəllədə yaşayıb. Müşfiq Dilbər xanımı görüşə çağırır. Dilbər xanım getmir. Müşfiq Pirayədən Dilbərə məktublar göndərir. Amma Dilbər Müşfiqin bütün məktublarını cavabsız qoyur.

Избранный
246
26
publika.az

10Источники